Təşəkkürlər, "Sumqayıt"!

29 Avqust 2020 22:40 Köşə 2 514
Təşəkkürlər, "Sumqayıt"!

Avropa Liqasında klublarımızın ilk oyunlarından gözləntilərim nəticə baxımından doğruldu. "Neftçi" növbəti mərhələyə adladı, "Keşlə" penalti seriyasında uduzdu, "Sumqayıt" isə əsas vaxtda turnirə vida etdi. Gözləmədiyim məqam "Neftçi"nin zəif oyunu idi...

Rusiyada paltardayişmə otağında Ceyhun Sultanovun "Bu "Arsenal" London deyil, Tuladı" sözləri futbolçularımıza inanılmaz motivasiya verdi. Flaqman fantastik oyun sərgiləyib özündən xeyli güclü "Arsenal"ı səfərdə uddu. Bakıdakı matç isə komandamızın böyükhesablı qələbəsi ilə bitdi. Hamı "Neftçi"ni ən azı Avroliqanın qrupunda görürdü. Amma növbəti mərhələdə bakılılar nəinki "Arsenal"dan, özündən də xeyli zəif rəqibə uduzdu.

Bu məqamı elə-belə xatırlamadım. Əsas oyun yox, nəticədi. Pandemiya səbəbindən bu ilk ciddi rəsmi oyunumuz idi. Təbii ki, futbolçular ideal formasından uzaqdılar və oyundan oyuna irəliləyiş müşahidə edəcəyik. Amma bu irəliləyiş "ağ-qaralar"ı hara kimi apara bilər?

"Neftçi" illər öncə Avropa Liqasında qrupa düşən ilk Azərbaycan klubu olub. İndi maksimum həmin nəticəni təkrarlamaq olar. Hərçənd səmimi deyim ki, mən heç buna da inanmıram. Bəs bundan qazancımız nə olacaq?

Mənə görə heç nə! Bəs bu qədər pul xərcləyib heyət qurmağa, legionerlər gətirməyə ehtiyac varmı? Birmənalı şəkildə yox! "Neftçi" kimi klub akademiyasında yetişən futbolçularla ad çıxarmalı, futbolumuza fayda verməlidi, avrokubokda bir-iki mərhələ keçməklə yox! Ümumiyyətlə, nəinki "Neftçi", bütün klublarımız bu strategiyanı seçməlidi.

Məqsəd qitənin yeganə sanballı turniri ÇL-də qrupa düşmək və daha böyük zirvələr fəth etmək deyilsə. Bu mənada avrokuboklarda debüt edən "Sumqayıt"ı təbrik etmək olar. Həm debütünə, həm də daha çox yerli futbolçulara güvəndiyinə görə.

"Gənclik şəhəri"nin komandası güclü rəqibə qarşı sıradan yerli futbolçularla çox yaxşı mübarizə apardı. Futbolun yazılmamış qanunları var. Bu qanunlardan biri də hakimlərin meydan sahiblərinə ən azı yüngül simpatiyasının olmasıdı. Təəssüf ki, qazaxıstanlı hakimlər təcrübəsiz debütanta münasibətdə amansız davrandı və iki penalti ilə məğlub olduq. Kənardan belə təəssürat yarandı ki, "Sumqayıt" rəhbərliyi hakimlərlə işləməyib.

"İşləmək" deyəndə onlara rüşvət vermək nəzərdə tutulmur. Onsuz da hamı bilir və heyətindən də görünür ki, bu klubun maliyyə durumu avrokuboklarda iştirak üçün yetərsizdi. Amma ən azı hakimlərə xüsusi diqqət və qayğı göstərilməlidi ki, onlarda meydan sahiblərinə müəyyən simpatiya yaransın. Bəlkə bizimkilər bu münasibəti göstərib, sadəcə, qazaxıstanlılar "hissiyyatsız" imiş, bəlkə də təcrübəsizlikdən bu məqama diqqət yetirilməyib, amma istənilən halda "Sumqayıt"a və klubu bu yerə gətirən gənc prezident Riad Rəfiyevə təbrik düşür.

Nəhayət, bu mərhələdə ən böyük üzüntüyə səbəb olan "Keşlə" haqda yazmışdım ki, Tərlan Əhmədovun Yunis Hüseynova qoyduğu miras qibtəolunası deyil. Oyun bu fikri tam təsdiqlədi. "Keşlə"nin istər yerli oyunçularının, istərsə də legionerlərinin ustalıq səviyyəsi arzuolunandan çox aşağıdı. El dili ilə desək, "ayaqları top turmur". Təsadüfi deyil ki, komanda bütün oyunu hücumda keçirsə də və dəfələrlə qol vəziyyəti yaratsa da, hesabı aça bilmədi. Çoxları Yunis Hüseynovu qınasa da, mən bu fikirlə tam razı deyiləm. Onun məşqçi kimi ən böyük üstünlüyü komandaya motivasiya verməsidi ki, bunu da etmişdi. Zatən Yunis Hüseynovun güclü taktik, strateq, analitik olmadığı çoxdan bəllidi. Amma futbolçuların ustalıq səviyyəsinin aşağı olması və insafla etiraf edək ki, bəxstsizlik "Keşlə"nin azlıqda qalan rəqibi udmasına mane oldu.

Yunis Hüseynovun ən böyük səhvi isə məncə, oyundan əvvəl komandanı penaltilərə hazırlamaması idi. Ən yaxşı penalti vuranlar əvvəldən seçilməli və siyahı tərtib edilməli idi.

Beləcə, bütün klublarımız avrokubok mövsümündə ilk oyununu keçirdi. "Neftçi"nin AL, "Qarabağ"ın isə ÇL qrupuna çıxacağına inanmıram. Hətta ola bilər ki, heç "Qarabağ" da AL-in qrupuna yüksələ bilməsin. Yüksəlsə belə, bunu uğur kimi qələmə vermək uşaq başı aldatmaq olar. Yeganə uğur ÇL-in qrupu ola bilər! Buna da heç inanmıram.

Bu mənada mənə görə cari mövsüm avrokuboklarda futbolumuzun gələcəyi üçün yeganə faydalı iş görən sumqayıtlılar oldu. Səmimi "çox sağ ol" düşən tək klubumuz da "Sumqayıt"dı!

Anar Şabanoğlu

Xəbər Lenti