"Neftçi"yə məlhəm, "Qarabağ"a yara oldu ...

21 Sentyabr 2020 20:00 Köşə 1 230
"Neftçi"yə məlhəm, "Qarabağ"a yara oldu ...

Azərbaycan Premyer Liqası çərçivəsində yeni mövsümün ilk derbisi dünən baş tutdu.

"Azərsun Arena"ada üz-üzə gələn "Qarabağ" və "Neftçi"nin duelindən qonaqlar qələbə ilə (1-2) ayrıldı.

Oyun öncəsi - Bu baxımdan hər iki komandanın durumu demək olar eyni idi.

"Qarabağ" Çempionlar Liqasınınn 3-cü təsnifat mərhələsi çərçivəsində "Molde" ilə ağır Kipr səfərindən məğlub qayıtmışdısa, "Neftçi" Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qalatasaray"a qarşı oyunda məğlubiyyətlə (1-3) bərabər böyük güc itirmişdi.

Futbol ictimaiyyətinin müxtəlif formada hər iki komandaya qarşı təzyiq və tənqidi yetəri qədər vardı

Gözlənilən başlıq - oyun meydan sahiblərinin üstünlüyü ilə başladı. Artıq 8-ci dəqiqədə "Neftçi" qapısında ilk təhlükə yaşandı. İsmayıl İbrahimlinin uzaq məsafədən vurduğu zərbəyə Aqil Məmmədov zamanında reaksiya verdi. Qayıdan topa Ovusun vurduğu zərbə qapının üstündən keçdi. Cəmi 2 dəqiqə sonra "Qarabağ" hesabı açdı. Sadə epizodda Kvabena Ovusu Cabir Əmirli ilə mübarizədən qalib ayrılaraq topu uzaq küncə yolladı. Bundan sonra ağdamlıların daha rahat oynayacağı gözlənilsə də bu baş vermədi.

Zamanında gələn qol - "Neftçi"nin bərabərlik qolu özünü çox gözlətmədi. Cəmi iki dəqiqə sonra künc zərbəsindən ötürülən topu flaqmanın mərkəz müdafiəçisi Voislav Stankoviç başla qapıdan keçirdi. Bu qol həm də "Neftçi"ni "ayıltmış" oldu. Təsadüf deyil ki, bərabərlik qolundan sonra komanda daha rahat oynamağa başladı. Etiraf etmək lazımdır ki, buraxılan qolda Emil Balayevin də az "əməyi" olmadı. Erkən vurulan qollar komandaları bir qədər ehtiyatlı oynamağa vadar etdi. "Qarabağ" topla daha çox oynasa da bu ərazi üstünlüyündən baş bir şey deyildi. Oyundakı gedişatın məntiqi nəticəsi olaraq ilk hissənin sonuna kimi qapılar qarşısında tərəflərin real qol imkanı olmadı. Yalnız 45-ci dəqiqədə Bədavi Hüseynovun baş zərbəsi rəqib qapısında təhlükə yaratdı. Epizod zamanı Aqil Məmmədovun çıxışda etdiyi səhv də gözdən qaçmadı.

İkinci hissə sakit məcrada start verdi. İlk təhlükəli epizod 67-ci dəqiqədə "Neftçi"nin qapısında yaşandı. Mahir Emrelinin cərimə zərbəsindən vurduğu topu Aqil Məmmədov əla seyvlə küncə çıxardı. Cəmi 1 dəqiqə sonra qonaqların buna cavabı qolla gəldi. Emin Mahmudov ideal ara ötürməsi ilə Namiq Ələsgərovu qapıçı ilə duelə yolladı. Bəstəboy yarımmüdafiəçi qapıçını da geridə qoyaraq topu boş qalmış qapıya göndərdi. Qalan dəqiqələrdə meydan sahiblərini bərabərlik üçün etdiyi cəhdlər bir nəticə vermədi. Beləliklə, "Neftçi" komandası uzun müddətdən sonra əzəli rəqibini səfərdə məğlub etməyi bacardı.

"Neftçi"yə məlhəm, "Qarabağ"a yara - Dünənki qələbə hazırkı məqamda "Neftçi" üçün hava-su kimi lazım idi. Bu oyuna kimi "Qalatasaray"a məğlubiyyət başadüşülən idisə, ondan öncəki "Sumqayıt" məğlubiyyəti hələ də yaddaşlardan silinməmişdi. Füzuli Məmmədovun yetirmələri bu qələbə ilə artan təzyiqin qarşısını almış oldular. Qalır uğurun davamını növbəti turlarda da gətirmək. Məmmədovun yetirmələri bunu bacaracaq ya yox, onu zaman göstərər.

"Qarabağ" isə görünür, hələ də "Molde" məğlubiyyətini unuda bilmir. 120 dəqiqəlik mübarizənin gətirdiyi fiziki yorğunluq da komandada qalmaqdadır. "Neftçi" ilə görüşün ikinci hissəsi bunu əyani göstərdi. Kiprdəki uğursuzluqdan əlavə, Qurban Qurbanovu Zubir və Xayme kimi əsas simalarının yoxluğu da az düşündürmür. Öncəki illərə nisbətən bu il heyətin bir qədər məhdud olması, Qurbanovun da əl-qolunu bağlayır. Problemlər var və son məğlubiyyət komandadakı "yaranı" bir qədər də dərinləşdimiş oldu. Amma və lakin bu heç də hər şeyin sonu demək deyil. Qarşıdakı "Sumqayıt"la oyun və Avropa Liqasının pley-off görüşündə qazanılacaq qələbə bütün daşları öz yerinə otuzdura bilər. "Qarabağ" son illər belə vəziyyətlərə az düşməyib. Qalır növbəti dəfə bu burulğandan sağ çıxmaq.

Xanoğlan İmanov

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?