"Visente Qomes mənə dedi ki, sənə qışdan sonra şans verməyəcəm"

28 Yanvar 2021 11:40 Müsahibə 926
"Visente Qomes mənə dedi ki, sənə qışdan sonra şans verməyəcəm"

Böyük ümidlərlə "Sabah" transfer edilən, amma yetəri qədər şans qazanmadığı üçün ilin əvvəli "Turan Tovuz"a keçən gənc futbolçu Abbas Ağazadə Sportinfo.az-a müsahibə verib.

- Uzun aradan sonra ölkə kubokunda Premyer Liqa təmsilçisi olan "Qəbələ"yə qarşı oynadın. Mübarizə aparmaq ağır olmadı?

- Səviyyə fərqi istər-istəməz hiss olundu. Həm də hazırlığa bir qədər gec başlamağımız da öz təsirini göstərdi.

- Ötən mövsümün əvvəli "Sabah"ın heyətində Premyer Liqa oyunlarına çıxırdın. İndi isə Birinci Divizionda təmsilçisi "Turan Tovuz"dasan. Nə səbəb oldu belə enişə?

- "Sabah"da 2 oyun meydana çıxdım. Ondan sonra demək olar şans qazana bilmədim. Sonucu dəfə "Zirə" ilə oyunda meydana çıxdım. Bir də "Sabah"da meydana çıxmaq qismət olmadı. Bundan sonra məcburiyyət qarşısında qalaraq bu qərarı verdim.

- 2 oyundan sonra nə baş verdi ki, bir daha şans qazanmadın?

- Sözün düzü bunun cavabını mən də axtarırdım. 2 tur əsas heyətdə meydana çıxdım. 3-cü tur "Zirə"yə qarşı sonradan meydana daxil oldum. "Qəbələ" ilə oyun öncəsi Elşad Əhmədov istefa verdi. Gələn məşqçilər mənə heç bir şans tanımadı. Yoldaşlıq görüşlərində belə oynatmadılar.

- Səncə, Elşad Əhmədov istefa verməsəydi, hər şey başqa cür ola bilərdimi?

- Əlbəttə. Çünki Elşad müəllim fərqli idi. Mənə inanırdı və şans verirdi. Mən də şansdan bacardığım qədər istifadə etməyə çalışırdım.

- Bəlkə, özündə hansısa arxayınlıq, məşqlərə laqeyd münasibət olub?

- Əksinə, komandaya yeni gələndə özümü yaxşı hiss edirdim. 2 oyundan sonra özümə güvənim daha da artmışdı. Düşünürdüm ki, daha yaxşısını edə bilərəm. Amma nə oldusa, mənə qarşı güvən azaldı. 6 oyun oynamadım. Ondan sonra Sopiç əvəzedici komandaya göndərdi. Məşqlərdə özümü göstərsəm belə şans verilmirdi.

- Birinci Divizion klubuna getmək qərarını nə vaxt qətiləşdirdin?

- Visente Qomes qış fasiləsində mənə dedi ki, ikinci dövrə sənə şans verməyəcəm. Mən də düşündüm ki, orda əvəzedicilərdə qalmaqdansa, gəlib doğma rayonumun komandasında oynayaram. Premyer Liqaya yüksələndə də burda olaram. Limitə uyğun olduğum vaxt mənə şans vermirlərsə, başqa vaxt heç şans tanımayacaqlar. 6 ay orda qalmağı vaxt itkisi sayıram.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti