O, sıradan bir futbolçu olmağı "bacardı", bəs Rəhim?

9 Sentyabr 2020 13:54 Köşə 2 276
O, sıradan bir futbolçu olmağı "bacardı", bəs Rəhim?

Dünən Millət Liqasının ikinci turu çərçivəsində Azərbaycan millisi səfərdə Kipr kollektivi üzərində qələbə (0-1) qazandı.

De Byazinin yetirmələri qələbə ilə bərabər, həm də baxımlı oyun göstərməyi da bacardı.

Xüsusilə ilk hissədə millimizin oyunu çox yaxşı alındı. Dünənki yaxşı oyunda və qələbədə bütün komandanın zəhməti vardı, amma bir futbolçu varki onun oyunu daha çox fərqlənirdi.

Təbii ki, söhbət millimizdə debüt edən "Sumqayıt"ın üzvü Rəhim Sadıxovdan gedir. Sosial şəbəkələrdə gedən müzakirələrdən də görünür ki, əksəriyyət Rəhimi dünən tanıdı və dünən kəşf etdi.

Amma ilk gündən onu izləyən biri kimi deyə bilərəm ki, Moskova doğumlu futbolçu ölkəmizə gəldiyi ilk gündən öz səviyyəsi ilə seçilməyi bacarıb.

Elə keçən mövsüm "Keşlə" və "Neftçi" ilə görüşlərdə vurduğu qollara baxmaq, onun haqqında müsbət fikirdə olmağa yetərlidir.

Sadəcə "Sumqayıt"dakı çıxışını millidə də sərgiləməyi bacarıb-bacarmayacağı böyük maraq doğururdu. Hər halda həm klubla milli eyni deyil, həm də "Sumqayıt" o qədər iddialı klub deyil.

Sadıxovun meydanı görmək qabiliyyəti, topla rəftarı, düşünmə tezliyi və meydandakı sərbəstliyi tam bir usta futbolçuya məxsus özəlliklərdi.

Milli komandamızda belə oyunçunu ilk və son dəfə Anatoli Ponomaryovun timsalında illər öncə görmüşəm. İndiki kimi yadımdadı, səfərdə o zaman Avropa çempionatına vəsiqə qazanan Latviyə millisinə qarşı yoldaşlıq görüşündə (2-2) Anatoli fantastik oyun sərgiləmişdi.

Hətta onun oyunundan o qədər ümidlənmişdim ki, millimizlə böyük qələbələrin, nəticələrin xəyallarını qurmağa başlamışdım. Sonradan o da axına düşüb, sıradan bir futbolçu olmağı "bacardı".

Görəsən, Rəhimin aqibəti necə olacaq? Təbii ki, indidən qəti nəsə demək çətindir. Zaman özü bu suala aydınlıq gətirəcək. Amma aydın olan bir şey var ki, nə bizim millidə ulduzu parlayıb əla karyera quran olub, nə də parlaq ulduzunun şaxəsini daha da işıqlandıran. Təki Rəhim də Anatolinin aqibətini yaşamasın ...

Xanoğlan İmanov

Xəbər Lenti