
Bir illik fasilədən sonra “Qəbələ”nin Premyer Liqaya qayıdışı rəsmiləşdi.
I Liqada rəqiblərini aşkar üstələyən bölgə təmsilçisinin dönüşü gözlənilən olsa da, mövsümboyu kifayət qədər əziyyət çəkildi.
Komandanın aparıcı simalarından olan Murad Musayev Sportinfo.az-a müsahibəsində həm I Liqa, həm də Premyer Liqa ilə bağlı sualları cavablandırıb.
- Kənardan elə görünür ki, elitaya birnəfəsə qayıtdız. Həqiqətənmi təcrübə hər şeyi üstələyir?
- Xal fərqinə görə kənardan asan görünə bilər. Ancaq həqiqətən çətin oldu. I Liqanın özünəməxsus çətinlikləri var. Mövcud durumla ayaqlaşmağın özü bizim üçün ən böyük çətinlik idi. Təbii ki, şəraitimiz, heyətimiz, məşqçi və futbolçu heyəti digər klublardan fərqlənirdi. Lakin bir çox məsələlərdə çətinlik yaşayırdıq.
- Vaxtilə tanınmış futbolçular “aşağı liqa bataqlıqdır” deyib, orada oynamaqdan imtina edirdi. Həqiqətənmi belədir?
- Özüm də vaxtilə Birinci Divizionda (keçmiş adı belə idi - H) oynamışam. Bu sualı 4-5 il əvvəl versəydiz, hardasa razılaşardım. Lakin indi belə deyil. Həqiqətən dövr çox dəyişib. O vaxt Premyer Liqaya vəsiqə qazanmaq söhbəti yox idi deyə, çətinlik yaranırdı. Bu il üç komandaya Premyer Liqa şansı yaradıldı. Növbəti mövsümdə bir komanda yüksələcək. Belə olduğu halda bataqlıq deyə bilmərik. Əksinə, futbolçuların özlərini göstərməsi üçün I Liqa yaxşı şansdır.
-I Liqanın mənfi tərəflərini hər kəs bilir. Maraqlıdır, müsbət cəhətləri nə(lər)dir?
- Premyer Liqada az şans qazananların özünü göstərməsi üçün əsl fürsətdir. Deyək ki, elitada il ərzində 3-5 oyunda meydana çıxırsan və durumunla razı deyilsən. Belədə I Liqanın iddialı komandasına keçib, həm daha çox şans qazana, həm də özünü göstərə bilərsən. Premyer Liqada aylıq 5-6 min manata oynayıb ehtiyatda oturarsan və bir ildən sonra heç kimə lazım olmarsan. Ancaq I Liqada həmin məbləğin yarısına razılaşıb uzun illər göz qabağında olarsan.
- Premyer Liqaya dönüşünüz nəyin sayəsində baş verdi?
- Klub rəhbərliyinin işə yanaşmasına görə. Mövsüm başlayanda bütün cəhətlərdə işlər peşəkar səviyyədə quruldu. Tələskənlik, yaxud I Liqaya düşmüşük deyə həvəssizlik olmadı. Əksinə, rəhbərlik şərt qoydu ki, mütləq çempion qismində Premyer Liqaya qayıtmaq lazımdır. Rəhbərlik işə peşəkar yanaşdığına görə “Qəbələ”yə gələn hər kəs bundan motivasiya aldı. Qısaca belə deyim, I Liqaya ciddi yanaşıldı.
- Aşağı dəstədən Premyer Liqaya baxanda dərindən “ah” çəkdiyin anlar olurdu?
- Premyer Liqa başqa səviyyədir, fərqli futbol anlayışıdır. Orada güclü rəqiblərə, güclü futbolçulara qarşı oynayırsan və daha yaxşısını etməyə çalışırsan. Sözsüz ki, bəzən “kaş I Liqaya düşməzdik, kaş bu gün Premyer Liqada olardıq” kimi təəssüf hisləri olurdu. Bütün bunlar geridə qaldı. İndidən sonra müsbət fikirlər olmalıdır.
- Elitadakı rəqabət göz qabağındadır. Gələn mövsümdə intriqanın bir az da artacağı sirr deyil. “Qəbələ” iddialılar arasında yer ala biləcək?
- Bu suala mənim cavab verməyim düzgün olmaz. Çünki maliyyə, şərait, hədəf – bütün bunlar rəhbərliyin verəcəyi qərardan asılıdır. Əlbəttə, heyət güclənməlidir. Bu heyətlə Premyer Liqa ilə ayaqlaşmaq çətin olar. Komandanı nisbətən gücləndirib, sağlam heyət formalaşdırmaqla qarşıdakı 1-2 ildə əvvəlki “Qəbələ”ni xatırlatmaq mümkündür.
- Özün əslən Zaqataladansan və illərdir “Qəbələ”nin şərəfini qoruyursan. Öz komandanla yanaşı, “Karvan”la “İmişli” kimi bölgə təmsilçilərinin elitaya vəsiqə qazanmasına sevindin yəqin.
- Hamı istəyir ki, Premyer Liqada komanda sayı artsın, bölgə təmsilçiləri çox olsun. Ancaq mənim istəyim budur ki, elitaya vəsiqə qazanan klubların şəraiti göz oxşasın. Əlbəttə, “İmişli” ilə “Karvan”ın vəsiqə qazanmasına sevinirəm və hər iki klubu təbrik edirəm. Söhbət Premyer Liqadan gedirsə, şərait yaxşı olmalıdır, futbolçular keyfiyyətli meydanda oynamalıdır, şəraitli oteldə məskunlaşmalıdır, azarkeşlər baxımlı futbol izləməlidir. Məsələn, nə qədər güclü komanda olsan da, İmişlidə, yaxud Yevlaxda möhtəşəm futbol göstərə bilmərsən. Çünki meydanların vəziyyəti xoş deyil. Məncə, problemləri aradan qaldırıb tam şərait qurandan sonra Premyer Liqaya gəlmək daha yaxşıdır.
HƏBİB ASLANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.