"Bundan sonra kimsə gəlib məni öldürən deyil ki..." - SƏMİMİ MÜSAHİBƏ

1 Oktyabr 2021 22:40 Müsahibə 1 563
"Bundan sonra kimsə gəlib məni öldürən deyil ki..." - SƏMİMİ MÜSAHİBƏ

Branimir Subaşiç azərbaycanlı futbolsevərlərin indiyə qədər unutmadığı adlardandır. Əslən serb olsa da, milliləşdirilmiş, ölkəmizin futbol yığmasına cəlb olunmuş, o da öz növbəsində 40 oyunda 7 qol vurmuşdu.

Futbolçu kimi futbolçuydu, söz yox. Onu yaxından tanıyanlar Subaşiçdə azərbaycanlı tipi olduğunu deyirdi. Hamıya qaynayıb-qarışar, gecə klublarından və qadınlardan əl çəkməz, qazandığı pulları sağa-sola xərcləyərdi.

Açığı, Bane ilə müsahibəni adi ssenari ilə – “necəsən, neynirsən, Azərbaycan futbolu ilə maraqlanırsanmı” şəklində etmək istəyirdim.

Lakin onun Bakı macəraları haqda eşitmək özüm üçün də maraqlı olduğundan, müsahibənin formatını dəyişməli oldum. (əvvəli ötən yazıda)

- Spirtli içki içirdin də.

- İçməyinə içirdim, amma qədərini bilirdim. Oyundan sonra nəticə ilə bağlı kefim yaxşı olanda dostlarla yığışıb qeyd edirdik. Hə, onda içirdim ki, yorğunluğum çıxsın, kefim açılsın. Amma heç vaxt spirtli içkinin təsirindən yıxılıb yerdə qalmamışam. Həm içkiyə hörmət edirdim, həm özümə.

- Uduzduğunuz oyundan sonra içməmisən heç?

- Olub. Dilxorçuluğu canımdan atmaq, stresdən çıxmaq üçün içmişəm. Amma bu, nadir hallarda baş verib. İçki əsəbləri sakitləşdirir, adamı stresdən uzaqlaşdırır, bunu içənlər bilir.

- Oyun günü spirtli içki qəbul etdiyin gün olub? Səmimi müsahibəyə söz vermisən ha.

- Səni inandırım, olubsa, deyərəm olub. Bundan sonra kimsə gəlib məni öldürən deyil ki... Amma belə şey heç vaxt baş verməyib. Bunu özümə, peşəkarlığıma sığışdırmamışam. Bir şeyi də deyim, heç vaxt içki xatirinə içməmişəm. Mütləq yaxşı məclislərdə içmişəm.

- O vaxt azərbaycanlı dostlarının olduğunu dedin.Maraqlıdır, onlar hələ də qalır, yoxsa pul və futbol qurtarandan sonra itdilər?

- Desəm ki, hamısı ilə indiyə qədər əlaqəm var, yalan olar. Amma bir neçəsi ilə hələ də danışıram. Hamısı futbola bağlı insanlar idi. Bir şey deyim, mən insanlara “pulum var deyə, yanımdadırlar” düşüncəsi ilə baxmamışam. Çünki onların yanımda olmasını özüm istəyirdim. Baxırdım ki, söhbətimiz düz gəlir, məclisimiz yaxşı keçir, vəssalam, yoldaşlıq etmək olar. Ona görə də indi oturub keçmişdə qalan dostlara görə təəssüflənmirəm. O günlərin hər biri gözəl xatirədir.

- Azərbaycanda oynadığın müddətdə çox məşqçiləri görüb, tanıdın. Aralarında ən çox sevdiyin hansı idi?

- Bu suala ad çəkərək cavab verməyəcəm. Çünki heç birindən pislik görməmişəm və hər birinin özünəməxsus xasiyyəti olub. Ağasəlim Mircavadov, Şahin Diniyev, Yunis Hüseynov, Qurban Qurbanov – hər birinə hörmətlə yanaşmışam, yeni nəsə öyrənmişən. Xaricilərdən Vlastimil Petrjela, Anatoli Demyanenko, Toni Adams, Mirça Rednik, Berti Foqts, Qyoko Hacievski ilə də çox yaxşı münasibətim var idi. Ümumiyyətlə, məşqçilərlə heç vaxt problem yaşamamışam. Amma düzünü deyim ki, mənim üçün azərbaycanlı məşqçilərin yeri tam başqadır. Onlarla işləməkdən zövq alırdım.

- “İSR Plaza”dan iki tin yuxarıda Vladimir Miçoviçlə “Balkan” restoranı açmışdız. Amma tutuzdura bilmədiz. Maraqlıdır, nə baş verdi?

- Açığı, biz o restoranı sırf pul qazanmaq üçün yox, istirahət etmək, dostlarla yığışmaq, idman ab-havası yaratmaq üçün açmışdıq. Tək futbolçular yox, volleybolçu qızlar da gəlirdi. Yadındadır, o vaxt sən ora gələndə nə demişdim?

- Xatırlamıram, düzü.

- Demişdim, gördüklərin başlanğıcdır, möhtəşəm işlər görəcəyik. İnteryerin qurulmasına yaxşı pul vermişdik. Dizayner mükəmməl layihə hazırlamışdı bizim üçün. Təkcə təmirinə 200-250 min dollar hesablamışdıq.

- Nə oldu bəs?

- İşlər istədiyimiz kimi getmədi. Bizdən asılı olmayan problemlər çıxdı ortaya, nəticədə yarımçıq qaldı.

- Nə qədər pul “batırdız”?

- Dəqiq yadımda deyil.

- İtirdiyin pulun miqdarını bilmirsən?

- Pis şeylər yadda qalmır axı (qəhqəhə çəkir)

- Təxminən 50 min?

- Təxminən desək, o qədər olardı, bəlkə də az. O vaxt pullar gəlib-gedirdi, oturub saymırdım axı. Belə deyim, sırf istirahətimiz üçün nəzərdə tutmuşduq deyə, xərclərin siyahısını tutmamışdıq.

- İndi də bizneslə məşğulsan, hə?

- Hə-hə, elə o vaxtdan biznesdəyəm. Şükürlər olsun, işlərimiz yaxşı gedir, övladlarımızı böyüdürük.

- Nə biznesidir elə?

- Açılıb-bağlanan şüşə və dam örtükləridir. 6-7 ildir bu sahədəyəm. Serbiyada ən dəbdəbəli ev və restoranların işlərini bizim şirkət görür.

- Nə əcəb futbolda qalmadın?

- Futbol sahəsində işləməsəm də, ürəyim futbolla döyünür. Oyunlara baxıram, nəticələri izləyirəm. Fikrimcə, Allah hərəyə bir həyat yolu cızır. Mənə də bu yolu məsləhət görüb: futbolla başlayıb, bizneslə davam etmək. İnanırsan, futbolla vidalaşana yaxın hər gün fikirləşirdim ki, karyeramı bitirəndən sonra nə edəcəm, nə edə bilərəm? Fikirdən gecələri rahat yata bilmirdim. Və heç vaxt biznes qura biləcəyim ağlıma gəlməzdi. Çünki pula qarşı həssas olmamışam. Görürsən, hardan-hara gəlib çıxdım. Məni tanıyan, xatırlayan, xətrimi istəyən hamıya salam olsun. Allahın köməkliyi ilə Azərbaycan futbolu indikindən də irəli gedər, inkişaf edər. Həmişə demişəm, yenə təkrarlayıram, kiminsə yolu Belqrada düşsə, qulluğunda hazıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı