AFFA-nın fəhləliyə sürüklədiyi gənclər millisi

8 Sentyabr 2020 20:00 Köşə 1 628
AFFA-nın fəhləliyə sürüklədiyi gənclər millisi

Dünən Azərbaycanın U-21 millisi Fransalı həmyaşıdlarına doğma meydanda məğlub (1-2) oldu. İlk görüşdəki fiaskodan (0-5) fərqli olaraq bu oyunda həm nəticə urvatlı oldu, həm də komandamızın oyunu.

Əbəs deyil ki, oyun bitər-bitməz sosial şəbəkələrdə əksəriyyət millimizin güclü rəqibə qarşı yaxşı mübarizəsini alqışlamağa başladı.

İnsafən , gənclər də meydanda pis mübarizə aparmamışdılar. Hətta bəzi futbol adamları bir qədər qabağa gedərək, bu gənclərin hazırkı millinin əsasını təşkil etməli olduğunu və zamanla təcrübə toplamayaraq yaxşı nəticələr verəcəyini xüsusi vurğuladılar.

Əminəm ki, bu istəyin kökündə bir müddətdən sonra dünən meydanda olan gənclərin futbolu atıb, orda-burda müxtəlif işlərdə çalışmaq perespektivi durur.

Düzdü, gəncləşdirmə və gənclərin təcrübə qazanması gözəl şeydi, amma necə? Harada görülüb ki, bütün U-21 əsas milliyə köçürülsün və orada təcrübə yığsın? Əsas milli məgər təcrübə poliqonudu?

Bəli, gənclərin millidə bişməsi üçün zamana ehtiyac var, ancaq belə yox da. 3-5 gənci əsas milliyə dəvət etmək olar, amma bəs qalanları?

Təcrübəni millidə yox, klubda toplayıb, milliyə hazır gəlirlər. Haqlı sual verəcəksiniz ki, hansı klubda? Həə, bax ağlamalı yerimiz burdadı. Bəs bizi ağladan kimdi? Birmənalı şəkildə AFFA!

Ölkə çempionatında AFFA-nın de-fakto sahib olduğu klublarda neçə gənc futbolçumuz daimi şans qazanır? Barmaqla sayılacaq qədər. Ən çox gənc futbolçuya şans verən "Sumqayıt" klubudur. Ki, ordada mövsüm ərzində davamlı 3-4 nəfər şans qazanar ya yox.

Birinci Diviziondan danışmağa isə söz qalmayıb. 20 yaşlı futbolçunun qoca sayıldığı çempionatın nəyindən danışasan? AFFA-nın əndərəbadi qərarı sayəsində 20-21 yaşındakı futbolçuların sevdikləri peşəni atıb, fəhləliyə getmələrinin qarşısını almaq lazımdır.

Dünən meydanda özündən qat-qat güclü milliyə qarşı başa-baş mübarizə aparan 20 yaşlı istedadlı gənclər cəmi 1 il sonra QOCA sayılaraq futboldan silinəcəklər. Təbii ki, az sayda istisnalar xaric.

Haqqında bəh-bəhlə danışdığımız uşaqları bu gün əsas milliyə gətirməyi düşünməli deyilik. Onların sabah klubsuz qalamamasına çalışmalıyıq. Ki, gələcəyin futbolçusu olmalı gənclər, gələcəyin fəhlələri olmasınlar!

Xanoğlan İmanov

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı