«Qarabağ» noyabrın 5-də Çempionlar Liqasında növbəti və bəlkə də ən çətin «imtahan»ını verəcək.
Rəqib adlı-sanlı, muzeyi titullarla dolu «Çelsi»dir.
Bakıya ilk dəfə 2017-ci ilin payızında səfər etmiş «Çelsi» ilə indiki «Çelsi» arasında fərq böyükdür.
Bunu hamımızdan yaxşı Qurban Qurbanov bilir, əlbəttə ki. O, günlərdir onları analiz edir.
Ehtimal ki, heç gecələr də yatmır. Stadiona toplaşacaq onminlərlə azarkeşin timsalında Azərbaycan xalqını sevindirməyin yollarını axtarır.
Psixoloji yorğunluq daha ağırdır, nəinki fiziki. Bu hal istər-istəməz Qurban Qurbanovun emosional durumuna çox təsir göstərməkdədir.
Biz bunu son vaxtlar xüsusilə müşahidə etməkdəyik. O, heç vaxt olmadığı qədər aqressivdir.
Əvvəl paltardəyişmə otağında belə idi, indi bu davranış tərzini texniki zonada da sərgiləyir.
Adam özünə və komandasına münasibətdə o qədər tələbkardır ki…
«Qarabağ»dan gözləntilər artdıqca, Qurbanov məsuliyyətini bir qədər də çox hiss edir və bunu futbolçularında da görmək istəyir.
Biz artıq Qurban bəyin yeni tövrünə təəccüblə yanaşmamalıyıq, alışmalıyıq. Gün ondan nə tələb eləyirsə, o da həmin reaksiyanı göstərir.
Çün «Qarabağ» nə 8 il qabaqkı - ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan «Qarabağ»dır, nə də Qurbanovun yaşı o yaşdır.
Gündəlik iş prosesinin sstresi hər bir halda baş məşqçini öz için tərəf çəkir və əsəblərini gərildir. Özü demiş, klubdakı fəaliyyətinə ailəsindən daha çox vaxt ayırır.
Bu illər ərzində saç-başını ağartmış, gözlərinin altı qaralmış, simasından bəzən yuxusuzluq yağan Qurbanovu biz anlayışla yanaşmalıyıq, «dəyişib» və ya «kobudlaşıb» ifadəsini ünvanına aid etməməliyik.
İndiki futbolçu nəsli bir başqadır. Yeddi-səkkiz il qabaqkı nəsillə bunları müqayisə etmək olmaz.
Zaman sürətlə dəyişir və ötən günlərin metodikası ilə uğurun davamiyyətinin təminatı qeyri-mümkündür. Yoxsa elə o illərdə ilişib qalacaqsan, irəli getməyəcəksən, geri gedəcəksən.
Bu gün «Qarabağ»da kifayət qədər ödənişli futbolçular forma geyinir. Qurban Qurbanov onlar arasında fərq qoymur, amma…
Kimə nə dediyini də çox gözəl bilir. Hamıyla eyni dildə danışmır, hər kəslə öz dilində danışır. Misalçsün, dünən Kadi Borgesə möhkəm təpindi.
Braziliyalı yarımmüdafiəçi əvəzlənərkən meydanı hakimin göstərdiyi yerdən tərk etmədi, qarşısında sarı vərəqə gördü. Kadiyə necə əsəbiləşməyəsən, son həftələrdə olduqca bərbad təsir bağışlayır.
«Atletik» səfərində gözləntiləri doğrultmadı, «Şamaxı» ilə qarşılaşmada ondan istəniləni etmədi, «İmişli» önündə isə meydanda ən pislərdən biri idi.
Meydanda yuxulayan Kadiyə təcili «iynə» batırılmalıdır ki, gələn həftə «Çelsi»yə özünü göstərə bilsin, komandaya fayda versin, daha yatmasın.
Bunlar belədir: «ip»lərini bir balaca boş buraxanda, «özlərindən gedirlər».
MUSA

