
«Mən bunu etmək istəsəm belə, anam icazə verməyəcək».
Bu sözləri "Sportinfo TV"nin efirində «Sumqayıt»ın əvəzedici komandasının baş məşqçisi Vaqif Cavadov deyib.
Gənc mütəxəssis ondan «Tvente»nin formasını istəyən azarkeşə hədiyyə verə bilməyəcəyini söyləyib:
«Oradan gələndə dörd dəst formam var idi. Üçünü hədiyyə etdim, özümdə biri qaldı.
Onu da hədiyyə etmək istəsəm, anam icazə verməyəcək. İnşallah, nə vaxt Niderlanda yolum düşsə, oradan alıb gətirərəm».
1989-cu ildə Bakıda anadan olan Cavadov 2004-cü ildən Moskvada ÇSKA-nın gənclərdən ibarət komandasında oynayıb. Daha sonra Azərbaycana qayıdıb və 2007-ci ildə "Qarabağ"la müqavilə bağlayıb.
Burada 77 oyun keçirib və 20 qol vurub. 2010-cu ilin yanvarında "Tvente"yə transfer edilib və 3,5+1 formatında müqavilə imzalayıb.
Lakin Stiv Maklarenin dəvəti ilə yollandığı Niderland klubunda möhkəmlənə bilməyib və əsasən əvəzedici heyətdə oynayıb.
2011-cu ildə icarə əsasında "Bakı"ya keçib. Paytaxt təmsilçisində 23 oyuna 4 qola imza atıb.
Mövsümün axırında "Qəbələ" ilə razılaşsa da, az sonra Rusiya Premyer Liqasından - "Volqa"dan gələn dəvəti qəbul edir. 2012-ci ildə yenidən vətənə dönüb, «Qarabağ»la anlaşıb.
Növbəti ili isə «İnter»də başa vurub. 2014-cü ildə Türkiyəyə üz tutub, öncə « Qaziantep
»in, ardınca «Boluspor»un formasını geyinib. 2015-ci ildə «Xəzər Lənkəran»ın təklifinə «hə» deyib, 6 ay keçmiş «Qəbələ»yə yollanıb.
2015-2016-cı illəri «Sumqayıt»da tamamlayıb. 2017-ci ildə AZAL-ın şərəfini qoruyub. Aktiv futbolçu həyatını isə 2019-cu ildə «Keşlə»də başa vurub.