Qələbəmizə tamah salan - Kimə lazımdır Region Liqasında çıxış edəcək komandalar?

10 Noyabr 2020 13:20 Köşə 1 669
Qələbəmizə tamah salan - Kimə lazımdır Region Liqasında çıxış edəcək komandalar?

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zəfərlə yekunlaşdı.

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi düşmənin təslim olması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bu müddət ərzində, 10 milyonluq əhalimizin böyük əksəriyyəti əsgər oldu. Səngərdə olan igidlərimiz düşmənin başına od ələdilərsə, arxa cəbhədə olanlar da əlindən gələni etdi.

Kimisi cəbhəyə yardım topladı, kimisi informasiya müharibəsi apardı. Amma öz mənafeyini güdənlərin, ara qarışdırmaq, təxribat törətmək istəyənlərin olmadığını da iddia etməyəcəyəm.

Belələri var idi. Belələri həmişə olub, olacaq da yəqin. Elə biri bizim AFFA. Azərbaycan futbolunu idarə edən, futbol adına milyonlarla manat vəsaiti mənimsəyən AFFA rəhbərləri Vətən Müharibəsi getdiyi müddətdə nə iş gördülər, nə dəstək verdilər?

Bəlkə informasiya müharibəsi apardılar, bəlkə əhalini təxribata uymamaq üçün maarifləndirdilər, xəbərimiz olmadı? Yox, hunların heç biri olmadı. Amma əvəzində ordumuzun qələbəsini fürsət bilib gələcək planlarını qurmağa başladılar.

Azərbaycan Ordusu işğal altında olan rayonları bir-birinin ardınca işğaldan azad etdikcə, AFFA məlumat yaydı ki, növbəti mövsüm həmin rayonların futbol komandaları yaradılacaq. Və bu komandalar Region Liqasında çıxış edəcəklər.

Bax, buna deyərlər fürsətdən yararlanmaq. AFFA-dakı istedadlı dələduzların əlinə pul qazanmaq üçün yaxşı fürsət düşüb. Kimə lazımdır, mənasız Region Liqasında çıxış edəcək komandalar?

Region Liqası indiyə qədər Azərbaycan futbolunun inkişafına hansı töhfəni verib? Heç nə. Yalnız AFFA-dakı bir qrup pul “yuyub”. AFFA-nı işğaldan azad olunmuş rayonlarda futbolun inkişafı düşündürsəydi, həmin ərazilərdə uşaq futbolu ilə bağlı infrastrukturun qurulması üçün layihə hazırlayardı.

Daha Region Liqası üçün komanda formalaşdırmağı planlaşdırmazdı. AFFA-dakı istedadlı dələduzlar indiyə qədər həmin rayonları görmürdülər? Ərazi işğal altında idi.

Amma rayonların əhalisi ki, yaşayırdı, qururdu, yardırdı. O rayonların uşaqları məktəbə gedirdilər, təhsil alırdılar. AFFA rəhbərliyi niyə görmürdü o uşaqları?

İndiyə qədər hansı qaçqın məktəbində, məcburi köçkünlərin kompakt məskunlaşdıqları ərazilərdə uşaq futbolunun inkişafı ilə bağlı infrastruktur qurdular? Qurmadılar, görmədilər o uşaqları.

Ev-eşiyini itirmiş o insanları görmədi AFFA rəhbərliyi. Amma indi qələbəmizi görürlər. Və bu qələbəyə də tamah salırlar. Bu qələbədən də yaralanaraq şəxsi maraqlarını düşünürlər.

Futbolun inkişafını düşünən qurum, uşaq futboluna qayğıdan başlayar, infrastruktur qurulmasına maliyyə ayırar. Daha mənasız Region Liqasında çıxış edəcək komandalar formalaşdırmaq kimi sarsaq ideya ilə gündəmə gəlməz.

Ərazilərimizi erməni işğalçılarından qurtardıq, AFFA da bu rəhbərlikdən qurtulmalıdır. Əsgərlərimizin qanı bahasına əldə edilmiş qələbəyə də tamah salan rəhbərlikdən.

Natiq Muxtarlı

Xəbər Lenti