
Nuqzar Kvirtiya – stajlı futbolsevərlər onu futbolçu kimi tanıyır.
İndiki gənclərə isə bloger olaraq tanışdır.
Əslən Gürcestandan olan Nuqzar uşaq yaşlarında ailəsi ilə Rusiyaya köçüb, futbolun sirlərinə burada yiyələnib. Karyerasının unudulmaz illəri isə tarixin yaddaşına qovuşan AZAL klubu ilə bağlıdır.
2011-ci ildə Azərbaycan vətəndaşı olan İnna adlı xanımla evlənən Kvirtiya həyatının qalan hissəsini ölkəmizdə keçirmək qərarına gəlib.
Hazırda həm məşqçi, həm bloger, həm də fan-zona təşkilatçısı kimi çalışan keçmiş futbolçu ilə müsahibəni oxuduqdan sonra onu daha yaxından tanıyacaqsız.
(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/225292.html)
- Futbolçu karyeranı başa vurandan sonra məşqçi, menecer, klub funskioneri kimi çalışa bilərdin. Lakin fərqlilik edib blogerliyi seçdin. Futbolda sənə yer tapılmadı, yoxsa?
- Mən bu gün də futbolun içindəyəm. Təsisçisi olduğum “White City” futbol məktəbində məşqçilik edirəm. O vaxt 8 uşaqla fərdi məşqçi kimi başlamışdım. Görəndə ki, uşaq sayı 90-a çatıb, məcbur olub məktəb açdım. Zamanla say 120 oldu. Ondan sonra 60 uşağı çempionatlarda iştirak etmək üçün klublara göndərdim. Vaxtilə futbol sirlərini öyrətdiyim uşaqlar indi “Qarabağ”, “Neftçi”, “Zirə”, “Sabah”ın müxtəlif yaş qruplarından ibarət komandalarında çıxış edirlər. Deməyim odur ki, futboldan uzaqlaşmamışam. Uşaqları 0-dan götürüb hazırlayıram.
- Belə çıxır ki, blogerlik hobbindir.
- Hobbi demək də düzgün olmaz. İşimin bir parçasıdır deyə bilərəm. Çünki müasir zamanda futbolla sosial şəbəkələr bir-birinə çox bağlıdır. Məsələn, sosial şəbəkə hesablarımda topla hansısa hərəkətlər etməyim, yaxud məşqçiliklə bağlı videolarım insanların diqqətini çəkir. Sosial şəbəkələr mənə reklam mənasında çox kömək olur.
- Səhv etmirəmsə, bu yaxınlarda Madridə getmişdin.
- Bəli, məni ora məşqçi kimi getmişdim. “Real Madrid”in seleksiya üzrə məşqçiləri Bakıya səfər zamanı məktəbimizin dörd üzvünü Madridə dəvət etmişdilər. Uşaqları İspaniyaya aparanda, mən və köməkçim Namiq də getmişdik. Beş gün orada olduq, beynəlxalq turnirdə iştirak etdik, “Real”ın şəraitini yaxından gördük. “Real”ın dünyanın bir çox ölkələrində məktəbləri var. Həmin məktəblərin yeniyetmə futbolçularının qarışıq rejimdə iştirak etdiyi turnir idi. Kastilyada akademiyanın binasında qalırdıq, yolun o tərəfində əsas komanda məşq edirdi. Raulu gördük, sonra Roberto Karlos gəldi. Unudulmaz səfər oldu.
- Məktəb ödənişlidir yəqin.
- Bəli-bəli. Ancaq şəhid övladları üçün pulsuz etmişik. Bir müddət öncəyə qədər 5-6 nəfər uşaq var idi, onlardan ödəniş almırdıq. Üstəlik, geyim, buts kimi məsələlərdə yardım edirdik.- Bəs,
“Qarabağ”, “Neftçi” kimi klublara göndərdiyin uşaqlara görə təzminat alırsan?
- Xeyr, nəinki pul, heç adi top da verməyiblər
. Mən uşağı hardansa öz məktəbimə cəlb edəndə, onun keçmiş məşqçisinə, yaxud məktəbinə hansısa yolla kömək etməyə çalışıram. Toplar hədiyyə edərəm, yaxud formalar. Ancaq bizdən gedən uşaqlara görə bizə bir top da verən olmayıb. Düzdür, o topa ehtiyacımız yoxdur, sadəcə, formallıq xatirinə nəsə etmək olar.
- Özünü məşhur sima hesab edirsən?
- “Chat GPT”nin dediyinə görə, elədir (gülür).
- Məşqçilik və blogerliklə yanaşı, həm də idman tədbirləri zamanı fan-zonalar təşkil edirsən.
- Elədir. Sonuncu dəfə Azərbaycan kubokunun Sumqayıtdakı finalında fon-zonamız olmuşdu. Məsələn, iyulun 10-da “Sabah” – “Çelye” matçından əvvəl belə bir proqramımız olacaq (müsahibə iyulun 9-da alınıb – H.).
- Fan-zona üçün nə qədər qonorar alırsan?
- Bu, sifarişçi tərəflə aramızda müqavilə sirri sayılır deyə, məbləğ açıqlamağım düzgün olmaz. Həm də fan-zonanın qiymətləri də müxtəlif olur. Baxır bizdən nə tələb olunur, hansı müddəti əhatə etməlidir, meydançanın ərazisi nə qədərdir.
Sen gönderdin
- Konkret hansısa şirkətlə bağlı soruşmuram ki, məbləği açıqlamaq çətin olsun. Bilmək istədiyim göstərdiyin xidmətin başlanğıc qiymətidir.
- Start olaraq 500 manatdan başlayır. Bu, bir meydança üçün nəzərdə tutulan minimum qiymətdir.
- Azərbaycanda idman blogerləri arasında “1 nömrə” kimdir?
- Hərənin öz fikri var. Mənə görə Emil Çaqayevdir. “İnstagram”da izləyici sayı 4 milyon nəfərə yaxındır.
- Sosisal şəbəkələrdə Azərbaycan futbolu ilə bağlı xəbər, hadisə, yaxud anons videoları niyə partlayış yaratmır? Məsələn, sənin topla etdiyin hanaısa hərəkət daha çox “bəyənmə” və “şərh” qazanır, nəinki “Sabah” – “Çelye” oyunu ilə bağlı çağırışın.
- Yaxşı sualdır, açığı, bunu gözləyirdim. “Sabah” – “Çelye” matçı ilə bağlı payladığım video informasiya xarakteri daşıyır. “Tik-Tok” izləyiciləri bu cür paylaşımları xoşlamır.
- Söhbət təkcə anonsdan getmir, transfer xəbərləri, yaxud gündəm olan mövzularda da belədir.
- Bakıdakı “Qarabağ” – “Braqa” matçı yadınızdadır? Həmin oyundan sonra parodiyalı video hazırlamışdıq. Oyunda vurulan qolları parodiya formasında canlandırmışdıq. O videoya bilirsiz nə qədər baxış oldu?
- Nə qədər?
- 20 milyon. Çünki həmin video bütün Azərbaycana, hətta Qafqaza yayıldı. Hətta “Braqa” azarkeşləri üçün də maraqlı olmuşdu. Hazırladığımız kontent reallığı əks etdirən əyləncəli və parodik video idi. İnsanlar bu tip paylaşımlara daha çox maraq göstərir, nəinki mənim hansısa klubun formasında dayanıb çağırış etməyim. Ümumiyyətlə, insanlar xəbər tipli paylaşımlara çox da maraq göstərmir. “Tik-Tok”da maraqlı videolar axtarırlar. “İnstagram”da isə, bəli, xəbər tipli postlar izlənir. Bir şeyi də deyim.
- Buyur.
- “Qarabağ”la “Gent” arasında Bakıda baş tutan oyun yadınızdadır yəqin. Həmin matçda Azərbaycanda qapının arxasında matçı şərh edən ilk şəxs oldum. 90 dəqiqə ərzində yaşananları bir videoya sığışdırıb paylaşdım. Böyük maraqla qarşılandı. Bir müddət keçəndən sonra “Qarabağ” BOS-da “Qalatasaray”la yoldaşlıq görüşü keçirdi. Həmin görüşdə sağ-soluma baxdım, bilirsiz nə qədər bloger peyda olmuşdu. Sonra “Sabah” “Beşiktaş”la oynadı və eyni mənzərəni gördüm. Həvəslənib blogerlik etmək istəyirdilər, ancaq qayda və tələblərdən xəbərləri yox idi. Biri meydana ayaq basırdı, o biri qadağan olunmuş zonaya keçirdi. İndi də blogerlər var ki, akkreditasiya müraciəti edərək mənim gördüyüm işi təkrarlamaq həvəsindədir. Azərbaycanda belədir, bir nəfər bir sahədə iş görüb 5 manat pul qazanırsa, başqaları da həvəsə düşür, qazanmaq istəyir.
- Qapının arxasında dayanıb çəkiliş edəndə, sənin futbol oynadığın vaxtda texnalogiyanın, sosial şəbəkələrin bu dərəcədə inkişaf etmədiyinə görə təəssüflənirsən? Ki, o vaxt bu cür şərait olsaydı, futbolçu kimi daha çox tanınardın.
- Əlbəttə, fikirləşirəm, təəssüflənirəm. Bəzən indi topla texniki hərəkətlər edib paylaşanda, izləyicilər yazır ki, bunları AZAL-da oynayanda niyə etmirdin? Deyirəm, mən edirdim, lakin efirdə görünmürdü, sosial şəbəkələrdə paylaşılmırdı. Premyer Liqanın oyunlarının yayımı bərbad durumda idi. İndi “CBC Sport” bir epizodu azı 4-5 müxtəlif rakursdan təqdim edir, oyunlar 8 kamera ilə çəkilir. 20 il əvvəl “Tik-Tok”, “YouTube” olsaydı, Bekhemlə Zidan Kriştiano Ronaldodan daha məşhur olardı. Bu gün Bekhemin 60, Ronaldonun 600 milyon izləyicisi var.
HƏBİB / SPORTİNFO.AZ