Dirilən Qarabağ, ölən “Qarabağ”

6 Noyabr 2020 19:20 Köşə 1 234
Dirilən Qarabağ, ölən “Qarabağ”

Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşməndən azad edir.

Qarış-qarış, kənd-kənd. Qarabağ qarış-qarış, kənd-kənd dirilir, oyanır, özünə qayıdır. Bu payız da elə bil payız deyil, yazdır.

Qarabağın qayıdışı insanlarımıza da sirayət edib. Üzü gülür, siması nurlanır, qəlbi fərəhlənir insanlarımızın. Məğlub düşüncənin qalib ruha çevrilişi baş verir gözümüzün qarşısında.

Amma gözümüzün qarşısında “Qarabağ” futbol klubunun da ölümü gerçəkləşir. Bu o “Qarabağ”dır ki, torpaqlarımız işğal altında olanda, məğlub düşüncənin məngənəsində sıxılanda yeganə təsəllimiz olub.

Ölü Azərbaycan futbolunun yeganə dirisi olub “Qarabağ” Amma bu gün Qarabağ dirilərkən, ölür “Qarabağ”. Sivasda ölən, ruhu olmayan “Qarabağ” gördük.

“Köhlən atlar” Çempionlar Liqasının, Avropa Liqasının qrup mərhələsində həmişə bundan qat-qat güclü qrupa düşüblər, daha adlı-sanlı komandalarla mübarizə aparıblar.

Məğlub olublar, amma mübarizə aparıblar. Dişlə dırnaqla, ruhla mübarizə aparıblar. Sivasda isə Türkiyəyə alver ardınca gedən, istədiyi malları tapmayıb məyus olan ticarətçi ruhu gördük meydanda.

Niyə? Niyə Qarabağ dirilərkən “Qarabağ” ölür? Səbəblər çoxdur. Azərbaycan futboluna rəhbərlik edən “işğalçılar”ın formalaşdırdığı rəqabətsiz çempionatı, klub futbolunun inkişafı yolunda basdırılmış “mina” olan limitimi deyək...

Lovğa-lovga “çempionluğa oynayacağıq” deyən Yunis Hüseynovun “Keşlə”si “Qarabağ”a biabırçı hesabla məğlub olursa, çempionatın səviyyəsi göz önündədir.

“Qarabağ”ın rəhbərliyinin də günahını deyək. Komandanı gücləndirmək üçün vəsait ayırmadılar.

Elə “Qarabağ”ın məşqçilər korpusunun da səhvləri az deyil. Sabit heyət uğurun səbəblərindən biridir. Amma uzun müddət toxunulmaz qalanlar da sabitlik və uğur üçün təhlükədir.

Yatmış ruhla, ölmüş mübarizə əzmi ilə. “Qarabağ” Sivasda meydana çıxanda müzəffər Ordumuz Şuşa ətrafında ölüm-dirim mübarizəsi aparırdı.

“Qarabağ”lıların da bundan xəbəri vardı. Amma Ordumuzun o rəşadəti onların mübarizə əzminə zərrə qədər də təsir etməmişdi.

Dirilən Qarabağın fonunda ölən “Qarabağ” gördük. Olsun. Mənim üçün vacib olan Qarabağın dirilişidir

Var olsun Azərbaycan Ordusu! Var olsun Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Natiq Muxtarlı

Xəbər Lenti