Futbol üzrə rəzalət millisi...

7 Sentyabr 2020 10:24 Köşə 1 148
Futbol üzrə rəzalət millisi...

Azərbaycan millisi yenə uduzdu. Özü də az qala Ramiz Mehdiyevin nəvəsinin toyuna çağırdığı qonaqların sayı qədər əhalisi olan Lüksemburqa...

Əsla rəqibi aşağılamıram, Lüksemburqun heyətinin yarıdan çoxu legioner həyatı yaşayır. "Cırtdan" ölkənin futbolunda nəzərə çarpacaq qədər inkişaf var. Vəziyyətləri də bizdəki kimi acınacaqlı deyil. Buna görə də qazandıqları qələbə təsadüfi deyil, ana südü qədər halallarıdır.

İndi isə gələk bizimkilərə. Meydanda sürünən, süni nəfəs aparatına qoşulan, ağzı qazona dəyənən futbolçulara... Oyuna qədər hər şey əladır - qələbəyə səsləyən şüarlar, tv-lərdə gedən pafoslu anonslar, yeni əcnəbi baş məşqçi, "mütləq 3 xal qazanacağıq" ümidləri və s.

Amma hakimin start fitindən sonra hər şey Balaxanı zibilliyinə dönür. Oyunun ilk dəqiqələrindən Lüksemburq millisi həm qapımıza, həm də yığmamızın vayına oturur. Az sonra 23 yaşına baxmayaraq, hələ də biçarə-biçarə gələcəyinə ümid bəslədiyimiz millimizin hücumçusu Mahir Emreli rəqibinə bilərəkdən zərbə vurduğu üçün meydandan qovulur. Bu da Canni de Byaziyə "Cəhənnəmə xoş gəldin!" mesajı...

İlk hissənin sonlarına yaxın təsadüf nəticəsində hesabı açırıq, amma sonrada meydanda vuruşan, əsl mübarizə göstərən yeganə komanda olan qonaqlar əvvəl bərabərlik, ardınca isə qələbə topunu vururlar. Nəticədə sonuncu qələbəsini pandemiyadan öncə qazanan "cırtdanlar" Bakıdan 3 xalla ayrılırlar.

Oyun bitəndən sonra isə rəzalət millisinin kapitanı Maksim Medvedev kamera qarşısına keçir. Bu rəzalətə görə kapitan olaraq üzr istəməli olduğu halda, qımışır, açıqlama verdikdən sonra gülərək "yaxşı alındı?" deyir. Və beləcə biabırçı məğlubiyyətə görə əsəbiləşən azarkeşlər daha da hiddətlənirlər.

Əsla bu məğlubiyyətə görə italiyalı baş məşqçini qınamıram. Əlində olan material nədirsə, ondan da istifadə edib. Mən sadəcə futbolçuları meydanda mübarizə aparmadıqlarına görə qınayıram ki, sənin formanın üzərində Azərbaycanın bayrağı var. Bayrağın təmsil olunduğu hər yer də səngərdir, mübarizə, döyüş meydanıdır. Fərqi yoxdur, bu Qaraqayadır, yaxud da Bakı Olimpiya Stadionu. Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar bu bayraq uğrunda necə canını fəda ediblərsə, sən də ən azı onun qədər mübarizə aparmalısan! Bunun başqa variantı, müzakirəsi ola da bilməz.

İndiki durumda Azərbaycan futbolunun gələcəyi ilə bağlı müsbət proqnoz vermək ağılabatan deyil. Desək ki, bu problem yaxın 5-10 il ərzində düzələcək, bu, sadəcə baş aldatmaqdır. Problemin həlli üçün sistem, futbola baxış açısı kökündən dəyişməlidir. Sən hər dəfə "Qələbə qazansaz, 50 min mükafat alacaqsız" deməklə uğur qazana bilmərsən. Bura şəxsi biznes üçün açılmış obyekt deyil. Bura bir-iki nəfərin ortaq işlətdiyi ticarət mərkəzi də deyil, bura Azərbaycanın adını daşıdığı milli komandadır, komanda!

Bizə indiki durumda milyonlar xərcləyib əcnəbi baş məşqçi-filan gətirmək də lazım deyil. Bu, sınanmış vasitədir və əvvəllər də heç bir nəticəsini görməmişik. Çıxış yolu odur ki, uşaq futbolunda inkişaf kağız üzərində yox, həqiqətdə olsun. Çıxış yolu odur ki, dövlətdən və UEFA-dan gələn pullar aidiyyatı üzrə - futbolun inkişafına sərf olunsun. Əslində, çıxış yolu çoxdur. Məncə, ən yaxşısı altı hərfdən ibarətdir...

Emin Səfərov

Xəbər Lenti