"Qarabağ" meydanda uduzmur, burada uduzsaydı, nə var idi ki…

27 Noyabr 2020 09:40 Köşə 1 601
"Qarabağ" meydanda uduzmur, burada uduzsaydı, nə var idi ki…

«Qarabağ» qrupda qaldı», «Çempionumuz mübarizəni erkən dayandırdı», «bu ili də belə boşa verdik» tipli statuslar çıxır qarşıma sosial şəbəkədə.

Əcəb…

Dörd turdan sonra «Qarabağ»ın xal xanası boşdur. Papağı boş qalmış futbolumuzun xanasını «Qarabağ» doldurmalıymış, hə...

İnsaf da dinin yarısıdır, heç olmasa, reallıq hissini itirməyək, təbii «barikada»nın, «blokada»nın sıxılmış divarları arasından ona atəş açmayaq.

Azərbaycan futbolu illərdir ağ bayraq qaldırıb, təslim aktına qol çəkib, «Qarabağ» isə düz 7 ildir ara vermədən avrokubokların qrup mərhələsinə vəsiqə qazanır.

Digər klublarımız elə kandarında qitə arenası ilə məcburi vidalaşır, hansı birinə «gözün üstdə qaşın var» deyən var? Olubmu? Olmayıb, olmayacaq da.

Onlar Premyer Liqa adlandırdığımız zavod çempionatının əsl aynasıdır. «Qarabağ» da göydən zənbillə düşməyib, elə onların arasından çıxaraq, boyundan yuxarı tullanıb.

Bu, öz standartlarını müəyyənləşdirən, palaza bürünüb elnən sürünmək siyasətinə uymayan, açdığı cığırdan kənara çıxmamaq üçün bacardığını edən bir klubun gerçəklik üzərində qələbəsidir.

Mənim üçün Toral Bayramovun, Elvin Cəfərquliyevin, İsmayıl İbrahimlinin və digər gənclərin qazanılması ən böyük qələbədir.

Mənim üçün «Qarabağ»ın Avropa Liqasında vurduğu 3 qol qrupdan çıxmaqdan daha qiymətlidir.

Mənim üçün burada atılan hər qol Premyer Liqada vurulan 10 qola bərabərdir, hətta daha üstündür.

Premyer Liqanın son 3 turunda rəqiblərini üst-üstə 18 dəfə məyus etmək «Qarabağ»ın gücünü göstərmir.

Bu, təhqirdir!

Bu, futbolu bugünə salanların, ayaqlayanların, üstündə min oyundan çıxanların, «Qarabağ»ı meydanda rəqibsiz buraxanların onu zəif salmaq yolunda gördüyü «məqsədyönlü fəaliyyət»inin məntiqi sonluğudur.

Belə ediblər ki, «Qarabağ»ı səviyyəsini itirsin, səviyyə nədir bilməyənlərin halına düşsün. Təəssüf, art niyyət güdənlər hədəfə çox yaxınlaşıblar.

Onlar qarşısıalınmazdır, bir şəbəkədir. «Qarabağ» yaxasının əllərdə qalmasını istəməsə belə, məcburdur hesablaşmağa. Hesab və hesabat verməsə də.

Meydanın içi ilə çölü bir tutulmamalıdır. Meydanın içindəkilər icraçılar, ondan kənardakılar idarəçilərdir. İkincilərin «oyun»u daha təhlükəlidir.

«Qarabağ» bu «oyun»da onu çevrəyə alanlara uduzur, qorxulu da budur. Yaşıl meydanda «Sivasspor»a bu gün uduzarsan, sabah udarsan.

Qalıcı olan meydandan otərəfdəki məğlubiyyətdir. Buradan çıxış yoxdur, varsa da, ehtimalı çox aşağıdır, 0 həddə yəni. Bundan narahat olaq, sabah «Qarabağ» üçün yaxşı açılmır. Zülmət gecə sürətlə yaxınlaşır, nə yaxınlaşır.

Bakıda oynaya bilməmək, bir «face» statusuna görə mətbuat katibini ömürlük futboldan itirmək – bu, hələ gözlə görünən, üzdə olandır.

AFFA adlı «meşə»yə hücum çəkmiş sapı özümüzdən olan «baltalar»ın «Qarabağ»ın arxasından çevirdiyi «iş» ki var… Səsi bir az sonra daha çox, daha ağrılı çıxacaq.

Xəzər Hikmət

Xəbər Lenti