"Sabah"ın axtardığı yar idi, yetirib pərvərdigar!

21 Sentyabr 2020 17:52 Köşə 1 363
"Sabah"ın axtardığı yar idi, yetirib pərvərdigar!

«Sabah»dan kimin nə gözlədiyini deyə bilmərəm, mənə elə gəlir ki, Visente Qomes uğurlu seçimdir.

Onu bu kluba hələ ötən mövsüm gətirmək lazım idi.

Heç olmasa, 5-6 ay tez dəvət olunsaydı, hazırda «Sabah»ın ifasında daha baxımlı futbol izləyir, iddialı komanda müşahidə edirdik. Sistemdən söz açmaq üçün hələ bir müddət keçməlidir, amma önəmli olan futbolçuların yeni baş məşqçinin onlardan nə istəməsini, nə tələb etməsini anlamasıdır.

Bu, mühüm məqamdır. İspaniyalı çalışdırıcı nə Elşad Əhmədovdur, nə də Jelko Sopiç. Qomes «qızıl orta»nı tapmaqda və ondan istifadə etməkdə iki həmkarını qabaqlayır.

Qomes analizdə və fiziki hazırlığın «doza»sını müəyyənləşdirməkdə arif mütəxəssisə bənzəyir. Premyer Liqanın ilk turunda «Qarabağ»la oyun, 0:2 hesablı məğlubiyyətlə başa çatsa da, əslində «Sabah»ın sabahı üçün müəyyən ümidlər yaratmışdı.

Ötən 2 tur göstərdi ki, bu, boşuna deyilmiş, planlı iş gedir. «Qəbələ»yə, ardınca «Zirə»yə oyun nizam-intizamının sayəsində qalib gələn bir komandadan danışırıq indi.

«Sabah» dünən Zirədə istəyin, əzmkarlığın bəhrəsini gördü. Təbii, fiziki cəhətdən artım olmasa, nə istək nəticəyə səbəb ola bilər, nə də əzmkarlıq. Bu iki amil bir-biriylə bağlıdır və gəlib yenə fiziki hazırlığa söykənir.

"Daha çox işləsək, Avroliqaya vəsiqə uğrunda mübarizə apara bilərik" – Qomes çox düzgün vurğulayır. 3 tura iki qələbə hələ heç nə demək deyil, bunun davamını gətirmək şərtdir.

İspaniylı çalışdırıcı Təmkin Xəlilzadəni ehtiyata alması ilə bütün komanda üzvlərinə nümayiş etdirdi ki, onun üçün adlar önəm daşımır, kim məşqlərdə can qoyacaqsa, forma geyinmək haqqı da onundur.

Sözsüz, bu, bütün futbolçuların qulağında sırğa olacaq bir hadisədir və şübhə etməyə dəyməz ki, onlar bundan özlərinə düşən payı götürəcəkdər. Kim götürməsə, qəmi kəm: Qomes onu kənara çəkəcək.

Hər qələbə özünəinam hissini bərpa etməklə yanaşı, iştah da yaradır. Həmin həftədə düşərgə yaxşı mənada qaynayır, hamı «can» deyib, «can» eşidir, mehribanlıq bir qədər də artır.

Əvvəlki baş məşqçilərin dövründə komandada meydandankənar intizam axsayırdı, Qomesin gəlişindən keçən qısa müddətdə daha belə xəbərlər mətbuata sızmır, sızdırılmır.

Olsaydı, yəqin ki, bu, meydana da sirayət edərdi. Ancaq görürük, «Sabah» keçid mərhələsini artıq arxada qoyub, artıq nəticə qazanmağa yaxındır və layiqdir.

ELNUR

Xəbər Lenti