"NEFTÇİ"NİN FACİƏSİ - Şahqulu bəy yenə bayquş gətirdi

12 Noyabr 2020 09:40 Köşə 1 775
"NEFTÇİ"NİN FACİƏSİ - Şahqulu bəy yenə bayquş gətirdi

«Neftçi»də çoxdandır gözlənilən, yalnız dünən gerçəkləşən iki hadisə birdən baş verdi.

Ceyhun Sultanov idman direktoru, Füzuli Məmmədov baş məşqçi vəzifəsini tərk etdi.

Birincini kimin əvəzləyəcəyi hələ naməlumdur. Məlum olan isə komandanın Samir Abasova tapşırılmasıdır. Onunla bağlanan müqavilə gələn ilin yayına, yəni, mövsümün sonunadək nəzərdə tutulub.

Başqa sözlə, perspektivi öz əlindədir. Gələcəyini burada görmək və tikişinin tutmasını istəyirsə, mütləq surətdə nəticə verməlidir. Bu nəticə isə aydın məsələdir ki, gümüş və bürünc medallar ola bilməz.

Dava bunun davası olsaydı, «Neftçi» əvvəlki çalışdırıcısı ilə də ikinci-üçncü yer uğrunda mübarizə aparardı. Premyer Liqada rəqabət o qədər zəifdir və dar çərçivəlidir ki, «Neftçi» kimi klubun sükanı arxasında Əli, yaxud Vəlinin dayanması fərq eləmir.

Bu prizmadan yanaşsaq, Samir Abasovun çempionluq tələbi ilə üz-üzə qalması təbiidir. Onun bu tələblə razılaşıb, məsuliyyətin altına girməsi isə… Qeyri-təbiidir.

Adam bunca saxta, bunca əhli-kef, bunca məsuliyyətsiz ola bilməz. Ona, sadəcə, iş, başını qatmaq üçün məşğuliyyət lazım idi, həmin yeri, həm də «yağlı əppəy»i tapdı.

«Neftçi» böyük camiədir və belə bir klubun taleyi, azarkeşinin hissləri ilə oynamaq günahdır, bağışlanmaz günah.

Samir Abasovun həyatda hər şeyi var, hər şeyi. Ev-eşiyi, bağı, bağçası, ticarət olbyektləri, bir sözlə, gəliri gəlir. Pula bir elə ehtiyacı yoxdur ki, fikirləşəsən ki, maddi sıxıntılardan qurtulmağın variantlarını gözdən keçirir.

Onun mədəsi doludur, elə gözü də toxdur. Hələ bir futbolçu tanımıram ki, desin, filan vaxt Samir Abasovun cibinə filan qədər pul basmışam. O, buna gedən deyil. Amma «Neftçi»yə gəlməli də deyildi. Çün burada onu istəmir və gözləmirdilər.

Birincisi Kamran Quliyevin özü. Dörd il «Sumqayıt»da işləyiblər. Abasova məşqçi statusu ilə futbolda ilk böyük dəstəyi məhz Quliyev verib. «Sumqayıt»ın pis vaxtında, bərbad nəticələrin sıralandığı dönəmlərdə arxasını yerə verməyib, möhkəmlənməsinə zəmin hazırlayıb.

Amma o, «Sumqayıt»dan «Neftçi»yə üz tutandan sonra Abasovu özüylə aparmadı. Ondan olsaydı, Samir bu gün də «Neftçi»ni çalışdırmayacaqdı.

Təyinat klub prezidentinin iradəsindən kənar gerçəkləşib. Hamımız deyirik, Elxan Məmmədovun əməlidir. O deyilmiş, yanılmışıq. AFFA-nın icraçı vitse-prezidenti bu prosesdə, sadəcə, müşahidəçi qismində iştirak edib.

Pərdənin arxasından göstərişi verən Elşad Nəsirovmuş… Abasov məhz federasiyanın vitse-prezidentinin seçimidir.

SOCAR-dan belə bir «xeyir-dua» mesajı verən Nəsirov, bəllidir ki, yerlipərəstlik prinsiplərindən çıxış edib.

«Neftçi» üzərində hökmranlığını son 5-6 ildə özünə qaytaran Nəsirova, deyəsən, Hans-Yurgen Gedenin vaxtındakı biabırçılıqlar azlıq təşkil eləyib. O ya qəsdən, ya da bilməyərəkdən paytaxt klubunu növbəti fiaskolara sürükləyir.

Şahqulu bəy yenə bayquş gətirdi.

Samir Abasov özünü idarə edə bilmir, «Neftçi»ni nə cür idarə edəcək? Bir balaca «Sumqayıt»da «cip-cip» etmişdi, bəs sonra? «Zirə»ni nə günə qoydu, gördük.

«Zirə»də özündən əvvəlki baş məşqçilərə yaradılmayan şərait ona yaradılmışdı, götürüb düşərgəni «zibillədi». O, olan yerdə dava-mərəkə var, qalmaqal var, söz-söhbət var, daim qarşıdurma var, qruplaşma var.

Bu adam dilinə yiyəlik etməyi bacarmır, kollektiv yaradandır? Abasov «quru bəy»dir, imkan ver, tribuna ver, qoy, danışsın, mətbuata bol-bol manşet olsun. Abasov yalnız mediaya yararlıdır.

Mövzu nə olur-olsun, ona telefon açırsansa, 1 saata çoxlu «İP» toplayacaqsan. Niyə gizlədək, bu, belədir. Amma bu, uğursuzluqların üzdüyü «Neftçi»nin, azarkeşinin boş mədəsini dolduracaqmı, rahatladacaqmı? Əsla!

«Neftçi»yə gələn məşqçini yalnız titul vəzifəsində saxlaya, ömrünü uzada bilər. Kimlərin yolu keçib buradan, kimlərin… Hələ kimlər gələcək, kimlər gedəcək…

Abasovun özündən əvvəlkilərin aqibətindən dərs çıxarmadığını düşünürəm. Diqqət yetirin, "şükür ki, "Neftçi"nin baş məşqçisi olmaq mənə qismət oldu" deyir. Aha, demə, o, «Neftçi»ni çalışdırmağı nəvaxtdır arzulayırmış...

Halbuki 2 gün öncə saytımıza verdiyi açıqlamada «klub rəhbərliyindən təklif gəlməsə, ölmürük ki…» söyləmişdi.

İki gün fərqlə bir-birinə daban-dabana zidd iki açıqlama verən Abasovun səmimiyyətinə necə inanasan? Adamın bir başı, min dili var.

Pir Kamran Quliyevin özünündür, kəramətinə bələddir. Bələdçiliyi var idi ki, Samir Abasovu ötən 3 ilə yaxın müddətdə heç yadına da salmadı, nə yanına, nə yaxınına aldı.

«Biz yalnız futbolçu yox, prezident də yetişdirib, başqa klublara göndəririk» açıqlaması yadınızdadır yəqin. Abasov demişdi, bəli. Quliyev ona ünvanlanan bu istehzalı atmacanı unudub deyirsiz?

Uşaq olmayaq. Kamran bəy kinli və özünü başqalarından üstün hesab edən insandır. Onu Abasovun təyinatına imza atmağa məcbur etməsəydilər, ömrüboyu öz xoşuyla bu izdivaca getməzdi. İşini itirməmək, rəsmi və qeyri-rəsmi patronlarının qəzəbinə tuş gəlməmək naminə bir addım geri çəkilib indi.

Yalnız bir addım amma. İki addım deyil. Görəcəksiz, az keçəcək, «Neftçi»nin düşərgəsindən yeni-yeni qalmaqallı xəbərlər gələcək, ara qarışacaq, məzhəb itəcək.

O dil ki Samir Abasovda var. O «mənəm-mənəmlik» ki Samir Abasovun içində var…

Paho, həngamə qabaqdadır.

Gözdə-qulaqda olun, «Neftçi»nin yağışdan çıxıb, yağmura düşməsinə bir yerdə şahidlik edəcəyik.

Xəzər Hikmət

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"