“Qarabağ” başladı, Ordumuz tamamladı

18 Noyabr 2020 14:40 Köşə 964
“Qarabağ” başladı, Ordumuz tamamladı

Məğlub psixologiya ilə qalib ruhun fərqini bizdən yaxşı bilən olmaz.

Bütün halını yaşamışıq məğlub psixologiyanın.

Əzilmişik, qorxmuşuq, özümüzə nifrət etmişik, elə bilmişik ki, dünyanın ən pis adamları bizik.

Doyunca sevinə, şadlana bilməmişik. Sevinəndə də məğlub psixologiya yaddaşımızda qurd kimi sürünüb, sevincimizi, şadlığımızı qursağımızda qoyub.

Qələbə necə dəyişərmiş insan psixologiyasını... Bunu ilk dəfə futbolda görmüşdüm.

Vaxt vardı ki, klublarımızın avrokuboklardakı rəqiblərinin adını bilincə “1-2 top fərqilə uduzsaq, sevinərik” deyirdik. Sonra “Qarabağ” bu düşüncəni tarmar etdi.

Azarkeş düşüncəmizdəki qalib psixologiyası o qədər gücləndi ki, dünənə qədər Moldova komandalarına məğlubiyyəti həzm edənlər bu gün İngiltərə, İspaniya nəhənglərinə məğlubiyyətlə barışmırlar.

Cəmisi 50 gün əvvəl Azərbaycan vətəndaşı kimi düşüncəmiz məğlubiyyətə, qorxuya, inamsızlığa köklənirdi. “Qarabağı ala bilməyəcəyik, Rusiya buna heç vaxt imkan verməz” deyirdik.

Azərbaycan Ordusu cəmisi 44 gün ərzində düşməni diz çökməyə vadar etdi. İndi Şuşada Azərbaycan bayrağı dalğalanır. Ordumuzun sürətli hücumu düşüncəmizi də dəyişdi.

Eyni sürətlə məğlub psixologiyanı qalibiyyət ruhu əvəzlədi. Dünənə qədər “Rusiya Qarabağda müharibə aparmağa imkan verməz” deyən vətəndaş, bu gün Rusiya sülhməramlılarının Qarabağda olmasına etiraz edir. “Rusiya kimdir ki, ona “yox” deyə bilmirik” deyir.

Bu vətəndaşı diplomatik gedişlər də maraqlandırmır. İsrarla, ürəklə “olmaz” deyir. Bəh, bəh. Nə gözəl, nə gözəl. Nə gözəldir qalib ölkənin qalib vətəndaşı olmaq.

Nə gözəldir qalib ruhlu olmaq. Özünəinamın, özünəhörmətin təntənəsidir bu. İndi özümüzə nifrət etmirik.

İndi özümüzü sevirik. İndi qüdrətli dövlətin vətəndaşı olmağımızla qürur duyuruq. Bu qüruru isə bizə Azərbaycan Ordusu əta etdi.

Dünən “Qarabağ” başladı, bu gün Ordumuz tamamladı. Sevinin, həzz alın bu özünəinamın təntənəsindən. İndi özümüzük.

İndi özümüzü tanıyırıq, indi özümüzü sevirik. Daha bizə zaval gəlməz bundan sonra.

Natiq Muxtarlı

Xəbər Lenti