"Qarabağ"ın dərdi - Vaxtında tam və yetkin transferlər etməmək

29 Sentyabr 2020 12:44 Köşə 1 016
"Qarabağ"ın dərdi - Vaxtında tam və yetkin transferlər etməmək

"Qarabağ" "Mölde" ilə oyunda əvvəlki illərin ssenarisinə qayıtdı.

Avropa mövsümünə ümidlə başlayan komanda daha sonra dərin uçurum ab-havası ilə matçdan-matça aşağı doğru yol alır.

Bu dəfə də 90 deyil, hətta 120 dəqiqə ərzində rəqibindən üstün olan, epizodları bir-bir xərcləyən klub, əslində, meydanda özünə yer tapa bilmir, buna görə də toparlana bilmirdi.

Qarşılaşmanın ən ağrılı nəticəsi odur ki, Ağdam klubu faktiki olaraq özü-özünə uduzdu. Ucalıqlara qaldırılıb ardınca oradan danlaqla endirilən Mahir Emrelinin, deyəsən, elə özü də buna alışmağa başlayıb və həm də bu, onun futbolçu xarakterinə hopub.

Bir maraqlı və vüsətli oyun effektindən sonra o, sanki ulduzlaşmış kimi ən bərbad hazırlıq nümayiş etdirir. Lakin "Qarabağ"ın dərdi vaxtında tam və yetkin transferlər etməməsidir.

Bunu pandemiyalı maliyyə vəziyyətinə bağlamaq artıq inandırıcı görünmür. Axı əvvəlki illərdə də belə idi. Əlbəttə, milli futbolun zəif olması və bu heyətin də qələbələrə yetməsinin təsirindən danışmaq mümkündür.

Fəqət böyüməyi düşünən və brendə çevrilməyi qarşısına vəzifə qoyan kollektiv heç bir şərt və şəraitə boyun əymədən öz yolu ilə getməlidir. Futbolçu yetişdirməyi də tam mənimsəməyən bir komanda əcnəbi transferlərində xüsusi diqqətli olmalıdır.

Ən azı, komanda daxilində rəqabət baxımından bu yanaşma daha çox fayda verə, futbolçu yetişdirməkdən digər rəqiblərin də ardınca gəlməsinə şərait yarada və ən nəhayət, bunun biznes-marketinq inkanlarından faydalana bilər.

Oyuna nəzər salsaq, görüşün əvvəli ənənəvi erkən qolla nəticələnmədiyi üçün, "Qarabağ"ın hər an üçün "B" planı işə düşməli idi. Amma nə elə oldu, nə də belə.

Əslində, komandanın üstünlüyü, sadəcə, mövqe baxımından idi və bu səbəbdən hiss olunan və əsaslı təsiri bağışlayırdı. Amma bu göz aldadan, yanıldıcı və ötəri üstünlük idi.

Bütün oyun boyu əldən verilən qol epizodlarının hər birində bir qığılcımlı istəyin görünməməsi bunun bariz nümunəsidir. Sanki Ağdam klubunda elə bir güman var idi ki, rəqiblə arasında fərq hədsiz böyükdür.

Və elə bil, "Qarabağ" istənilən halda lazım olan qolu vuracaq. Hətta qapısına penalti "qazanan" Azərbaycan çempionu qalan dəqiqələrdə də ayılmadı və yekun bəxt zərbələrində haradasa haqlı olaraq cəzalandı.

Çempionlar Liqası ilə erkən idalaşan Qurban Qurbanovun komandası Avropa Liqasına enməli oldu və indi burada onlarıı daha ağır çəkili rəqib gözləyir.

"Qarabağ" bu il ən mürəkkəb matçlarından birini "Legiya"ya qarşı keçirməlidir. Pley-off mərhələsində şanslardan danışmaq çox erkəndir.

Amma təhlükə real olmağa başlayıb. "Qarabağ" ən qısa zamanda ideya olaraq toparlanmalıdır.

BATI YAR

Xəbər Lenti