Adama deyərlər, nəyi bölə bilmirsiz?

9 Aprel 12:44 Maraqlı 280
Adama deyərlər, nəyi bölə bilmirsiz?

Yeni il gələndən dünya şokdan ayılmayıb. Bəşəriyyətin min illərdi qazandığı, mənimsədiyi mənəvi dəyər və dəyərsizliklər çılpaqlığı ilə üzə çıxır. Yaşam uğrunda amansız mübarizə qəbul olunan, olunmayan bütün yollarla davam etdirilir.

Mövcud durumun günahkarları, səbəbləri araşdırılır. Çox vaxt da insan xislətinə uyğun məcrada cərəyan edir. Son aylar dillərdən düşməyən yarasalar da gündəmdədir. "Günahkar odur" fikirləri beyinlərdə dolaşır. İnsan insanı yenidən yolundan azdırır...

Maariflənmək, doğru yol seçmək, əsl günahkarları üzə çıxarmaq gərəkdır. Əks halda bəşəriyyəti daha böyük bəlalar bürüyəcək. Bütün günahları dilsiz-ağızsız zavallı heyvanın üstünə yükləməyin nə adı var?! Yaradanını tanımaq istəməyən insan, özündən başqa günahkar axtarmaqda püxtələşib artıq...
Uçan siçanlar adlandırılan yarasaların çox sayda növləri var. Uçmağa uyğunlaşmış heyvandır. Qanadları yoxdur, əllərinin uzunluğu və dəri pərdələr hesabına mükəmməl aerodinamik uçuş imkanlarına malikdir. Müasir təyyarələrin quruluşunda da istifadə edilir.

Azərbaycanda da bəzi növləri mövcuddur. Əsasən Cənub və Kür-Araz ovalığında məskən salıblar. Gündüzlər yatıb gecələr ova çıxan yarasalar, ancaq ölkəmizdə il ərzində kənd təsərrüfatına ziyan vuran tonlarla həşərat yeyir.

Ziyanvericilərin məhvinə kimyəvi məhsulların istifadəsini təbii yolla azaldır.

Dünya üzrə yarasaların ekoloji təmiz məhsulların istehsalında təmənnasız, əvəzsiz xidmətləri var. Dəyəri mövsümə 50 milyard dollardan yüksək qiymətləndirilir. İl ərzində yüz min tonlarla ziyanvericiləri, qaniçənləri yeyərək məhv edirlər. Növlərə uyğun hər cür qida qəbul edə bilirlər. Yarasalar Yerin gecə sanitarlarıdır.

Müxtəlif dövrlərdə uçan siçanlarla bağlı olmazın rəvayətlər mövcuddur. Orta əsrlərə kimi yarasalar qoruyucu, var-dövlət gətirən simvol kimi də qəbul edilib. Məşhur "Valensiya" klubunun emblemini də uçan siçan bəzəyir. Bunun futbolla, azarkeşlərlə heç bir əlaqəsi yoxdur...
Mifologiyaya görə Valensiya krallığına gecə hücumu zamanı krala qarşı yaydan çıxan oxun qarşını alan uçan siçan, mavrların, o bölgənin, xalqın əbədi simvoluna çevrilib. Katolik Avropada isə vaxtilə yarasalar bəd nəzər, şeytan məxluqu kimi qəbul edilib. Əslində isə uçan siçanların bütün növləri ətrafa, insanlara zərər gətirməyəcək qədər sülhsevərdirlər.

200 ilə yaxındır ki, bu heyvanlar üzərində təcrübələr aparılır. Gəmiçilikdə, sualtı qayıqların radar sistemlərinin yaradılmasında yarasalar üzərində aparılan tədqiqatların böyük rolu olub.

Uçan heyvanların qulaqları gecə vaxtı görən gözləridir. Görünməz məkanda ultrasiqnalları, ötürücüləri, qəbulediciləri ilə ətrafı səssiz, tam olaraq nəzarətdə saxlayırlar.

Yarasalar 20-yə yaxın ölümcül virus daşıyıcılarıdır. Onlara dəyməsən, bu virusların ətrafa, insanlara heç bir ziyanı olmaz. On min illərdi belə davam edir. Ölümcül viruslar insana qarşı deyil, yarasaların orqanizminə topladığı təbii prosesdir. Alimlərin bildirdiyinə görə, virusların 6-7-si əvvəldən, 10 yaxını isə təbii mutasiya yolu ilə qazanılıb.

Hətta Cənubi Amerikada məskunlaşan və vampir olan yarasa növləri belə insana heç bir təhlükə yaratmır. Bu heyvanların zərif, zəif sümüklərinin olması ilə yanaşı, orqanizmi mükəmməl idarəetmə qabiliyyətinə malikdir. Hava şəraitinə uyğun olaraq bədən hərarətini sıfır dərəcəyədək endirə bilirlər. Sürü halında yaşasalar da, artım templərini təbii yolla gecikdirə, saxlamağa nail olurlar.

Həyatda nə yaradılıbsa, hamısının öz görəvi, təbiətə xeyiri var. Bütün bunlar bəşəriyyətə, insanlara qulluq üçün edilib. Yetər ki, Adəm övladı bunu dərk etsin. Təkkəbülrlü, özünü Yaradanından da ağıllı sayan insan, dəcəl, sözə qulaq asmayan uşaq kimi dinc oturmur, hər yerə əl uzadır, burnu qaşınır. Sonda da burun-boğazlar tutulur, özü-özünü ev dustağına çevirir.

İnsan bilə-bilə 17 ölümcül virus daşıyıcısı olan yarasa ilə qidalanır. Nə var-nə var, dədə-babalarından gələn inanclara görə uçan siçanlardan varlanma baş verəcək, sağlamlıqları artacaq, uzunömürlü olacaqlar. Bu azmış kimi, Nobel mükafatına iddialılar yarasa viruslarından bioloji silahlar icad edir, bəşəriyyəti, özlərini məhvə sürükləyirlər...

Adı da olur, "yarasadır günahkar". Uçan siçanlar min illərdi insanlarla bir məkanda yaşayır. Öldürsəydilər, çoxdan öldürərdilər. İnsan özü-özünü öldürməsə, heç kimin onunla işi yoxdur.

DNK-lar dəyişdirilir, QMO-lar yetişdirilir. Okean sularının 5%-i hələ araşdırılmayıb, insan övladı 100%-lik beyinlərinin maksimum 5%-lik ağlı ilə Marsda su, yaşayış axtarır.

Biri Tanrı deyir, biri Allah, digəri Boq(Бог), bir başqası Qod(God), fərq etməz, Yaradan birdir və böyük varlığın işinə qarışmaq yolverilməzdir.

Belə olanda, cəzalar da qaçılmaz olur. Heç kimə bəşəriyyətin taleyi ilə oynamaq ixtiyarı verilməyib. Kosmosa uçan bəşər övladı bunu hələ tam dərk etməyib, etmək istəməyib...

5-10 min xəstəyə bir süni hava cihazı çatdırıla bilmir, pulla satılır. İnsan isə dünyaya gələndən son gününə kimi təmənnasız təbii, təmiz hava udur, haradan gəldiyini düşünmür, unudur! Dövlətə, xəstəxanalara, həkimlərə maddi-mənəvi, bu qədər borcumuz yaranırsa, Yaradana nə qədər borcumuz var görəsən?!

7,7 milyardın 1 milyarddan çoxu gözəgörünməz varlığa inanmayanlar, qəbul etməyənlərdir. 1-2 milyardı daş-kəsəyə, heyvanlara sitayiş edənlərdir. Din pərdəsi altında 1-2 milyardı da imanını itirənlər... Çox az insan qalır. Yalançı dünyada oturulsun evlərdə, havası çatmayanlar imdad diləsin, çölə çıxa bilməyənlər də kömək. Günahkar da yarasa olsun.

Adama deyərlər, nəyi bölə bilmirsiz, bəxş edilən bu dünyada şükür edib niyə rahat yaşamaq istəmirsiz?! Bəşər övladından insan olmaqdan artığını istəyənmi var?!

Futbol dili ilə desək, gedin futbolunuzu oynayın, sizin uçan siçanlarla nə işiniz var?! İndi isə məcburiyyətdən oturaq evdə, "Valensiya"nın yarasalı emblemini seyr edə-edə düşünək... Bəlkənin virusları əkilməyibsə, bəlkə düzəldi(k)!

Tahir Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 00:14 MOK müsabiqə elan etdi