Ondan sonra Ramin Musayevin AFFA-da nə işi?

3 Sentyabr 2020 10:56 Köşə 1 247
Ondan sonra Ramin Musayevin AFFA-da nə işi?

“Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov Avroliqada həvəskar komandaya məğlubiyyəti təcrübəsiz olmaları ilə əlaqələndirib.

Ağlım kəsəndən Vurğun Hüseynovu Azərbaycan futbolunda görmüşəm.

Çıxış etmədiyi komanda da yoxdur. Bu yay mənim 52 yaşım tamam olub. İndi Vurğunun neçə yaşının olduğunu özünüz tapın. Hələ də bu yaşda “təcrübəmiz yoxdur” deyirsə, vay Azərbaycan futbolunun halına.

Deməli, Vurğun hələ bir 10 il də təcrübə qazanmaq niyyətindədir. Sizcə, sonrakı 10 il ərzində təcrübəsizliyinə görə neçə penalti qazanacaq?

***
Deyilənlərə görə, AFFA prezidenti Rövnəq Abdullayev yaxınlarına elə belə də deyib: “Bir öyrənin görün, “Neftçi” ilə oyunda “Qalatasaray”ı almaq üçün nə qədər pul lazım olar”.

Onu da deyirlər ki, AFFA-nın birinci-vitse prezidenti Elxan Məmmədov qaqulyaları başına yığıb Rövnəq müəllimin bu göstərişinə lağ edirmiş. Belə deyirlər ki, Elxan müəllim də elə belə deyib: “Bu adam bütün dünyanı gəzib, amma hələ də “sivil alver”in yolunu öyrənə bilmədi. Elə axıra qədər də hozu qalacaq”.
***
Azərbaycanın futbol ictimaiyyəti narahatdır. Nədən? Ramin Musayevin nə vaxt PFL prezidenti seçiləcəyindən. Azərbaycanın futbol ictimaiyyəti AFFA-da indiyə qədər seçki görməyib.

Ramin Musayevin himayəçisi Rövnəq Abdullayev də AFFA prezidenti seçilməyib heç vaxt, təyin edilib həmişə. Bəs bunu bilə-bilə, Azərbaycanın futbol ictimaiyyəti niyə narahat olsun ki?

Yəqin ki, nəsə damıb ürəklərə, dalaqlar sancıb. Ola bilsin ki, yaxın günlərdə Rövnəq Abdullayevin fərmanı verilsin. Ondan sonra Ramin Musayevin AFFA-da nə işi. Ürəklərə nəsə damıb, dalaqlar sancıb....

Natiq Muxtarlı

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”