 
            "Fənərbağça"nın hücumçusu Cenk Tosunun karyerasını Azərbaycanda davam etdirə biləcəyi haqda xəbərlər yayılıb.
İstanbul klubunda baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas heyətdən kənarlaşdırılan 34 yaşlı forvardın özünə yeni komanda axtardığı bildirilir.
Deyilənlərə görə, Türkiyə millisinin sabiq üzvü “Neftçi”yə keçmək istəyir.
İddia olunur ki, o, vaxtilə “Beşiktaş”da çiyin-çiyinə çıxış etdiyi Vensan Abubakarın Bakı klubuna keçidindən sonra Premyer Liqada oynamağa müsbət yanaşır.
Kamerunlu qolçu ilə yaxşı münasibətləri olan Tosun onunla yenidən komanda yoldaşı olmaq istəyini dilə gətirib.
Saytımız bu xəbərlə bağlı “Neftçi“nin mövqeyini öyrənib. Klubdan redaksiyamıza bildirilib ki, adıçəkilən forvardın Azərbaycana gəlişi gündəmdə yoxdur.
Rəsmilərdən heç kim Tosunla əlaqə saxlamayıb. Onun özü də ağ-qara formanı geyinmək istəməsi barədə Bakıya mesaj ötürməyib.
Ümumiyyətlə, paytaxt təmsilçisi Vensan Abubakardan sonra ön xəttə kimisə cəlb etməyi planlaşdırmır.
Almaniya futbolunun yetirməsi bu ölkənin “Ayntraxt”, Türkiyənin “Qaziantepspor”, İngiltərənin “Everton” və “Kristal Pelas” klublarının da formasını geyinib.
Türkiyənin əsas millisində 53 oyun keçirən hücumçu 21 qol vurub.
SPORTİNFO.AZ

 
                 
                 
                 
                
 
                    
 
                             
                            .png) 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            