Məğlub olmaq üçün hər nə istəsən, var idi

15 Sentyabr 2020 18:06 Köşə 978
Məğlub olmaq üçün hər nə istəsən, var idi

Ya rəqibi həddən artıq zəif bənd saydıq, ya yeni sükançının təlqin etmək istədiyi oyun tərzi və fəlsəfəsi hədsiz yad oldu, ya da...

Bu "ya da"ları çox sadalamaq olar. İctimai fikrin də mütləq, şəksiz, qeyd-şərtsiz və s. tipli qətiyyətli, geriyə dönüşü olmayan qələbə təsəvvürləri (sonradan məlum oldu ki, bu təxəyyül imiş) üzərində olması da bu fikirləri çox yönləndirə, yöntəmləyə, yontalaya bilər.

Başqa vaxt olsaydı, bu düşüncə haradasa haqlı olardı. Lakin zaman, şərt və şərait fərqlidir. Azərbaycanın milli futbol komandası son dəfə 2019-cu ildə nəinki rəsmi, hətta yoxlama-sınaq məqsədli toplanışını keçirib.

Onsuz da fiziki, taktiki, strateji, funksional və s. hazırılığı natamam olan futbolumuz mart ayından bu yana meydan üzünü bir də iyunda qısamüddətli görüb, sonra yalnız avqustda oyun ab-havasına düşə bildi. Bu müddətdə Avrokubok mərhələsi, milli çempionatın ilk turu da göstərdi ki, az-çox "Qarabağ" özünə gəlməyə yaxındır.

Belə bir şəraitdə meydana çıxan milli komandada daha çox futbolçuların məşhur bir oyunluq əzmi, inadı, iradəsi, milli mental sıçrayışlı həvəsi önə çıxmalı idi. Qalan hallarda qarşımıza ən cılız, lakin futboldan azacıq anlayışı olan istənilən komanda çıxsaydı belə, mənzərə dəyişməyəcəkdi: rəqib ciddi təhlükə mənbəyi olacaqdı.

İndi gəlin ondan başlayaq ki, oyun ərəfəsi heyətini elan edən Lüksemburqun başına topladığı futbolçuların forma geyindiyi komandalarla bizmkilərin, onların mövcud vəziyyətdə hazırlıq səviyyəsi ilə bizimkilərinkinin müqayisəsini aparın.

O zaman, sadəcə, təkcə ərazi coğrafi, say əhali, ənənələr tarixi müqayisələrin heç də böyük əhəmiyyət kəsb etmədiyi üzə çıxar. Belə olduqda, dediyimiz sosio-psixoloji məqamlar, o cümlədən istək, həvəs və coşğu lazım idi. Bir də bu komandanı arxasınca apara biləcək yaşıl meydan liderinə ehtiyac var.

Birinci məsələ ilə bağlı ilk böyük sözü sayını itirdiyimiz növbəti dəfəsində kiçicik cılız ulduzcuq hikkəsi parlamış Mahir Emreli şousunu göstərib, ağırlıq dərəcəsindən asılı olmayaraq, idmançıya yaraşmayan davranışla aldığı qırmızı vərəqə ilə dedi.

Əlbəttə, əksini düşünsək, belə vəziyyətlərdə istənilən komandada daha mütəşəkkil oyun ovqatı yarana bilər. Axı, buna qədər komanda qarşısını ala bilmədiyi cırtdan rəqibin pressinqli təzyiqi altında idi.

Təsadüfdən, ya zərurətdən açılan hesab bunun daha da dərinləşdirilməsini tələb edirdi. Pandemiya səbəbilə uzun müddətdir yaşıl meydana həsrət olan, oyun aclığı çəkən istənilən şəxs üçün fərqlənmək, yeni həvəslə özünü təsdiq etmək, fürsətdən yararlanmaq və s. bu kimi hisslər təbii görünməlidir.

Di gəl, bu dəfə məşqçi korpusu gündəmə gəldi və futbolçulardan da betər absurdluq zirvəsinə dırmandı.

BATI YAR

Xəbər Lenti