COP29

“Onları ifşa etdim deyə, təyinat vermirlər” – ŞOK AÇIQLAMALAR!

31 Avqust 2023 07:30 Maraqlı 1 516
“Onları ifşa etdim deyə, təyinat vermirlər” – ŞOK AÇIQLAMALAR!

Barış Şimşəyin AFFA-nın Hakimlər və Hakim-inspektorlar Komitəsinə təyin olunmasından sonra yaranan vəziyyət birmənalı qarşılanmadı.

Düzdür, Azərbaycan hakimliyinə müəyyən yeniliklər gətirildi, VAR-a daha çox diqqət ayrıldı. Şimşəyin VAR mütəxəssisi olduğunu nəzərə alsaq, bu mənada işlər görülür.

Ancaq bu, Azərbaycan hakimliyində heç də ədalət olduğuna dəlalət etmir.

Məsələ burasındadır ki, türkiyəli mütəxəssisin rəhbər vəzifəsinə təyinatından sonra bir çox hakimlər, hakim-inspektorlar oyunlardan kənarda saxlanıldı, təyinat verilmədi.

Ümumiyyətlə, Şimşəyin gəlişindən sonra narazılıqlar, haqq yeyilməsi ilə bağlı söz-söhbətlər, qazancından olanlar çoxalıb.

Azərbaycan futbolundan, AFFA-dan uzaqda saxlanılan, hakim-inspektorlardan biri də Şahin Cəfərovdur. Mütəxəssisi artıq xeyli müddətdir ki, oyunlarda görmürük.

Vaxtilə AFFA-nın Hakimlər Komitəsində önəmli kadrlardan olan Cəfərov son vaxtlar nədənsə futboldan uzaq saxlanılır.

Ona nəinki Premyer Liqaya, heç Birinci Diviziona da təyinat verilmir. Bəs niyə, səbəb nədir, hansısa səhvinə görə cəzalandırılıb, yoxsa, problemlər başqadır?

Sportinfo.az xəbər verir ki, qaynarinfo-ya AFFA-da bəzi insanlardan kəskin narazılıq edən hakim-inspektor kənarda qalmasının səbəblərini də açıqladı:

"Bilmirəm, cəzalandırıblar ya yox, bu barədə mənə heç bir məlumat verməyiblər. Özüm Hakim-inspektorlar Komitəsinə müraciət ünvanlamışam, Barış Şimşəklə də danışmışam. Həmçinin AFFA-nın prezidenti Rövnəq Abdullayevə də məktub yazmışam. Ancaq cavab verilmir. Səbəbini bilmirəm. Cəza veriblərsə, oyuna təyinat almıramsa, bunun səbəbləri barədə məni xəbərdar etsinlər. Nəyin əsasında? Şahin nə edib? Yazsınlar, səbəb göstərsinlər. Hər cavab məni qane edər. Fritz Ştuxlik Hakimlər Komitəsinin sədri olarkən bir neçə nəfərin də iştarkı ilə onunla görüşmüşdüm. O, Hakimlər Komitəsinin üzvlərinin - Anar Salmanovun, Babək Quliyevin, Vüsal Əliyevin və müəyyən insanların yanında iclasın yekun qərarı olaraq mənimlə işləmək istəmədiklərini demişdi. Amma indiki rəhbərlik mənə səbəb göstərə bilmir, bilməzlər də. Yəqin ki, mənim haqqımda maraqlanmısınız. AFFA-da çalışıram, işimi də əla bilirəm. Futbol oynamışam, kubok qazanmışam. Məni mütəxəssis kimi tanıyırlar. PFL-in keçmiş prezidenti Ramin Musayevdən, ya da kimdən istəyirsiniz soruşun, görün haqqımda nə deyəcəklər. Həm işimi, həm futbolu onlardan yaxşı bilirəm. Həmin komitə üzvlərinin kimlər olduğunu da bilirsiniz. Nəyə görə futboldan uzaqlaşdırılmışdılar, məlumdur. Əslində, onlar hüquq-mühafizə orqanlarına çağırılmalı, futboldan uzaqlaşdırılmalı idi. Ramin Musayev də o vaxt mətbuata açıqlamasında həmin insanlarla bağlı faktların əldə edildiyini və lazımi səviyyədə tədbir görüldüyünü demişdi. İndi mənə oyun vermirlər”.

Cəfərov Hakimlər və Hakim-inspektorlar Komitəsinin qanunları tapdaladığını və onun hüquqlarını pozduğunu deyir:

"Əvvəla hüquqlarım tapdalanır. Bir aydır məktub yazmışam, cavab yoxdur. Halbuki 20 gün ərzində cavab verilməlidir. Ortada araşdırma varsa, bu, 30 günə qədər uzadıla bilər. Deməli, həm də dövlətin, Azərbaycan Respublikasının qanunlarını tapdalayırlar. Mən də bu xalqın bir nümayəndəsiyəm. Şəffaflıq olmasa, futbol inkişaf edə bilməz. Düzgün insanların, sözünü deməyi bacaranların haqqını tapdalayırlar və belə vəziyyət yaranır. AFFA-nın baş katibi Sərxan Hacıyevdən soruşun ki, niyə mən təyinat almıram. Səbəbi özü desin. Onun da günahları var. Xaqani Məmmədovun (Hakimlər Komitəsinin keçmiş sədri - M.) danışıqlarından xəbəri yoxdur? Əlbəttə, var, bəs niyə münasibət bildirmir? Rövnəq Abdullayevə ünvanladığım məktub araşdırılması üçün Sərxan Hacıyevə və PFL prezidenti Elxan Səmədova yönləndirilib. Araşdırılıbsa, niyə cavab vermirlər?

Hakim-inspektor onları ifşa etdiyi üçün təyinat almadığını bildirir:

"Səbəbi, əslində, özüm bilirəm, sadəcə, cavab gözləyirəm. Səbəb bilirsiniz nədir? Komitə üzvləri düzgün işləmirdilər. Onları ifşa etdim deyə, təyinat vermirlər. Maliyyə pozuntusuna yol veriblər. Dövlətin pulu niyə başqa yerə xərclənməlidir? Bunu da bir nəfər həyata keçirir və onu ifşa etmişəm. Kim olduğunu da hər kəs bilir. Heç kimin pisliyini istəmirəm. Amma orada pis insanların çalışmasını da istəmirəm. Uzaqlaşdırıblarsa, məlumat versinlər. AFFA-ya müraciət etmişəm, əlavə instansiyalara da məktub yazacağam. Səmədov lazım olan sənədi mənə vermişdi. 2020-ci ildə keçirilən imtahanlardan yüksək ballar almışdım. İndi niyə təyinat vermirlər? Barış Şimşək isə hər dörd oyundan üçünə gedir. Belə bölgü düzgün deyil axı. O vaxtı hakim-inspektor və AFFA nümayəndələrinin oyunlara bölgülərini biz aparırdıq. Heç kim başqasından artıq oyunlara gedə bilməzdi. Çempionat ərzində yalnız bir-iki dəfə olardı. O da oyun sayı düz gəlməyəndə. Ola bilər kimsə iki oyun artıq gedərdi. Biz təyinatları ədalətli şəkildə həyata keçirirdik. İnsana yer edən də belə hallardır. Digərləri danışmır, qorxurlar ki, 3-5 manatlarından olarlar. Ancaq Xaqani hamısını deyir, düz də danışır. O da vaxtilə Hakimlər Komitəsinin sədri olub. Amma vallah, heç Şimşək qədər oyuna təyinat almayıb. Məndə sənədlər var, üzə çıxara bilərəm. Barış elə təkcə avqust ayında üç oyuna gedib. Mənə ümumiyyətlə 2020-ci ildən təyinat verilmir. Buna rəğmən, müraciətimə rəsmi cavab almamışam. Deməli, qorxurlar, günahları var”.

Veteran futbolçu oyunlara təyinat almaması bir kənara, AFFA-nın əməkdaşı kimi ona biganə yanaşıldığını vurğulayır:

"Hamımız Azərbaycan üçün çalışmalı, futbolumuza xidmət etməliyik. Ədalətli xidmət etməsən, Azərbaycanda necə yaxşı ola bilərsən? Nə olsun beş manat pulunuz var, tutub hamısını əlinizdən alarlar. Müsəlmandırlar, pul onlar üçün hər şeydən önəmlidir. Heyif ki, yaxşı insanların, sözün deyə bilənlərin sayı azdır. Düzgünlük olmayan yerdə futbol inkişaf edə bilməz. Sovet vaxtı Azərbaycanda hakimlik və qapıçı məktəbi ən güclülərdən idi. İndi bunlar yoxdur. Çünki futbol belələrinin əlindədir. Hə-ə sizə bir söz də deyim. 2022-ci ildə 60 yaşım tamam oldu. Adətən, yubiley ad günü olanlara futbol maykası hədiyyə edirlər. Amma AFFA-nın əməkdaşı omağıma baxmayaraq, məni təbrik etmədilər. "İnşaatçılar”ın heyətində Azərbaycan kubokunun ilk qaliblərindən olmuşam. Veteran futbolçu kimi də təbrik edə bilərdilər. Görün, bunlar mənə qarşı necə qəddar hisslərlə yaşayırlar. Vaxt gələcək, hər şeyin üstü açılacaq. 61 yaşım var, ömür boyu heç kimə yaltaqlanmamışam, heç belə etmərəm də”.

Digər Xəbərlər
Xəbər Lenti