Deyin, çox da baş sındırmasın, gedib bir şiş kabab yesin!

6 Sentyabr 2020 14:00 Köşə 1 545
Deyin, çox da baş sındırmasın, gedib bir şiş kabab yesin!

Elə təmkinli danışmağına baxmayın, maaa elə gəlir ki, artıq ağıllanıb.

İndi daha azərbaycanlının italyan kimi düşünməsini arzulamaz.

İndi oturub italyan köməkçiləri ilə bu suallara cavab axtarır: Görəsən futbolçu heç bir lüzum olmadığı halda rəqibə niyə şıllaq atsın ki? Ümumiyyətlə, futbolçunun şıllaq atması nəyin əlaməti sayılmalıdır? Bəs bir futbolçunun hava topuna qanad çalaraq şığıması mümkündür?

Heç şübhəsiz, bu sullara cavab tapa bilmir. Nə köməkçiləri, nə də özü. Ola bilsin ki, İtaliyada elm adamı olan tanışı varsa, onunla əlaqə saxlasın. Amma ağlım kəsmir ki, italyan elm adamı azərbaycanlı futbolçuların belə qəribə xüsusiyyətlərinin elmi izahını verə bilsin.

Onu səbəbini elə azərbaycanlılar bilər. Məsələn, bir versiya məndən. Fermer təsərrüfatı olan bir futbolçunun şıllaq atması başadüşüləndir. Böyuk ehtimalla, şərti refleks yaranıb. Elə araşdırma aparılsa, məlum olar ki, qanad çalan futbolçunun da quşçuluq ferması var.

Və şıllaq atan, qanad çalan bu futbolçular Azərbaycanı dünyada təmsil edirlər. Biabır edə-edə təmsil edirlər. Və bu biabırçılıqlar onların vecinə də deyil.

Heç vaxt belə biabırçılıqdan sonra hansısa futbolçu “futbol oynamaq mənim işim deyil, yaxşısı budur gedim fermer təsərrüfatımla məşğul olum, Azərbaycanı biabır etməyim” deməyib.

Çünki onları futbolçu olmaya-olmaya futbolçu olduqlarına inandıran adam var. Rövnəq Abdullayev var. Dünyada ən yüksək orta aylıq məvacib Lüksemburqdadır.

Bu ölkədə orta aylıq maaş təxminən 4 min dollar civarındadır. Lüksemburqda futbolçuların da məvacibi 3-5 min dollar arası dəyişir. Yəni ölkədəki orta aylıq məvacibdən artıq deyil.

Azərbaycanda orta aylıq məvacib 500 manatdan bir qədər artıqdır. Amma Azərbaycan yığmasında çıxış edən şıllaqatanlar, qanadçalanlar ayda 15-20 min manat məvacib alırlar.

Hansısa yoxlama görüşündə qalib gəlsələr 60 min, heç-heçə etsələr 30 min manat mükafat verir Rövnəq Abdullayev onlara. Lüksemburq həyat səviyyəsinə görə dünyanın ən inkişaf etmiş ölkələrindəndir. Azərbaycan da ən kasıb.

Ən varlı ölkədə futbolçunun aldığı məvacib ən kasıb ölkədəki oyunçunun qazancından 10 dəfə aşağıdır. Niyə? Ona görə ki, Lüksemburq futbolunda korrupsiya yoxdur. Azərbaycan futbolu isə korrupsiyanın içində boğulur.

Dedik, yazdıq ki, ay Rövnəq Abdullayev, bu futbolçularla heç nəyə nail olmaq mümkün deyil, xaricdən məşqçi gətirib Azərbaycanın pulunu onlara vermə.

O vəsaiti uşaq futbolunun inkişafına yönəlt. Amma Rövnəq Abdullayev rayonlarda stadion, top, forma tapa bilməyən uşaqlarımızı görmədi. İtaliyadan bir dəstə əcnəbini gətirdi. Onlara ildə 5 milyon manat məvacib verəcək.

Bunun adı korrupsiyadır. Ölkəyə, onun gələcəyinə xəyanətdir bu. Ölkədə də korrupsiyaya qarşı mübarizə aparılır. Amma deyəsən, AFFA rəhbərliyinin lisenziyası var. Korrupsiya ilə məşğul olmaq üçün.

Ona görə də Lüksemburqun və ya “cırtdan”ın qarşısında biabır olmağımızda təəccüblü heç nə yoxdur. De Byaziyə deyin ki, çox da şey etməsin, baş sındırmasın, gedib bir şiş kabab yesin. Özünə gələcək.

Natiq Muxtarlı

Xəbər Lenti