“Neftçi”yə gəldi, məni gözümçıxdıya salmağa başladı - O, hər şeyi “Sportinfo”ya açıqladı

12 Oktyabr 2021 21:00 Müsahibə 2 403
“Neftçi”yə gəldi, məni gözümçıxdıya salmağa başladı - O, hər şeyi “Sportinfo”ya açıqladı

Azərbaycan futbolunun stajlı azarkeşləri 90-cı illərin sonlarında “Neftçi”dəki ukraynalı “üçlüy”ü mütləq ki, xatırlayır.

Kazbek Tuayevin dönəmində komandaya cəlb olunan Leonid Kalfa, Vladimir Poşexontsev və Aleksey Stukasın adı o vaxtlar “Neftçi” azarkeşlərinin dilində əzbər olmuşdu.

Sonradan komandaya Əhməd Ələsgərovun baş məşqçi təyin olunması və ölkə futbolundakı inqilab ukraynalıların Azərbaycanı tərk etməsi ilə nəticələndi.

Stukas sonradan dünyasını dəyişdi, Poşexontsev Odessada futbol məktəbində çalışır, Kalfa isə...

“Ağ-qaralar”ın “vuran ayağı”nın izinə düşüb, onu tapmaq çətin olmadı. Yeganə çətinlik onu müsahibəyə razı salmaq idi.

Dediyinə görə, Azərbaycanda oynadığı dönəmdə və ondan sonra heç vaxt Azərbaycan mətbuatına danışmayıb.

43 yaşlı sabiq futbolçu ilə bir neçə dəqiqəlik çək-çevirdən sonra onu Sportinfo.az-a müsahibə verməyə razı sala bildim.

- Salam. Necəsən? (azərbaycan dilində soruşuram)
- Salam. Yakşi, yakşi. Azərbaycan dilində bəzi pis sözlər öyrənmişdim, az-maz onlar yadımda qalıb (gülür).

- Necəsən? Nə işlə məşğulsan?
- Hələ ki, yaşayıram. Görək, sonrası necə olacaq. Sizdə orda vəziyyət necədir?

- Biz də yazıb-pozuruq. Azərbaycanın gözəl futboluna xidmət edirik.
- Mənə bax, bizdən sonra o qədər pullar peyda oldu, amma futbolunuz olduğu yerdə qalıb. Eşitmişdim, Azərbaycanda yaxşı pullar verirdilər, hamı ora qaçırdı.

- Sən oynayan vaxtlarda pulla bağlı vəziyyət necə idi?
- Belə də, pis deyildi. Düzdür, bizə yerlilərlə müqayisədə 2-3 dəfə artıq maaş verirdilər. O dövr üçün yaxşıydı, dolanmaq olurdu. Amma bizdən sonrakı maaşları eşidəndə, deyirdim, bu gedişlə 5-10 ilə Azərbaycan çempionatı İngiltərə Premyer Liqasını geridə qoyacaq. Bizim dövrdə o boyda ölkədə düz-əməlli bir stadion vardı – Respublika stadionu – ordakı kələ-kötürlər adamı yorurdu. Eşitdiyimə görə, indi bazalar tikilib, qazonlar xalça kimidir.

- Elədir. “Neftçi”dəki maaşını xatırlayırsan?
- Təbii ki.

- Sirr deyilsə, nə qədər idi?
- Məncə, bu mövzuya toxunmayaq. Kimə lazımdır Kalfanın maaşı?!

- Narahat olma, 20 ildən çox vaxt keçib, nəsə deməyin problem yaratmaz.
- Hə də, Aqil Paşayev də rəhmətə gedib artıq. Onu nə əcəb demədin? Yeri gəlmişkən, Aqil müəllimin ölümünü eşidəndə çox pis oldum. Allah ona rəhmət eləsin! Əla kişi idi. Mənə ikinci ata olub. Yadındadır, o vaxt mənə Paşayevin oğlu deyirdilər. Xətrimi çox istəyirdi.

- Yaxşı kişi olduğunu “köhnələr”in hamısı deyir...
- Yaxşı yox e, əla kişi idi. Məni komandaya Kazbek Tuayev götürmüşdü axı. Sonra Əhməd Ələsgərov gəldi, məni gözümçıxdıya salmağa başladı. O vaxt üç legionerin oynamasına icazə verilirdi. Əhməd Lətifoviç də özününkiləri yığmaq istəyirdi komandaya.

- Bu barədə bir azdan danışarıq. Maaşla bağlı sualım cavabsız qaldı.
- Aylıq 600 dollar alırdım.

- O vaxt üçün ciddi rəqəm deyildi axı.
- Ciddi rəqəm deyəndə ki, müqavilə bağlayanda “podyomnıy” da almışdım axı.

- Nə qədər?
- Bunların hamısını yazacaqsan?

- Toni Adams boyda əfsanə müsahibələrinin birində hansı ildə nə qədər maaş aldığını bildirmişdi. Burda çəkinməli nə var axı? Belə baxanda, 20-22 il əvvəldən danışırıq.
- 10 min dollar “podyomnıy” vermişdilər. Bu pula o vaxt ürəyin istəyən ev almaq olardı.

- O vaxt çempionatımızda legionerlərin sayı az idi. Həm də keyfiyyətli əcnəbi tapmaq çətin idi. “Neftçi”yə gəlişin necə baş tutmuşdu?
- Azərbaycana getməmişdən əvvəl Stukasla mən Moskva ÇSKA-sı ilə məşq edirdik. Bir nəfər Odessada klub yaratmışdı, məqsədi istedadlı gəncləri bir araya yığıb, sonra onların satışından gəlir əldə etmək idi. Rusiya futbolu ilə yaxşı əlaqələri vardı. Onun sayəsində ÇSKA-nın düşərgəsinə yollanmışdıq. Günlərin birində Bakıdan ÇSKA ilə əlaqə saxlayıb, bir neçə futbolçuya ehtiyac duyduqlarını demişdilər. Açığı, ruslar Azərbaycana getmək istəmirdi. Amma biz getdik. Tuayev ikitərəfli oyunda nəyə qadir olduğumuza baxırdı. Həmin matçı Aqil Paşayev də izləyirdi. Elə həmin oyundan sonra Paşayev “Neftçi”də qalmalı olduğumu demişdi.

- Azərbaycan futbolunun, “Neftçi”nin o günlərini necə xatırlayırsan?
- Əla futbolçulardan təşkil olunmuş möhtəşəm komandamız var idi. Ələsgərov gələnə kimi hər şey gözəl idi. Ölkə kubokunu qazanmışdıq, “Srvena Zvezda” ilə oyunlara hazırlaşırdıq. Hazırlıq dönəmində zədələndim və buna görə Belqrada gedə bilmədim. Müalicə üçün Ukraynaya yollandım. Zədələnməyim Əhməd Lətifoviçi sevindirmişdi. Çünki komandaya gəldiyini gündən məni qovmaq istəyirdi.

- Səni gözü götürməməyinin səbəbi nə idi? Hərçənd, ikiniz də Odessadan idiz.
- Nə olsun? O adam liderləri sevmirdi. Xoşlamırdı komandada lider olsun. Mən isə daim qollar vururdum, rəhbərlik və azarkeşlər tərəfindən sevilirdim. Ələsgərov komandada ancaq özünün lider olmasını istəyirdi. İnanırsan, o vaxt neçə dəfə Aqil müəllimə yaxınlaşıb mənə transfer vərəqəmi verməyi xahiş etmişdim. Ələsgərovla işləmək istəmirdim. Komandaya yeni gələndə Paşayevə yaxınlaşıb demişdi ki, Kalfanı görmək istəmirəm. Aqil müəllim də sağ olsun, “Neftçi”yə lazımlı olduğumu bildirmişdi. Bir dəfə əlini çiynimə qoyub “mən səni göndərməyənə kimi sənə heç kim ”get” deyə bilməz” sözlərini dilinə gətirəndə, ağlamaqdan özümü güclə saxlamışdım. Nə yaşım vardı? Cavan oğlan idim, 21-22 yaşında. Paşayev arxamda durmasaydı, Ələsgərovla Stukasla Poşexontsev kimi, məni də ehtiyatda oturmağa məcbur edəcəkdi. Amma mən oynayırdım, çünki qollar vururdum.

- Peşəkar karyeranda bir mövsümdə ən çox qolu “Neftçi”də vurmusan – 15 top. Bunun xüsusi səbəbi nə idi?

(davamı olacaq)
HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti