Bölgədə elə bir oyun olacaq ki... Bu adlara fikir verin!

16 Oktyabr 23:00 Şamaxı 226
Bölgədə elə bir oyun olacaq ki... Bu adlara fikir verin!

Premyer Liqanın 8-ci turunun açılış oyunu Şamaxıda reallaşacaq.

Bölgənin eyniadlı komandası doğma azarkeşlərinin önündə qərb təmsilçisi “Kəpəz”i qəbul edəcək.

Turnir cədvəlindəki vəziyyətə baxanda qarşılaşmanın sakit tempdə keçəcəyini və meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşacağını təxmin edə bilərsiniz.

7 oyunda cəmi 2 məğlubiyyət alan “Şamaxı” hara, bu sayda matçda qələbə üzünə həsrət qalan “Kəpəz” hara? Amma yox.

Azər Bağırov Adil Şükürovu əvəz edəndən sonra yeni çalışdırıcının əl işi “Qarabağ”la ilk görüşdə özünü göstərdi. Gəncəlilər səfərdə oynamasına baxmayaraq, Çempionlar Liqasında məğlubiyyət tanımayan komandadan cəmi 1 top buraxdı.

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilə Bağırovun xeyrinə işləyib. 10-12 günlük müddət boşluqları görmək, psixoloji durumu qaydasına salmaq, çatışmazlıqları mümkün qədər aradan qaldırmaq üçün əla fürsət sayıla bilər.

Söhbət bölgə təmsilçilərinin duelindən gedirsə, bu məqamda Ayxan Abbasov - Azər Bağırov qarşılaşmasını da ön plana çəkməliyik.

Yeni məşqçilik məktəbinin uğurlu məzunlarından hesab olunan iki mütəxəssis rəqibi analiz etmək qabiliyyəti və oyun qurmaq bacarığı ilə fərqlənir.

Bəlkə də üzdə bir-birinə “can” deyib, “can” eşidirlər. Ancaq biri digərinə məğlubiyyəti ağlının ucundan keçirmir. Komandaların imkanları və hədəfləri oxşardırsa, bir-birinə xal mənbəyi kimi baxmaları da normaldır.

Abbasovla Bağırov baş məşqçi kimi ötən mövsüm 3 dəfə üz-üzə gəlib. Azər bəy “Kəpəz”in çalışdırıcısı qismində ikinci oyununda Tovuzda “Şamaxı”ya 0:2 hesablı yenilginin acısını yaşayıb. Yeri gəlmişkən, bu dəfə də köhnə-yeni komandasını ikinci matça çıxarır.

Digər qarşılaşmalardakı göstəricilər isə hərəyə 1 qələbə və 1 heç-heçə olub. Ümumi götürsək, iki dəfə Ayxan bəy qələbəyə görə əl çalıb, bir dəfə həmyaşıdı olan həmkarı.

Beləliklə, cümə günü “Kəpəz” cari mövsümdəki ilk qələbənin arzusu ilə meydana çıxacaq. 9 xala sahib “Şamaxı” isə aktivinə növbəti 3 xalı yazdırıb turnir cədvəlində vəziyyəti yaxşılaşdırmaq üçün alışıb-yanacaq.

Şamaxı şəhər stadionunda baş tutacaq oyun saat 14:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM