Niyə getmirsən, Qara Qarayev?

5 Sentyabr 2020 12:44 Köşə 2 606
Niyə getmirsən, Qara Qarayev?

“Rəqibin 2 nömrəli futbolçusunu xüsusi vurğulamaq istərdim. O, çox yaxşı keyfiyyətlərə malikdir və əsl komanda oyunçusudur”.

Bu sözləri Lüksemburq millisinin futbolçusu Kristofer Martins UEFA Millətlər Liqasında Azərbayacana qarşı keçirəcəkləri oyundan öncə baş tutan mətbuat konfransında deyib.

Təxminən 10 gün əvvəl "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində rəqibi olan "Şerif"in baş məşqçisi isə "Qara Qarayev nəinki "Qarabağ"ın, hətta Azərbaycanın ən yaxşı futbolçusudur" demişdi.

"Şerif"in baş məşqçisi Zoran Zekiç Qara Qarayevi o qədər bəyənmişdi ki, hətta həm oyun öncəsi, həm də oyun sonrası mətbuat konfranslarında futbolçumuzdan söz açmışdı.

Bu hal artıq neçənci dəfədir yaşanır. Klub və milli səviyyəsində rəqiblərin baş məşqçisi və ya futbolçuları Qaranın oyununu xüsusi qeyd edirlər.

Deməli, Qarayev oyunlarda seçilə bilib və bu kənardakıların da diqqətini çəkir. Yəqin ki, onu heyətində görmək istəyən klublar da yox deyil. Hər halda bu qədər tərifin qarşısında ona maraq və təklifin olmaması inandırıcı görünmür.

Hər zaman futbolçularımızın ölkə xaricində normal karyera qurmasını arzulamışıq. Bəzən də özlüyümüzdə deyinmişik ki, "əşşi kim var ki, kimi də aparsınlar".

Görünür heç də belə deyilmiş. Bəzən seçilənlərimiz də olur, əcnəbi mütəxəssislərin rəğbətini qazananlar da. Bəs problem nədir? Məsələn, götürək elə Qaranın özünü - Niyə ölkədən getmirsən, Qara Qarayev?

Xanoğlan İmanov

Xəbər Lenti