“Qarabağ” bu həftə “Turan”a uduzacaq?

21:20 Qarabağ 382
“Qarabağ” bu həftə “Turan”a uduzacaq?

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra Premyer Liqada biri-birindən maraqlı oyunlara tamaşa edəcəyik.

Həftənin mərkəzi qarşılaşması şübhəsiz, “Qarabağ”la “Turan Tovuz” arasında baş tutacaq.

Söhbət turnir cədvəlinin hazırkı lideri ilə son ölkə çempionu və Çempionlar Liqasının Liqa mərhələsində yer alan komandadan gedirsə, qarşıdakı 90 dəqiqəni təsəvvür etmək çətin deyil.

Qərb təmsilçisi 7 matçda qazandığı 5 qələbə ilə ilk pillədə yer alıb. 1 oyun az keçirən “köhlən atlar” isə 4 qələbə və 1 heç-heçə ilə liderdən 2 xal geridə qalır.

Bu oyun tovuzlular üçün son dərəcə önəmlidir. Mümkün qələbə Kurban Berdıyevin rəhbərlik etdiyi kollektivi bir xeyli irəli aparacaq, “Qarabağ”la xal fərqi artacaq. Yenilgi təqdirində isə birinci pillə əldən çıxacaq, ardlıcıl 2 oyunluq qələbə seriyası sonlanacaq. Bir sözlə, yekun nəticə turnir cədvəlində yerdəyişmələrə səbəb ola bilər.

Diqqətli azarkeşlər bu komandalar arasında ötən mövsüm keçirilən oyunları mütləq xatırlayır.

“Qarabağ” “Turan Tovuz”u öz meydanında qəbul etdiyi hər iki qarşılaşmada uduzmuşdu. İlk dövrədə 0:1, 3-cü dövrədəki drammatik oyunda 1:2.

Tovuzdakı duellərində birindən qol səsi çıxmamışdı. İkincisində “Qarabağ” meydan sahiblərinin daşını daş üstə qoymammışdı – 4:1.

Ağdamlıların oktyabrın 22-də səfərdə Bilbao “Atletik”i ilə qarşılaşması tovuzlu azarkeşləri Qurban Qurbanovun əsas heyət üzvlərini qoruyacağı düşüncəsi ilə sevindirə bilər. Lakin buna inanmağa gərək yoxdur.

İki həftəlik fasilədən sonra məhz aparıcı heyət üzvlərinin rəsmi oyun keçirməsinə ehtiyac yaranıb. Onsuz da avrokuboklarda az şans qazananlar Azərbaycan millilərinin heyətində forma geyinməklə oyun təcrübəsini qoruyub.

Duran, Kadi, Zubir, Leandro, Kaşuk, Yankoviç, Medina, Mateus, Bikalyo kimi əcnəbilərin “Turan Tovuz”la qarşılaşmada ilk dəqiqələrdən meydanda olması qaçılmazdır.

“Dəmir müdafiə”nin aşiqi olan Kurban Berdıyevlə texnikalı futbolun vurğunu kimi ad çıxaran Qurban Qurbanovun növbəti dueli maraqla qarşılanacaq.

Oktyabrın 17-də “Azersun Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti