Əslində cırtdan kim idi…

6 Sentyabr 2020 22:00 Köşə 1 131
Əslində cırtdan kim idi…

Yaxud, stadiondakı bir qırpım ot qədər tərpəniş olmayanda

Dövlətin idmana qayğısı nətcəsində Azərbaycan milli futbol komandası öz meydanında Lüksemburqa 1:2 hesabıyla uduzmuşdur. Bunu sürpriz saymağa dəyməz, bizim komanda bu cırtdan ölkə ilə həmişə böyük problemlərə üzləşibdir. Hansısa sezonda Lüksemburq iki heç-heçəsini məhz Azərbaycanla yapmışdı.

O cümlədən, ərazisi Ucar, əhalisi isə təxminən Gəncə qədər olan Lüksemburqa “cırtdan” yazmağın da mənası yoxdur. Adama deyərlər kimdir cırtdan, FİFA reytinqində 98-ci yerdə olan Lüksemburq, yoxsa 114-ci yerdəki Azərbaycan?

Yəni, bu uduzmaq bizim təbii halımızdır. Əksinə, qalib gəlsək sensasiya sayılardı. Hələ mən başqa göstəriciləri saysam, ümumiyyətlə danışmağa haqqımız yoxdur, Cırtdanın nağılındakı div kimi boğazımıza dəyirman daşı asmalıyıq. Örnək üçün, Lüksemburqun ÜDM-i 77 milyard dollardır, bizimki 47. İnsan inkişafı indeksinə görə Lüksemburq dünyada 21-ci yeri tutur, Azərbaycan 87-ci. Lüksemburq maliyyə qurumlarıyla tanınır, orda 1000 investisiya fondu, 200 transmilli bank var, bizdə isə yalnız bu yaxında 1 karikatur dövlət investisiya idarəsi düzəltmişik, xaricdə oxuyub gələn cavan uşaqlara da bu qarışqadan fil qayırmağı tapşırmışıq, yazıqlar qalıb əlləşə-əlləşə. Bank sektorumuzdan heç danışmağa dəyməz. Bizdə banklar adətən bağlananda və əmanətçilərin qışqırtısı göyə bülənd olanda yada düşür. Hansı bank əhalini daha bərk qışqırtsa, deməli onun iqtisadi reytinqi daha yüksəkdir.

Təbii ki, iqtisadi-siyasi rakursu idmana qatmaq fikrim yoxdur, bəzən acından ölən ölkələrin də yaxşı idmançıları olur. Hətta yadımıza gəlir, 1990-cı ildə Kamerun dünya çempionatında qan eləmişdi. Ancaq onu qatmayaq, bunu deməyək, bəs biz nəyi müqayisə eləyək? Necə ola bilər ki, bu ölkənin sərvətləri hesabına harınlayıb 300 min dollarlıq avtomobillərdə gəzən cavanlar oyunu uduzandan sonra xəcalət çəkmək yerinə dişlərini ağardaraq intervü verirlər? Qoy bir dəfə də belə fəlakətdən sonra jurnalistlər həmin futbolçuların evindən reportaj eləsinlər və millət baxıb görsün ki, təmirsiz, kirayə mənzildə yaşayırmışlar.

İtalyan Canni müəllim isə hansı canlara dəyən ölkənin komandasına baş məşqçi gəldiyini, güman edirik, artıq tam anlamışdır. Gedəndə arxasına hansı ölçüdə, neçə desibel danqıltı salacaq vedrə bağlanacağını da təsəvvür eləyir. Əlbəttə, puluna minnət. Əsas odur dünyada hansısa qaz tapıb yolunmasına şərik olasan, qalanı əfsanədir.

Bütün yerli klubları aşağı-yuxarı eyni sponsora bağlı, rəqabət olmayan milli çempionatdan nə yetişdirmək mümkündür? Mollanın sözü olmasın, külək belə əssə heç nə. Bir ara yenə formal da olsa regionlarda, paytaxtda klublar, onların stadionları, məktəbləri, azarkeş klubları-zadı formalaşırdı, hamısı dağılıb getdi. Sabun köpüyü kimi. Belə çıxır daha başbilənlərin köpüyə də ehtiyacı yoxdur. İndi biz nə edək? Bəlkə DTX əməliyyat keçirib oyunçuların üzərinə ultrabənövşəyi mürəkkəblə “rüşvət” yazılmış toplarla oynadığını aşkarlasın? Məşqçilərin oyunçuların maaş kartlarına saxta pul yazıb dövlət büdcəsini sümürdüyünü ifşa etsinlər? Oyunçuları süni nəfəs qurğusuna qoşsaq xeyri olarmı?

Təpədən-dırnağa ifadəsi var, milli komandamız Lüksemburqa məhz bu şəkildə uduzmuşdur. Təsəvvür elə, 90 dəqiqə ərzində komandamız rəqibin qapısına cəmi 2 zərbə endirib, onun da biri qol olub. Lüksemburqun qapımıza zərbə sayı 29-dur. Künc zərbəsi ümumiyyətlə qazanmamışıq.

Doğrusu, yadıma sala bilmirəm ki, futbolda belə hal ümumiyyətlə mümkündürmü. Avtoqol eləmişik, penalti almışıq, qırmızı və sarı kartlar var. Futbolçu hansı oyunu – həndbol, voleybol, basketbol, yoxsa futbol – oynadığını unudub əllə topa cumur. Başqa nə qaldı?

Ay sağ olasan: yeganə o qaldı ki, qapıçımız tumanın altında gizlətdiyi bıçağı çıxarıb müdafiəçimizi yortaydı. Bu halda əsl Azərbaycan komandası alınardı, çünki bizdə bıçaqlaşma milli xarakter daşıyır.

Zamin HACI

Xəbər Lenti