“Qalatasaray” “Qarabağ” və “Neftçi”dən futbolçu alır

18 Sentyabr 2020 14:22 Köşə 4 052
“Qalatasaray” “Qarabağ” və “Neftçi”dən futbolçu alır

Çempionlar Liqasını, Avropa Liqasını qazanmağı yalnız 7-8 ölkənin klubları hədəf kimi qəbul edirlər.

Ö 7-8 ölkədə də bütün klublar yox, yalnız 5-6 nəhəng. Vəssalam. Amma bu o demək deyil ki, yerdə qalan ölkələrin klublarının hədəfi yoxdur.

Var. Çempionlar Liqası, Avropa Liqası nəhəng bazardır. Futbolçu bazarı.

Bax, o kiçik ölkələrin klubları bu bazarda futbolçu satmağı hədəf götürürlər. Onların əsas məqsədi bu turnirlərdə bacardıqca yaxşı çıxış edib yetişdirdikləri futbolçuları satmaq, yaxşı pul qazanmaqdır.

Bir daha deyirəm, yetişdirdikləri futbolçuları... İndi də bir dönün, Azərbaycan klublarının avrokuboklardakı yoluna baxın. “Qarabağ” 10 ildir ki, Avropada “uğurlu” deyə biləcəyimiz yol qət edib.

Amma bu 10 ildə bircə yerli futbolçu da kiminsə diqqətini cəlb etməyib. Bax, bu gün bizim əsas müzakirə mövzumuz “Qarabağ” Molde”, “ Neftçi” “Qalatasaray” səddini niyə keçə bilmədi” olmamalıdır.

Bu gün soruşmalıyıq ki, niyə bircə futbolçu da yetişdirə bilməyibsiniz? “Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Qarabağ”ın “Molde” ilə oyununu izlədi,

“Neftçi” də 90 dəqiqə gözünün qarşısında oldu. İndi Terim bu iki komandadan hansı futbolçunu bəyənsin? Bəyənsin ki, bizdə belə yaza bilək: “Qalatasaray” “Qarabağ”ın və “Neftçi”nin futbolçularını alır”.

Kimi alır? Mahiri, yoxsa Aqili? Şaqqanaq çəkib gülməzsiniz bu məntiqə? Gülərsiniz. Gəlin “Qarabağ” “Molde” səddini keçə bilmədiyinə görə Qurban Qurbanovu ittiham etməyək.

Soruşaq ki, ay Qurban müəllim, axı hansı maraqların naminə Mahir Emreliyə bu qədər güvənirsən? Və bu maraqlar naminə indiyə qədər neçə istedadın yolunu kəsibsiniz, neçə istedadı məhv edibsiniz?

Soruşaq ki, ay Rövnəq Abdullayev, Azərbaycan xalqının pulunu bu “Neftçi”yə niyə ayırırsan. Ayırırsansa, niyə soruşmursan ki, hanı gördüyünüz iş, yetişdirdiyiniz futbolçu?

AFFA birinci dəstədə 7-ci yerdə olan komandanı elitaya gətirir. Kimlərinsə marağı naminə. Uşaq futbolu yox, bazası yox, stadionu yox. Jurnalistlər də hücum çəkirlər kağız üzərində olan komanda rəsmilərinin üstünə: “Avrokuboklar uğrunda mübarizə aparacaqsınız?” Bu ölkənin futbol təsərrüfatının Əlisi də, Vəlisi də budur. “Qalatasaray” Mahirlə Aqili alır”.

Şaqqanaq çəkib gülərisiniz bu xəbərə? Əlbəttə, gülərsiniz. Elə mən də gülərəm. Özümüz özümüzə gülürük, amma dəyişmək niyyəti yoxdur. Əlimizin də, Vəlimizin də.

Natiq Muxtarlı

Xəbər Lenti