"Əhsən, Qurbanov! Sən dahisin"

30 Oktyabr 2020 20:30 Köşə 1 878
"Əhsən, Qurbanov! Sən dahisin"

İstanbula aparan yol - UEFA-nın Dağlıq Qarabağda yaşanan gərginliklə bağlı "Qarabağ"a ölkəmizdə oynamaq qadağası qoyması, son çempionu bir müddətlik İstanbulda lövbər salmağa vadar etmişdir.

Bu səbəbdən Ağdamlılar dünən orada - "Başakşeher Fateh Terim " stadionunda Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində La Liqa təmsilçisi Vilyarreal"ı qəbul edirdi.

Ev qədər doğma olan bu səfər görüşü üçün yola düşən media mənsubları arasında mən də vardım.

Qardaşlıq ruhuna bürünən arena - Təxminən 1,5 saat öncdən oyunun baş tutacağı "Başakşəhər Fatih Term" stadionun ərazisinə ayaq basdıq. Hər addımda Türkiyə - Azərbaycan qardaşlığının əlamətləri vardı. Arena ətrafında Türkiyə bayraqları ilə yanaşı ölkəmizin də çox sayda şanlı bayrağı dalğalanırdı. Stadionun hasarlarına "Qarabağ Azərbaycandır", "Bir millət iki dövlət", "Yanındayıq can Azərbaycan", "Can Azərbaycan" və "Dualarımız sizinlədir" kimi dəstək pankartları asılmışdı. Oyunun gedişində yerli media nümayəndələrinin "Qarabağ"ın yaratdığı qol epizodlarına və vurduğu qola doğma klublarıymış kimi reaksiya vermələrini də görməyə dəyərdi. Bir sözlə, Dağlıq Qarabağda gərginliyin yaşandığı belə həssas günlərdə tv-lərədən, sosial şəbəkələrdən gördüyümüz dəstəyi İstanbulda canlı olaraq gördük və hiss etdik. Buna görə, Türkiyəyə böyük təşəkkür düşür. Ki, İstanbula səfər edən media mənsubları əməli ilə qardaş ölkəyə təşəkkür etməyi özünə borc bildi. Belə ki, oyundan öncə stadionun qarşısında Bakıdan oyun üçün İstanbula gedən media mənsublarının hazırladığı böyük "Təşəkkürlər Türkiyə" pankartı açılmış oldu.

"Qarabağ"dan gözlənilməz başlıq - Oyunun start fiti 21:55-də verildi. "Qarabağ" meydana ciddi itkilərlə çıxmışdı. Komanda Maksim Medvedev, Bədavi Hüseynov kimi əsas heyət üzvlərinin köməyindən məhrum olmuşdu. Mahir Emreli isə yalnız ikinci hissə meydanda olmaq gücünü özünə tapdı. Bundan əlavə Matiçin ehtiyatda qalması da gözlənilməz oldu. İtkilər olmasa belə oyunda "Vilyarreal"ın diktə edən tərəf olacağı öncədən proqnozlaşdırılırdı. Amma gözlənilənlərin əksi olaraq ağdamlılar oyuna çox uğurlu start verdi. İlk 10 dəqiqə ümumiyyətlə ispaniya təmsilçisi mərkəzi keçməkdə çətinlik çəkirdi. Abdullah Zubir, Patrik Andrade və Filip Ozobiç üçlüsü daha çox fəallıq göstərirdi. Sonuncu 12-ci dəqiqədə hesabı açmağa çox yaxın oldu. Belə ki, xorvatiyalı bir hərəkətlə rəqibini arxada qoyub cərimə meydançasına daxil olsa da zəbə vurmağa macal tapa bilmədi. Rəqibin tədricən oyuna nəzarəti əla alacağı gözlənilsə də bu yalnız növbəti 8 dəqiqədə baş tutdu. Əbəs deyil ki, növbəti 8 dəqiqəlik periodda rəqibin vurduğu zəribələrdən biri dirəkdən, digəri tirdən qayıtdı. Bu "Vilyarreal"ın ilk hissə ərzində yaratmağı bacardığı son epizodlar oldu. Ümumi götürsək ilk hissəni "Qarabağ"ın alktivinə yaza bilərik.

İkinci hissəyə rəqib daha fəal başladı. Bir neçə epizodda Şahruddin Məhəmmədəliyevin inamlı çıxışı komandasının dadına çatdı. Qolun yetişdiyinin fərqində olan Qurban Qurbanov Xayme Romero və Filip Ozobiçi oyundan alıb, əvəzində Uroş Matiç və Mahir Emrelini döyüşə atdı. Bu əvəzlənmə zamanı Türkiyəli jurnalistin "Əhsən, Qurbanov. Sən dahisin" deməsi diqqətdən qaçmadı. Məhz əvəzetmədən bir qədər əvvəl həmkarımız adıçəkilən futbolçuların əvəzlənməli olduğunu dilinə gətirmişdi. Yalnız bunda sonra komanda oyunu müəyyən qədər bərabərləşdirə bildi. Hətta 78-ci dəqiqədə "Qarabağ" hesabda önə çıxmağı da bacardı. Andradenin möhtəşəm ötürməsindən sonra Kvabena Ovusu adını tabloya yazdırdı.

Hər şey Qurbanovun komandası üçün yolunda gedirdi. Amma bir anda oyun bərbad məcraya yönə aldı. Cəmi 2 dəqiqə sonra Şahruddin Məhəmmədəliyev rəqibin uzaq məsafədən vurduğu gözlənilməz zərbəyə reaksiya verə bilmədi. "Qarabağ" özünə gəlməmiş qapısında ikinci topu gördü. Rahil Məmmədovun cərimə meydançasında nə etmək istədiyini anlamağa çalışırdıq ki, rəqib topu ondan alıb, Karlos Bakkaya ötürmə etdi. Sonuncunun dəqiq zərbəsi bərabərlik ümidlərinin üzərindən də xətt çəkmiş oldu. Yorulub əldən düşən "Qarabağ"lı futbolçuların qalan dəqiqələrdə bərabəlik qolu vurmağa gücü çatmadı. Əksinə son dəqiqələrdə hakimin "Qarabağ"ın qapısına verdiyi şübhəli onbir metrlik cərimə zərbəsini Pako Alkaser dəqiq yerinə yetirməklə oyunda son nöqtəni qoydu. Bununla da "Qarabağ" qrup mərhələsində ardıcıl ikinci məğlubiyyətini almış oldu.

Nəticə üzücü olsa da "Qarabağ"ın göstərdiyi oyun gələcəyə böyük ümid yeri qoydu. Növbəti tur rəqib ağdamlılar kimi hələ də xal üzünə həsrət qalan "Sivassppor"du. Qardaşlıq qazansın deyirik.

Xanoğlan Imanov

Xəbər Lenti