“Qurban olsunlar əsgərlərimizə” deyək?

12 Oktyabr 2020 14:36 Köşə 1 006
“Qurban olsunlar əsgərlərimizə” deyək?

Başımız qarışıb Vətən Müharibəsinə.

Şanlı ordumuzun cəbhədə göstərdiyi rəşadət futbolçularımızın biabırçılığını atdı arxa plana.

Çoxları “qurban olsunlar əsgərlərimizə” deyib, tənqidi fikir bildirməkdən vaz keçdilər. Amma deməliyik. Deməliyik ki, qoy futbol təsərrüfatına başçılıq edənlər də, futbolçular da, əslində kim olduqlarını bilsinlər.

İstedad, uğurlu olmaq üçün yalnız 20 faizlik göstəricidir. Qalan 80 faiz zəhmətin, xarakterin, iradənin hesabına əldə olunur.

Azərbaycanlı futbolçular arasında istedadlıları yoxdur? Var, tək-tük olsa da. Biri elə Bəhlul Mustafazadə. İki il əvvəl həmkarlarımla, elə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla görüşdə də deyirdim ki, Bəhlul indi xaricə çıxmasa, iki ildən sonra adidən də adi futbolçu olacaq.

İndi Bəhlul adidən də adi futbolçudur. Daha onun istedadını inkişaf etdirəcəyini gözləməyin. Emil Balayev – bir vaxtlar “Qarabağ”da ehtiyatda otururdu.

Sonra Qazaxıstana getdi. İnanılmaz səviyyədə inkişafa nail oldu, yığmanın əsas qapıçısı statusuna yüksəldi. Və qayıtdı “Qarabağ”a. Ehtiyatda oturmaq üçün. İndi sıradan bir qapıçıdır.

Niyə belə oldu? Xarakter çatışmazlığı və pula hərislik. Futbol təsərrüfatına rəhbərlik edənlər bir-iki istedadımızı da pula tutmaqla inkişafdan saxlayırlar.

Bəhlul ölkədən çıxsaydı, indi ən azı Avropanın ortabab klubunda çıxış edirdi. Çünki orda rəqabət olacaqdı, inkişaf edəcəkdi. Amma rəqabətsizliyi seçdi.

“Sabah”da onun alternativi yoxdur, əlahəzrət limit sayəsində hansı formada olmasına baxmayaraq meydana çıxacaq. Aylıq məvacibi də 20 min manat. Emil Balayevdə də xarakter çatmadı.

“Qarabağ”da ehtiyatda qalıb ayda 15 min manat almağa üstünlük verdi. Onlara bu qədər məvacib niyə verilir? Məni qınamayın, kiminsə yüksək məvacib almasının əleyhinə deyiləm.

Hansısa özəl şirkət yaxşı gəlir əldə edirsə, əməkdaşına da yaxşı məvacib verəcək. Amma Azərbaycan klublarının qara qəpik də gəliri yoxdur. Onları dövlət maliyyələşdirir.

Dövlətdən maliyyələşən hansı idarə-müəssisədə işçi 15-20 min manat məvacib alır? Bu gün cəbhədə düşmənlə üz-üzə dayanan generalın məvacibi 2 min manatdırsa,

Bəhlul Mustafazadə ondan on dəfə çox məvacibi hansı haqla alır? Ədalətsizlik deyil? Ədalətsizlikdir! Kimdir bu ədalətsizliyə rəvac verən? Futbolçuları çıxın, onların xarakteri yoxdur, ona görə də “bizə haqq etmədiyimiz pul” verilir deməyəcəklər.

Günahkar Azərbaycan futboluna rəhbərlik edənlərdir. Onlar nəinki bir-iki istedadımızı da məhv edirlər, həm də yaxşı pul qazanırlar futboluna hesabına.

Ölkədə Vətən Müharibəsi gedir. Bəlkə də aylıq məvacibi 500 manat olan azərbaycanlı könüllü olaraq cəbhəyə yollanıb.

Yollanıb ki, aylıq məvacibi 15-20 min manat olanlar rahat yaşasınlar. Azərbaycanı biabır etsələr belə.

Natiq Muxtarlı

Xəbər Lenti