Premyer Liqanın havasını dəyişən "Sumqayıt"ı gözləyən təhlükə

26 Sentyabr 2020 10:52 Köşə 2 184
Premyer Liqanın havasını dəyişən "Sumqayıt"ı gözləyən təhlükə

Bu gün bütün futbol ictimaiyyəti Ayxan Abbasovdan danışır.

Daha doğrusu, onun qurub-yaratdığı, üstündə tir-tir əsdiyi, arxasından qaçmaadığı, arxa dayandığı "Sumqayıt"dan.

Hər keçən tur "kimyaçılar" göstərdikləri oyun və qazandıqları nəticələrlə təccübləndirməyə davam edir.

Mövsümün əvvəli ən optimist sumqayıtlı azarkeş də inanmazdı ki, ilk 4 turdan sonra komanda 7 xal yığacaq. Yatsa, heç yuxusuna da girməzdi ki, bu heyətlə "Neftçi"ni məğlub edəcəklər, "Qarabağ"la oyunda heç-heçəyə üzüləcəklər.

Amma bu gün bunlar baş verir. Təsadüf deyil, ardıcıllıqla görülən işlərin bəhəridir.

"Sumqayıt"ın öz adından bu qədər söz etdirməsi təkcə qazandığı müsbət nəticələrlə bağlı deyil. Nəticə bəzən qısamüddətli yüksəlişlə də əldə edilə bilər.

Hazırkı "Sumqayıt"ı həm də əsas fərqləndirən cəhət odur ki, komanda baxımlı futbol oynayır. Vurulun qollarda, qurulan hücumlarda Abbasovun möhkəm və iradəli "əli", məşqlərdəki zəhmətin təri qabarıq hiss olunur.

Əbəs deyil ki, dünən oyunsonrası mətbuat konfransında Qurban Qurbanov Ayxan Abbasovun komandası ilə bağlı bu sözləri dilinə gətirdi: "Sumqayıt" hər iki qolda sanki hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçib həyata keçirdi".

Doğrudan da, bu gün üçün "Sumqayıt"da hər şey ideala yaxın vəziyyətdədir və artan templə yüksəlişə doğru gedir. Amma sabah və ya bir müddət sonra bu, belə olmaya bilər.

Çünki heyət yetəri qədər geniş deyil. Demək olar hər mövqedə bir normal futbolçu var. Elə mövqelər var ki, orada, ümumiyyətlə, normal futbolçu yoxdur.

Bir heyətin davamiyyəti, eyni tempdə oynaması fiziki olaraq mümkünsüzdür. Bura mövsüm ərzində baş verə biləcək mümkün zədələri və cəzalıları da əlavə etsək, vəziyyətin daha da qəlizləşəcəyi gözlənilir.

Təki gümanlarımızda yanılaq, çünki Premyer Liqanın, azarkeşlərin, ən əsası, can verən Azərbaycan futbolunun hazırkı "Sumqayıt"a və Abbasova hava-su kimi ehtiyacı var.

Xanoğlan İmanov

Xəbər Lenti