İndi biz "Qarabağ"dan nə istəyirik, nə?

6 Noyabr 2020 11:50 Köşə 913
İndi biz "Qarabağ"dan nə istəyirik, nə?

«Qarabağ» altıncı dəfə qatıldığı Avropa Liqasının qrup mərhələsindən bu il də çıxa bilmədi.

Şans faktiki olaraq qalmayıb.

Düzdür, son 3 tur nəzəri cəhətdən bunu mümkün edir, lakin… Möcuzə nadir hallarda baş verir. Çox vaxt onun heç tozu da olmur.

İndi də möcüzənin iyi, səs və əsmiri gəlmir. Sözsüz, «Qarabağ» rəqiblərini Bakıda qəbul etsəydi, vəziyyət bir qədər fərqli olacaqdı. Bakının havası, təsiri başqadı.

Əlbəttə, azarkeş amilini də qeyd etməliyik. Lap onsuz da, «Qarabağ» Bakıda başqa cür oynayacaqdı. Ta o səviyyədə olmasa da, doğma divarlar amili «Qarabağ»ı nisbətən özünə qaytaracaqdı.

Qurban Qurbanov hər şeyi çox düzgün qeyd edib: komandası hərtərəfli olaraq ilbəil geri gedir və bütün spektri əhatə edir. Bu, qorxunc proqnoz və bədbinlik əlaməti deyil.

Qurbanovun söylədikləri ruh düşkünlüyünün da göstərici sayılmamalıdır.

Reallıq nədirsə, nəyi deyirsə, Qurbanov onu da söyləyib. Gizlətməyib, özünə qapanmayıb, yuxuya dalmayıb və yuxuya verməyib - əsas budur. Düz söz acıdır, amma onu qəbul etmək və tədbir görmək lazımdır.

Bizə «Qarabağ»ın qrupda məğlubiyyətləri sıralaması ağır gəlir, bir çoxumuz hətta «Makkabi» ilə «sivasspor»u Premyer Liqamızın iştirakçıları ilə müqayisə edir, paralellik aparır. Bu, sadəcə, axmaqlıqdır!

Həqiqətin üzünə düz baxaq, gözümüzü onun gözünün içinə dikməkdən yayındırmayaq: koronavirus pandemiyasının nəfəsini kəsdiyi Azərbaycan futbolunun dar boğazında ilişib qalmayan «Qarabağ»ın Avropa Liqasıında qrup mərhələsinə yüksəlməsinin özü möcüzəyə bərabərdir.

«Neftçi», «Keşlə» və «Sumqayıt»ın mübarizəni erkən dayandırması fonunda, «Qarabağ»ın yenə buyerlərə gəlib çıxması Allahın bir lütfüdür.

Nankorluq pis bir xüsusiyyətdir. Aza qane olmayan çoxdan da olar. Yəni, bu da var qismət məsələsinin içində. Açığı, ölkəmizin futbol həyatı yaxın 1-2 il ərzində canlanmasa, bu durğunluq «Qarabağ»ı da məhvə, dibə tərəf aparacaq.

Çox təəssüf, amma bu yol görünür artıq. «Qarabağ» neçə ildir təkbaşına çayın əks istiqaməti üzrə üzür, hərəkət edir. Bu, həmişə belə olmayacaq, davam etməyəcək, duracaq.

Futbol təbiəti onun ziddinə gedənlərlə gec-tez üzlüşür. Rəqabətin olmadığı sferada uğur əldə etmək, səviyyəni qoruyub saxlamaq müvəqqətidir.

Təbii proqres ümumən futbolumuzu əhatə etməsə, «Qarabağ»dan daha böyük işlər ummağa dəyməz. Sadəcə, dəyməz.

Biz «Keşlə»yə 6 qol vuran «Qarabağ»dan tələb edirik ki, çıx, «Makkabi»ni, «Sivasspor»u yerində ud. O «Keşlə»dir e… Abdulla Zubirin burada 3-5 minlik futbolçuları uşaqtək aldatmasını görüb, gözləyirik ki, o, bunu avrokuboklarda da eləməlidir.

Eləməyəndə də, dodaq büzürük ki, əşşi, nədi bu, heç nə bacarmır. Ya da digər futbolçular. Şişirdirik hamısını. Balon kimi, şar kimi, sabun köpüyü kimi. Sağlam yanaşma deyil bu.

Gəlin, əyri oturub düz danışaq, başa düşək və barışaq ki, «Qarabağ» Premyer Liqanın bir mərtəbə üstündədirsə, Avropa Liqasının iki etaj aşağısındadır.

Xəzər Hikmət

Xəbər Lenti