Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Vestri” matçının hakim təyinatları müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Roman Jitariyə yan xətt hakimləri Vlad Lifçu ilə Vadim Vikol kömək edəcək.
Dördüncü hakim funksiyasını Andrey Bregutse yerinə yetirəcək.
35 yaşlı ədalət təmsilçisi cəmi 4 il əvvəl FİFA-nın beynəlxalq dərəcəli hakim statusunu alıb.
Karyerası ərzində müxtəlif yaş qruplarından ibarət milli komandaların matçlarını idarə edib. Və həmin oyunlardan birində Azərbaycan yığması olub.
2021-ci ildə Moldovanın Orhey şəhərində Moldova və Azərbaycanın U-19 milliləri yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəlib. Samir Əliyevin rəhbərlik etdiyi kollektiv meydan sahibləri ilə bərabərə qalıb – 1:1.
Yığmamızın yeganə qolunu hazırda “Sabah”ın şərəfini qoruyan Xəyal Əliyev vurub.
Avrokubok təcrübəsi elə də zəngin olmayan moldovan referi 4 dəfə Konfrans Liqasında, 1 dəfə Çempionlar Liqasında fit çalıb. Təbii olaraq bütün hallarda təsnifat mərhələsində.
Romanın peşəkar hakimlik karyerasındakı oyunların sayı 90-dır. O, bu sayda görüşdə 336 sarı, 13 qırmızı vərəqə göstərib. 31 dəfə qapılara penalti təyin edib.
Statistikadan da göründüyü kimi,Jitarinin təcrübəsi elə də böyük deyil. Təkcə oyun sayına diqqət yetirəndə, söhbətin məğzini anlamaq olur.
Ümid edək ki, moldovanın təcrübəsizliyi “Qarabağ”ın başında çatlamayacaq.
Bu gün Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” görüşü saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

