Visente Qomezin Azərbaycanda sabahı yoxdur

27 Oktyabr 2020 21:00 Köşə 1 606
Visente Qomezin Azərbaycanda sabahı yoxdur

"Sabah" Azərbaycan Premyer Liqasında növbəti dəfə meydanı başıaşağı tərk etdi.

Masazır təmsilçisi üçün bu hala cəmi 7 turu arxada qalan hazırkı ölkə çempionatında 5-ci dəfədir yaşanır.

Baş məşqçi Visente Qomez isə hələ də vaxt istəyir. Cənab Qomez, sizə layiq olduğunuzdan da artıq vaxt verildiyinin hələ də fərqində deyilsizmi?

Əslində İspaniyalı mütəxəssisin "Sabah"a təyinatı belə birmənalı qarşılanmamışdı. Amma futbol ictimaiyyəti səbr edib, ona zaman tanımaq yolunu seçdi. Doğru olanı da bu idi.

İnsafən o da pis başlamamışdı. Yeni mövsümə hazırlıq çərçivəsində Qəbələdə baş tutan təlim-məşq toplanışda "Sabah" onun rəhbərliyi altında ardıcıl qələbələri sıralayırdı. Düzdü, oyunları izləmək şansımız olmurdu, amma qələbələr davamlı və ən əsası inamlı olduqca "aha deyəsən, "Sabah" istədiyini tapıb" fikri adamı tək buraxmırdı.

Əsl imtahan isə 22 avqust - yeni mövsümün startı ilə başlıdı. İlk tur komanda "Qarabağ"ın rəqibi oldu və 0-2 hesablı məğlubiyyətə üzüldü. Rəqibin "Qarabağ" olması tənqidlərin önünü kəsmiş oldu.

Növbəti rəqib "Qəbələ" idi. Qomesin yetirmələri 3-0 hesablı qələbə qazansa belə, hər kəs qalibin yox, "Qəbələ"nin əla oyunundan daha çox danışırdı. "Sabah"ın bu dəfəki məzmunsuz oyunun üzərinə 3-0 qazanılan qələbə "pərdə" çəkmiş oldu.

3-cü tur "Zirə" üzərində qazanılan səfər qələbəsi fikirləri nisbətən müsbət yönə istqamətləndirdi. Əslində komanda yenə də o qədər parlaq oyunla qələbə qazanmamışdı.

Sadəcə, ortada ardıcıl iki görüşdə qazanılan 6 xal vardı. Düşünmək olardı ki, Visente Qomesin fəlsəfəsi yaxşı oyuna yox, yaxşı nəticəyə hesablanıb və bu da var.

Əgər belədirsə, nə xoş "Sabah"ın halına. Hər halda önəmli olan qazanılan xallardı. Sonda uğur və uğursuzluğun həcmini məhz o xallar təyin edəcək.

Amma zaman göstərdi ki, ardıcıl bu iki qələbə təsədüfdən başqa bir şey deyilmiş. Təsadüflə qazanılan nəticə isə uzunmüddətli ola bilməz. Necə ki, "Sabah"da da elə oldu ...

Komanda növbəti tur problemlər məngənəsində can verən "Səbail"ə uduzdu. Növbəti turlar isə ardıcıl olaraq "Keşlə" və "Neftçi" məğlubiyyətləri gəldi. Son turda komanda "Sumqayıt"la bacarmadı. O "Sumqayıt" ki, heyətində yer alanların yarıdan çoxunu Visente Qomes heç öz komandasına yoxlanışa belə götürməz.

Düşünürdüm ki, "Sumqayıt"la oyun onun üçün "Sabah"da sonuncu görüş olacaq və eyibinə bürünüb İstefa verəcək. Amma olmadı, o, qalmağı seçdi.

Niyə qalıb hələ də başa düşə bilmirəm. Maraqlıdır, nəyə ümid edir? Komanda nə indi, nə də gələcəyə ümid verəcək məşqçi işi görünürür. Uğura ümid etmək üçün ortada heç bir müsbət element yoxdur. Bunu Qomes görmür və ya görmək istəmir.

Bəs rəhbərlik? Qomeslə "Sabah"ın Sabahını görmək elə də çətin deyil. .

Xanoğlan İmanov

Xəbər Lenti