"Qarabağ" meydanda tək saxlanılıb

11 Sentyabr 2020 14:22 Köşə 1 982
"Qarabağ" meydanda tək saxlanılıb

"Qarabağ" - "Mölde" cütünün müzakirələri çox uzun çəkir.

Görüşə sayılı günlər qalıb.

Nə qədər deyilsə ki, futbolçuların vəzifəsi meydana çıxıb futbolunu oynamaqdır, belə söz-söhbətlər təsirsis ötüşmür, hətta son anda hazırlıq planına, məşq prosesinə korrektələr edilir, mane olur.

Arsen Venger müasir futbolda psixoloji amilin ön sıralara çıxmasını dəfələrlə vurğulayıb. Elə millinin son oyunları buna əyani sübutdur. Vacib futbol komponentləri ilə birgə, psixoloji yanaşma, hazırlıq mütləq faktordur və qələbənin, nəticənin təmin olunmasında əsas rol oynaya bilir...

Bütün diqqət matça, hazırlığa yönəlməlidir. Oyun ətrafındakı qalmaqalın gündəmdən düşməməsi, komandaya, futbolçulara mənfi təsir edə bilər. Nə qədər təcrübə olsa belə, psixoloji ağırlıq yaddan çıxarılmamalıdır. Klub idarəçiləri, azarkeşlərlə yanaşı, məşqçi, futbolçular da yazılanları diqqətlə izləyir, oxuyur...

Nəticənin müsbət həlli üçün hər bir situasiya fərdi münasibət tələb edir. Əgər milliyə münasibətdə ilk oyundan sonra haqlı tənqid-təzyiqlər komanda/məşqçi/futbolçuları toparladı, ayıltdısa, "Qarabağ"la bağlı indiki durum tam fərqlidir...

Məsələnin ictimai müzakirəsində müəyyən zaman itirildi. UEFA media, ictimai fikir, nəzarətə çox diqqət edir. İlk gündən problemin çözülməsi sakit məcraya yönəldildi. Qanun "Qarabağ"ın tərəfində idi...

Təbii, beynəlxalq qurumla rəsmi səviyyədə ciddi yazışmalar, arqumentlər ortaya qoyulub.

Futbol nə qədər siyasətdən uzaq olsa da, istəsək, istəməsək də, idman çərçivəsini çoxdan aşıb və paralel belə hallarla mübarizə aparmaq məcburiyyətində qalınır...

Meydanda "Qarabağ" tək saxlanılıb və ya norveçlilər kimi federasiya/rəsmi qurumlar/klub bir əldən hərəkət edib, detallar dəqiqliklə bilinmır. Ən azından assosiasiya rəsmiləri ciddi dəstək üçün İsveçrəyə səfər etməli, yerində qəti mövqe irəli sürülməli, başlarının üstündə dayanılmalıydı.

Qanun "Qarabağ"ın tərəfində ola-ola, ilk gündən UEFA-nın geri çəkilməsi, məsələni uzatması, qərarın necə veriləcəyini şərtləndirirdi. Şimal ölkəsində soyuq başla, qəti, diplomatik gedişlərlə boş oturmurdular. "Mölde" əl altdan işini görə-görə, "bizlik bir iş yoxdur, dövlət qoymur" açıqlamaları ilə özünü sığortalayırdı.

UEFA pandemiya dövründə kvalifikasiya qarşılaşmaları ilə bağlı boşluğa da yol vermişdi. Bunun da fərqindədirlər. İnsaf naminə qeyd edək, tək "Qarabağ" deyil, "Neftçi", "Keşlə", "Sumqayıt" bütün oyunlarını bəxt sayəsində evdə keçirib...

Əlavə bənd olsaydı, "püşkə əsasən iki matç ardıcıl evdə oynayan komanda səfərə çıxmalıdır", belə problemlər yaşanmazdı. Cütün hər iki komandası ev komandası olduqda, əlavə püşk atıla bilərdi. "Mölde"nin UEFA qarşısında üsyanında psixoloji olaraq bu faktor da öz rolunu oynayırdı.

UEFA avrokuboklarda klublara böyük pullar ödəyir. Buna baxmayaraq "Qarabağ"ı Kiprdə "ev" komandası kimi yükləmək də anormallıqdır. Belə qərar verilibsə, baş qurum bütün təşkilati, otel, gediş-gəliş, maliyyə yükünü də tam olaraq öz üzərinə götürməlidir. Kompensasiya edilərsə, çox gözəl...

Rəqibləri nəzərə alsaq, "Qarabağ"ın Çempionlar Liqasının qrup yolunda çox yaxşı şansı var. İndiki ictimai müzakirələr, "Qarabağ" niyə evdə oynamır"? düşüncəsindən, "Mölde"nin cavabı yetində qələbə ilə veriləcək" psixoloji mərhələsinə keçməlidir. Onsuz da klub ilk gündən istənilən qərara hörmətlə yanaşacağını bildirirdi.

Əlavə yayındırıcı müzakirələr məşqçi/futbolçulara mənfi təsir edə, əsas hədəfdən yayındıra bilər. Komandada ruh yüksəkliyinin olması, mübarizliyin artması ictimai rəy olaraq təmin edilməlidir. "Qarabağ" psixoloji olaraq adaya UEFA, "Mölde" tərəfindən "sındırılmış" halda yola düşməməlidir.

Yuxarıda qeyd olunduğu kimi, əgər yığma idarəçi/məşqçi/futbolçular Kipr yolunda sıxılmalıydı ki, məsuliyyətlərini dərk etsinlər, bağışlanmaz məğlubiyyətdən dərs alsınlar, necə ki, aldılar, layiqli qələbə qazanıldı.

İndiki Kipr səfərində isə günahkar başqalarıdır. Psixoloji istiqamət bu yöndə aparılmalı, cığal-rəqibin cavabı 90 dəqiqə ərzində cılğınlıqla, intizamsızlıqla deyil, Qarabağ adına milli ruhla, intizamlı, əzmkar, sona kimi mübarizə, qələbə istəyilə verilməlidir!

Düşünək ki, elə ilk gündən püşk belə olub. Ən azından uzaq Norveçə səfər edilmir, neytral meydandır və seçim də "Qarabağ"ındır! Son dərəcə ehtiyatlı davranılmalı, diqqət, sayıqlıq itirilməməlidir. UEFA belə seçim edibsə, qarşılaşmada hakim haqsızlığı da ola bilər...

"Qarabağ"ın ev qarşılaşmalarını Ağdamda, "İmarət"də keçirməsi arzusu ilə...

Uğurlar, "Qarabağ"!

Tahir Düleymanov

Xəbər Lenti