"Qarabağ"ın köhlən atları

2 Oktyabr 17:10 Köşə 426
"Qarabağ"ın köhlən atları

Qarabağ atlarını dünyadakı digər at cinslərindən fərqləndirən xüsusi bir cəhəti var ki, bunu yalnız mütəxəssislər və tədqiqatçılar bilir.

Bu atların nəsli türkmən at cinslərinin nəslindəndir.

Boy-buxununa görə ərəb atları, daha yaraşıqlı görünür və qısa məsafədə Qarabağ atlarını keçir. Amma uzaq məsafədə Qarabağ atları ərəb atlarının yanından «Mersedes» «Jiquli»nin yanından keçən kimi keçir. Amma əsas fərq bu deyil.

Qarabağ atları orta boylu atlardır, döyüşdə böyük manevr imkanlarına malikdir, düşmənin qılıncının qarşısından sıyrılıb çıxa bilirlər. Yenə də əsas fərq bu deyil.

Qarabağ atları yeganə at cinsidir ki, döyüşdə üstündəki əsgərlə bərabər düşmənlə vuruşa bilir. Ayaqları ilə, ağzı ilə düşməni məhv edir. Və onu da qeyd edim ki, təmiz cinsli Qarabağ atlarını qaşovlayıb gün üzünə çıxaranda qızıl balıq kimi üstlərində qızıl pullar göz oxşayır.

«Nəsimi» filmində Usta belə bir ifadə işlədir ey: «Teymur mənim at ağızlı oğlanlarımı…» «At ağızlı» ifadəsi də məhz Qarabağ atlarının döyüşkənliyindən yaranıb.

Yəni dişiylə, dırnağıyla da düşmənlə çarpışır bizim atlar. Qurban Qurbanovun köhlən atları da «Legiya» ilə dişiylə, dırnağıyla «döyüşdü». Və Qurbanın at ağızlı köhlənləri çox həssas bir dönəmdə xalqımıza böyük sevinc yaşatdı.

At ağızlı əsgərlərimiz erməniləri necə ki «dişiylə-dırnağıyla» məhv edib torpaqlarımızı azad edirlər! Və Qurban Qurbanovun köhlən atlarının qələbəsi onlara yeni bir ruh verdi.

Qurban Qurbanovu və komandanın bütün kollektivini, futbolçuları ürəkdən təbrik edirik. Tanrı ön cəbhədəki at ağızlı əsgərlərimizi qorusun! Və Tanrı Qurban Qurbanovun at ağızlı köhlənlərini də!

Aqil ABBAS

Xəbər Lenti