Ayxan Abbasovun əsəri - 3!

13 Sentyabr 2020 16:40 Köşə 1 339
Ayxan Abbasovun əsəri - 3!

Futbolda böyük klublara gedib, böyük məşqçi olanları da var, əksinə, kiçik klubları böyüdüb və böyük məşqçi olmağı bacaranları da.

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu rahatlıqla ikinci təbəqəyə aid edə bilərik.

O Abbasov ki, debütant "Zirə"ni ilk dəfə avrokuboklara çıxarmaqla bərabər, komandanın avrokuboklardakı ilk qələbəsinə və mərhələ keçməsinə də öz imzasını ata bilmişdi.

O, 2018-2019 mövsümünün lap əvvəlində - ikinci turunda "Zirə"də missiyasının başa çatdığını düşününərək öz istəyilə klubdan ayrılmışdı. Təbii ki, mövsümün davam etməsinə görə, gənc məşqçi bir müddət işsiz qaldı. Amma bunun ömrünün uzun müddət olmayacağı hər kəsə aydın idi. "Zirə"də gördüyü müsbət işlər bu rahatlığı ona vermişdi.

Cəmi bir neçə ay sonra Nazim Süleymanovun "Sumqayıt"da işləri düz getməyincə, o, komandadan göndərildi. "Kimyaçılar" onun yerinə istedadını "Zirə"də göstərməyi bacaran, gənc Ayxan Abbasovu gətirdilər. Bununla da onun "gənclik şəhəri" təmsilçisindəki şirinli-acılı günləri başladı.

İLK MÖVSÜM (1) - Abbasov komandanı 17-ci turda Süleymanovdan təhvil aldı. Özünün qurmadığı komanda ilə çempionatda ilk dördlüyə düşməyi bacarmasa da, Azərbaycan Kubokunda finala yüksəlməyə nail oldu. Finala gedən yolda "Neftçi" kimi güclü rəqibin 1/4 final mərhələsindən kənarlaşdırlması isə xüsusi vurğulanmalıdır. Bu həm də Sumqayıt təmsilçisinin tarixində ilk finalı idi. Finalda "Qəbələ"yə minimal hesablı məğlubiyyət belə tarixi uğura kölgə sala bilməzdi.

NÖVBƏTİ MÖVSÜM (2) - 2018-2019 mövsümü başa çatandan sonra "Sumqayıt" 10-dan artıq futbolçu ilə yoları ayırdı. Yeni mövsüm üçün böyük çətinliklə qurulan heyət Abbasovun rəhbərliyi altında "döyüş meydanı"na atıldı. Komanda mövsümə qələbə ilə başlasa da, növbəti turdan uğursuzluq zolağına düşdü. Ardıcıl məğlubiyyətlər komandaya qarşı inamsızlıq yaratmağa başladı. Abbasov isə hər zamankı kimi öz işindəydi. Yeni qurduğu komandaya öz fəlsəfəsini aşılamaqla məşğul idi. Zamanla istədiyinə çatdı da. Bir şey ki, qış fasiləsindəki təlim-məşq toplanışından sonra bütün futbol ictimaiyyəti, ancaq onun komandasının göstərdiyi məzmunlu oyundan danışırdı. Abbasov stədiyi futbolu tabeliyindəki futbolçuların beyninə "yeridə" bilmişdi. Təbii ki, oyun olan yerdə müsbət nəticələrdə qaçılmaz idi. Qazanılan xallar komandanın stabil ilk 4-lükdə qalmasına kömək edirdi. Məhdud büdcəyə və geniş olmayan heyətə rəğmən komanda hər iki cəbhədə də döyüşürdü. Ölkə kubokunda güclü "Neftçi" üzərində qələbə komandanı yarımfinala daşımışdı. Bir sözlə, hər iki cəbhədə də işlər yağ kimi gedirdi.

Sonrası hər kəsə məlumdur. Dünya futbolunu durduran koronavirus pandemiyası bizim futboldan da yan keçmədi. Öncə uzunmüddətli fasilə qərarı verildi. Sonra 21 iyun ölkə çempionatının qaldığı yerdən davam edəcəyi qərara alındı. Amma 18 iyun gözlənilmədən Azərbaycan Premyer Liqasının qaldığı yerdən dayandırılması qərarı verildi. "Qarabağ" ölkə çempionu elan edildi. "Keşlə" və "Neftçi" ilə bərabər "Sumqayıt"ın da Avropa Liqasına gedişi təsdiqləndi. Bununla da Ayxan Abbasov növbəti tarixi uğura imza atmış oldu. Belə ki, "Sumqayıt"ın timsalında ilk dəfə hansısa Sumqayıt təmsilçisi avrokuboklarda iştirak huququ qazanmışdı. Uğurun altındakı imza yenə Ayxan Abbasova məxsus idi.

YENİ MÖVSÜM (3) - "Sumqayıt"ın Avropa Liqasında çıxış edəcəyi təsdiqlənəndən sonra komandanın daha da güclənəcəyi gözlənilirdi. Amma hər şey gözlənilənlərin tam əksinə oldu. Şəhriyar Əliyev, Aleksey İsayev, Əmir Ağayev, Peyman Babayi, Mehdi Şərifi, Elvin Cəfərquliyev, və Sərtan Taşkın kimi əsas heyət üzvləri komandadan ayrıldı. İlqar Qurbanov, Rail Məlikov və Amil Yunanovla müqavilələr uzadılmadı. Faktiki komanda dağılmış vəziyyətdə idi. Bir neçə həftə sonra avrokubok görüşü üçün komandanı meydana çıxarmalı olan Ayxan Abbasovun heç özünün komandadakı taleyi məlum deyildi. Ayrılıq isə hər an baş tuta bilərdi. Gözlənilənlərin əksi olaraq Abbasov yenə əllərini "daş" altına qoymaq qərarı verərək, "Sumqayıt"la yeni müqavilə imzalandı.

Yerli futbolçulardan Tellur Mütəllibov və Elvin Məmmədov komandaya qoşuldu. Ölkə xaricindən gələn futbolçular komandanın Qəbələ toplanışına belə çatmadılar. İranlı hücumçu Əli Qurbani Sumqayıtdakı toplanışda heyətə cəlb olundusa, digər iranlı Adəm Həmati isə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Şkendiya" ilə görüşdən cəmi bir neçə gün öncə komandaya qoşula bildi. Bu qədər problemlər burulğanında belə Abbasov komandasını Şimali Makedoniya təmsilçisi ilə görüşə hazırlaya bilmişdi.

Əksəriyyətin böyükhesablı məğlubiyyət gözlədiyi halda, "kimyaçılar" sona kimi əzimkarlıqla mübarizə apardılar. İkinci hissədə penaltilərdən vurulan iki qol komandanı avrokuboklardan kənarda qoydu.

Ölkə çempionatında yeni mövsümə də komanda məğlubiyyətlə başladı. "Keşlə" ilə görüşün 90-cı dəqiqəsində buraxılan qol, ən azı 1 xalı haqq edən Abbasovun yetirmələrini xalsız qoydu. Amma ortaya qoyulan futbol, göstərilən əzimkarlıq xoş gələcəkdən xəbər verirdi. "Neftçi" ilə görüş bu ümidlərin boş olmadığını əyani sübut etdi. "Sumqayıt" çempionluğa namizəd göstərilən "Neftçi"ni səfər görüşündə heç bir şans vermədən məğlub (0-2) etdi . Bu qələbə bir növ Ayxan Abbasovun rəqiblərinə "döyüşdə mən də varam" ismarıcı idi.

O, hər fürsətdə büdcədən şikayətlənmir, "futbolu qurtaranlarla", heç kimə lazım olmayanlarla belə sona kimi döyüşməyin mümkün olduğunu meydandakı nəticələri ilə sübüt edir. Əlinin altında elə futbolçular var ki, heç region liqasına belə yaramır. Buna rəğmən belə o, hər dəfə ortaya "oxunmalı əsər" çıxarmağı bacarır. Növbəti əsərin mübarək olsun, Abbasov!

Xanoğlan İmanov

Xəbər Lenti