Bizim Kamran Ağayev!

29 Avqust 2020 13:54 Köşə 2 318
Bizim Kamran Ağayev!

Kamran Ağayev təxminən ilyarımlıq fasilədən sonra böyük futbola qayıtdı. 34 yaşlı qapıçı bir neçə gündür "Səbail"in heyətində məşqləri bərpa edib.

Buna görə, həm də Aftandil Hacıyevə böyük çox sağ ol düşür. Ki, hər kəsin susduğu, özünü kənara çəkdiyi məqamda məhz o, belə bir şansı Ağayevə verib.

Amma bu qayıdış heç də birmənalı qarşılanmadı. Qərarı gecikmiş sayanlar, təcrübəli qapıçını hazırkı vəziyyətə düşməsinə görə qınayanlar da oldu. Müəyyən kütlənin Kamrana qarşı olan aqressiyası başadüşüləndir. Çünki Kamranın hazırda Kiprlə ağır görüşə hazırlaşmasını gözlədikləri halda o, hələ indi "Səbail"də forma yığmaq üçün məşqlər edir. Həm də 34 yaşında ...

Düz vurğulayırlar ki, "Kamran nə edibsə, özü-özünə edib". Bəli, nəinki Kamran, ümumiyyətlə, hər bir bəşər övladı nə edirsə, özünə edir. Ağayevin də bir zamanlar buraxdığı səhvlər onu millinin bir nömrəsindən və "Boavişta"nın əsas heyətindən autsayder "Keşlə"yə, oradan da 18 aylıq "ev dustaqlığına"na apardı.

Amma o, gec olsa da qayıtmaq üçün özündə güc, iradə tapa bildi. Bu qərarı isə sadəcə alqışlamaq lazımdır. Futbolsuz qalmaq öz günahıdısa, bunu özü özünə qarşı etmiş zərər idi. İndi isə qayıdışı ilə özünə yaxşılıq etmiş oldu. Bunu təkcə özünə də yox, həm də ölkə futboluna edilən yaxşılıq kimi dəyərləndirmək olar.

Hər halda təcrübəli qapıçı formasını bərpa etsə, yəqin ki, yenə MİLLİMİZİN bir nömrəsi olacaq.

Əksəriyyət Şahruddin Məhəmmədəliyev və Mehdi Cənnətovun milli komandaya çağırılmasını qıcıqla qarşıladı. Kamranlar olsa, adıçəkilənlərin də əsas milliyə yolu bağlanar.

Mənim üçün tənbəl, intizamsız, lap elə qocalmış Kamran belə Mehdidən, Şahruddindən üstündür. Sonda bizə qalan elə Kamran olacaq.

Ruslan Qurbanovun klubsuz qalmaq ehtimalı yaranan ilk günlərdəcə "Azərbaycan vətəndaşlığından çıxmaq haqda fikirləşirəm" deməsi heç də uzaq tarix deyil.

Ruslandan dəfələrlə artıq milli komandaya faydası dəyən, xidmət edən Ağayevi bu müddətdə bircə dəfə milli üçün etdiklərinə peşman olduğunu deyən gördünüzmü?

Səhvli-düzlü, intizamlı-intizamsız o bizim Kamrandır. Bizlər Kamran Ağayevə sahib çıxmalıyıq, dəstək olmalıyıq. "Özü özünə edib" deyə-deyə daha da məhv olmağa qoymamalıyıq. O, bizim millinin əvəzedilməzi olub. İndi də onun güvən yeri bizlər olmalıyıq. Elə bizə qalan da bu birlik, bu sədaqət olacaq. Tez qayıt, bizim Kamran!

Xanoğlan İmanov

Xəbər Lenti