
“Neftçi”nin iki aya yaxındır danışıqlar apardığı İdrissa Dumbiya Azərbaycana gəlib.
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi klubun şəraiti ilə yaxından tanışlıq, həmçinin yerində danışıqlar aparmaq üçün ölkəmizə təşrif buyurub.
Böyük ehtimalla, tərəflər arasında müqavilə imzalanacaq. Əgər afrikalı legioner bura bilet alıbsa, deməli, anlaşmaq niyyəti var.
Sadəcə, müqavilənin müddəti və maliyyə şərtləri ilə əlaqəli bəzi incə detalların tez-tələsik razılaşdırılması lazımdır.
Paytaxt təmsilçisinin planı onunla 2026-cı ilin yayınadək kontrakt bağlamaqdır. Bu zaman kəsiyində normal təsir bağışlasa, iyunda sözləşməsi daha birillik uzadılacaq.
Yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır.
İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.
SPORTİNFO.AZ