 
            "Sumqayıt"ın müdafiəçisi Pedro Pinto Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində "Zaqatala"nı məğlub etdikləri (3:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Uzaq Zaqatala səfəri parlaq qələbə ilə başa çatdı. Komandanın çıxışını necə dəyərləndirərdin?
- Hər şey yaxşı alındı, yaxşı oyun göstərdik və rəqibə heç bir şans vermədik. Uzaq səfər, çətin meydana rəğmən topa sahib olaraq ağıllı oynadıq və oyunun gedişatını nəzarətdə saxladıq.
- Birinci Liqa və Premyer Liqa komandaları arasında səviyyə fərqi necədir?
- İlk təəssürat olaraq deyə bilərəm ki, bəli, müəyyən fərq var. Amma konkret bu oyun barədə danışa bilərəm, çünki Azərbaycan Birinci Liqasının ümumi səviyyəsi haqqında çox məlumatım yoxdur.
- Sizin üçün daha çətin olan nə idi — uzaq səfər, yoxsa meydançanın vəziyyəti?
- Hər ikisi. Həm də hündürlük fərqi müəyyən təsir göstərirdi. Amma topa sahib olarkən göstərdiyimiz özünəinam sayəsində oyunu bütün çətinliklərə baxmayaraq asanlaşdırdıq.
- Növbəti mərhələdə yenə aşağı divizion təmsilçisi ilə qarşılaşacaqsınız. Bunu kubok uğrunda mübarizədə yaxşı fürsət saymaq olarmı?
- Məqsədimiz hər oyuna ayrı-ayrılıqda yanaşmaqdır. Bəli, növbəti rəqib aşağı divizion komandasıdır, amma onlar üçün belə oyunlar final kimidir. Özüm də bunu əvvəllər yaşamışam, motivasiya hər zaman çox olur. Ona görə biz də oyuna onlar kimi yanaşmalıyıq ki, əlavə çətinlik yaşamayaq.
XANOĞLAN İMANOV

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                            .jpg) 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            