AFFA “işğal”dan sabah azad ediləcək

2 Noyabr 2020 16:00 Köşə 2 173
AFFA “işğal”dan sabah azad ediləcək

Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edir.

Ali Baş Komandan İlham Əliyev bildirib ki, regionda düzən dəyişəcək.

Heç şübhəsiz, daha inkişaf etmiş, daha sabit regionda yaşamalı olacağıq. Elə Ordumuzun qüdrətli əməliyyatı vətəndaşlarımızın da düşüncəsini dəyişir.

Məğlub xalqdan qalib xalq düşüncəsinə. Hər kəs sabahın daha işıqlı olacağını güman edir. Azərbaycanın torpaqları işğaldan tam azad edildikdən sonra yeni iqtisadi intibah başlayacaq, ölkəmizə investisiya axını olacaq.

Hamı düşünür ki, həm torpaqlarımız azad olunacaq, həm də korrupsioner məmurlardan xilas olacağıq. Alternativ yol yoxdur. Düşmən də Azərbaycana zərər vurub, korrupsiya da.

Erməni ilə korrupsionerin heç bir fərqi yoxdur. Hər ikisinin məqsədi Azərbaycanı zəiflətmək olub. İqtisadçılar deyirlər ki, təkcə Cəbrayıl rayonunun işğalı 27 il ərzində Azərbaycan iqtisadiyyatına 60-65 milyard dollar ziyan vurub.

Hər kəs Azərbaycanda bütün sahələrdə inkişaf gözləyir müharibədən sonra. O cümlədən, futbolda da.

Elə futbolumuz da ərazilərimizin bir qismi kimi işğalda olub uzun illər ərzində. Bu sahəddən bixəbər bir qrup adamın "işğal"ında.

Dövlət futbolun inkişafı üçün milyardlarla vəsait ayırıb. Amma nəticə olmayıb. Çünki futbolumuzu “işğal”da saxlayanlar o vəsaiti inkişafa yönəltməyiblər, şəxsi büdcələrini zənginləşdiriblər.

Azərbaycan futbolu milyardlarla vəsait ayrılmasına baxmayaraq, dünyanın ən zəifləri arasında olub. Amma futbol təsərrüfatına rəhbərlik edənlər də dünyanın ən zənginləri arasında yer alıblar.

Torpaqlarımız işğaldan azad edilir. Regionda yeni düzən olacaq. Daha sabit, daha inkişaf etmiş regionda yaşayacağıq. Öz düşüncəmiz də dəyişir.

Futbolumuzun da dəyişməsi qaçılmaz olacaq. Amma futbolumuzun dəyişməsi üçün AFFA “işğalçılar”dan azad edilməlidir. İndiki rəhbərliyin düşüncəsini dəyişmək mümkün olmayacaq. Bu, birmənalıdır.

Düşüncəsi dəyişməyənləri kreslolarda dəyişməliyik. İnkişafın təminatı onda baş verəcək. Hələlik isə diqqətimiz cəbhədə olsun, şanlı Ordumuzun yanında. AFFA “işğal”dan sabah azad ediləcək. Bu, mütləq olacaq, başqa yol yoxdur.

Natiq Muxtarlı

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı