Bizə pislər lazımdı, PİSlər!

6 Sentyabr 2020 16:00 Köşə 1 824
Bizə pislər lazımdı, PİSlər!

Azərbaycan millisi dünən Millətlər Liqasına doğma meydanda Lüksemburqa məğlubiyyətlə (1-2) start verdi.

Oyun bitər-bitməz futbol ictimaiyyətində müzakirələr qızışmağa başladı. Bu müzakirələrə milli komanda ilə bağlı ölkə futbolunda iki partiyanın müzakirəsi, mübarizəsi, müdafiəsi və.s, və. i hansı adı istəsəniz qoya bilərsiniz.

Bəli, iki partiyanın - AFFA yönümlü və ona müxalif olanların müdafiə müzakirəsi!

De Byazi hazırkı AFFA rəhbərliyinin millimizin sükanı arxasına gətirdiyi neçənci baş məşqçi olduğunu yəqin ki, çoxumuz xatırlamırıq. Gələnlərin hamısı da millimizdə uğursuzluq yaşayıb. Arasında Almaniya ilə Avropa Çempionu olanı da olub, "Qarabağ"ı Çempionlar Liqasına kimi aparanı da. Gəl ki, Azərbaycan millisində bir zad eləmək mümkün olmayıb ki, olmayıb.

AFFA indi də Albaniya kimi millini Avropa Çempionatına aparan Canni De Byazini gətirib ki, bəs bizim milli ilə bir zad elə. Müxalifyönlü futbol adamlarımız bu milli ilə hansısa zadın əldə olunmasının mümkünsüz olduğunu, əsl problemin isə AFFA-da oturan "idarəçilərin" getməsində olduğunu hər gün, hər saat el-aləmə car çəkirlər.

Yumuşaq yerdə oturan futbol başbilənləri deyilən iradlara qulaq asmaq əvəzinə, öz zadlarını göndəriblər ki, gedib söhbətə başqa zaddan girin. Məsələn, deyin ki, De Byazi əla məşqçidi, ona şans vermək lazımdı, zamanla nəticə gələcək və.s, və i. Bir sözlə, Foqtsla başlayan və De Byazi ilə davam edən nağılları ustalıqla kütləyə zad edin. Ne vaxta kimi?

Mən də adım kimi bilirəm ki, De Byazi əla məşqçidir. Elə Qurban Qurbanov da əla məşqçidir. Heç Robert Prosineçki də pis deyildi. Amma aqibətləri necə oldu? Deməli, millimizdə çalışan məşqçilərdə günah yoxdur. Ayrı-ayrılıqda hər biri yaxşı mütəxəssisdirsə, deməli onların müzakirəsi bitmişdir!

Bizə pislər lazımdı, PİSlər!

Ölkə futbolunu bərbad günə qoyan PİSlər.

Ölkənin milli komandasını aylardı futbolsuz qalan Araz Abdullayevin ümidinə qoyan PİSlər.

Bölgə stadionların otlaq sahəsinə çevirən PİSlər.

Almaniyada akademiya açıb, Tovuzun, Gəncənin, Lənkəranın yolunu unudan PİSlər ...

Davam edək? Yox, qalsın, davamını da gedin futbolumuzu "idarə" edən və AFFA-nın lüks binasında oturan PİS-lərdən soruşun. Soruşun ki, bizim də bilmədiyimiz, futbolumuzun başına açdıqları və qatı hələ də açılmayan başqa hansı cinayətləri ediblər?

Xanoğlan İmanov

Xəbər Lenti