Zəfərlə Qarabağa qayıt, "Qarabağ"!

1 Oktyabr 2020 20:20 Köşə 755
Zəfərlə Qarabağa qayıt, "Qarabağ"!

27 sentyabr səhər saatlarında ermənistan ordusu tərəfindən ölkəmizin cəbhə boyu ərazilərinə növbəti təxribat xarakterli hücum edildi.

Artıq uzun illərdi bədnam qonşularımızın belə iyrənc əməllərinə dözməklə bərabər, işğal olunmuş ərazilərin sülh yolu ilə həllinə də ümid edirdik. Hətta Ali Baş Komandanın dəfələrlə ermənistan tərəfinə xəbərdarlıqlar etməsinə baxmayaraq, onlar öz iyrənc əməllərindən əl çəkmədilər. Düşünmək belə istəmədilər ki, səbrin də bir həddi var axı.

Düşmənin sonuncu təxribatından sonra Ali Baş Komandan İlham Əliyev rəşadətli ordumuza sürətli əks-hücum əmrini verdi. Artıq 5 gündür cəbhə xəttində düşmənlə şiddətli müharibə gedir. Bu günlər ərzində ordumuz böyük uğurlar əldə etməyə nail olub. İşğal altında olan 7 kəndimiz və Murov dağ yüksəkliyi daxil olmaqla bərabər başqa bir neçə strateji əhəmiyyətli yüksəkliklər ələ keçirilib. Düşmən çox sayda canlı quvvə və texnika itirib.

Bu hələ başlanğıcdı. Ölkə prezidentinin bütün açıqlamalarında qeyd etdiyi kimi ordumuz işğal altında olan bütün torpaqlarımızı azad edənə kimi müharibə davam edəcək.

Bu gün həm də Qarabağın "Qarabağ"ı da meydana çıxacaq. O "Qarabağ" ki, illərdi avropa arenasında adından söz etdirir. Qazandığı nəticələrlə həm də düşmən bağrına od səpir. Bu gün bir qulağımız da Polşadan gələn xəbərdə olacaq. Çünki hazırda səngərdə qazandığımız uğurlarla bərabər, ondan kənarda qazandığmız yaxşı nəticələrə də ehtiyacımız sonszudur.

İllərdi doğma meydandan - "İmarət"dən uzaq olan "Qarabağ" bu gün yenə səfər meydanında Polşa "Legiya"sına qonaq olacaq. Ağdamlılar 30 ilə yaxındı ki, onsuz da doğma meydana həsrətdir.

"Qarabağ"lı futbolçular Ağdamın işğal xəbərini 28 il öncə elə futbol meydandanında mübarizə apardıqları zaman xəbər almışdılar. O gün meydanda olan Müşfiq Hüseynov, bu gün də Polşada komandanın yanındadır. O, 30 il öncə aldığı xəbərin təsirindən 90 dəqiqə göz yaşlarını silərək oynamışdı. Arzu edək ki, bu gün axşam Müşfiqin timsalında bütün komanda sevinc göz yaşlarını silərək və zəfərlə Polşadan Bakıya qayıdacaq. Ki, doğma Ağdamın - "İmarət"in görüşünə əliboş getməsinlər.

Xanoğlan İmanov

Xəbər Lenti