Niyə "Keşlə" yox, "Neftçi" yox, məhz "Sumqayıt"? - FOTOFAKT

28 Avqust 2020 12:44 Köşə 2 186
Niyə "Keşlə" yox, "Neftçi" yox, məhz "Sumqayıt"? - FOTOFAKT

Dünən Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Sumqayıt" doğma meydanda Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edirdi.

Avrokuboklarda debüt edən "kimyaçılar" uğursuzluqla üzləşdi. Qonaqlar vurduqları 2 dəqiq penalti zərbəsi ilə qələbə qazandılar. Əslində belə olacağı da gözlənilən idi.

Daha irihesablı məğlubiyyətin olmamasına görə, "Sumqayıt" rəhbərliyi Ayxan Abbasova minnətdar olmalıdır. Məhz onun zəhmətli sayəsində, zülümlə yığılan sınıq-salxaq heyət sona kimi əzmkarlıqla mübarizə apardı.

Hər halda dünənki "Sumqayıt"ın başında Ayxan müəllim yox, Yunis Hüseynov, Füzuli Məmmədov kimi mütəxəssislər olsaydı yəqin ki, nəticə daha acınacaqlı olacaqdı.

Koronavirusa görə, azarkeşsiz keçirilən oyunda gözləniləndən daha çox qonaq vardı. Eyni gündə "Neftçi" və "Keşlə"nin də meydana çıxmasına baxmayaraq, bir çox tanınmış futbol adamları Bakıdakı görüşlərə getməyi yox, məhz Sumqayıta qonaq gəlməyi üstün tutmuşdular.

Aralarında diqqətimi daha çox çəkən isə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də oyunu izləyənlər arasında olması idi. Görəsən, onları bura gətirən qüvvənin adı nə idi? Niyə "Keşlə" yox, flaqman "Neftçi" yox, məhz "Sumqayıt? Olmaya düşünmüşdülər ki, biz tribunada olsaq, dəstəyimizi göstərsək Ali Qurbani, Adem Hemati, Elvin Bədəlov kimilər şirə dönəcək?

Yox, cənablar yanılmısınız. Uğurlu nəticə üçün dünən Sumqayıta gəlmək və "Sumqayıt"ın yanında olmaq lazım deyildi. Azərbaycan Premyer Liqası başa çatdırılanda - "kimyaçılar"ın Avropa Liqasına gedəcəyi dəqiqləşəndə "Sumqayıt"ın yanında olmaq lazım idi. Komandada yarpaq tökümünün babası yaşananda komandanın yanında olmaq lazım idi. Komandadan 10-dan artıq futbolçunun ayrılmasına rəğmən, Ayxan Abbasov cəmi 2 yeni transferlə Qəbələ toplanışına gedəndə komandanın yanında olmaq lazım idi.

Dünən "Sumqayıt"ın yanında olmaq ən lazımsız iş idi. Ki, siz də bu işi tutmuşdunuz. Həm də utana-utana, xəcalət çəkə-çəkə. Belə olmasaydı, hər kəsdən uzaqda gizli-gizli, oğrun-oğrun oyunu izləməzdiniz. Utandığınızdan heç klub prezidenti Riad Rəfiyevlə oyunu bərabər izləməyə də ehtiyac görmədiniz. Dünənki oyuna ölkə futbolunu idarə etdiyiniz kimi tamaşa etdiniz. Bir tindən Elxan Məmmədov baxırdı, digər tindən Ramin Musayev. Rəfiyev də tək-tənha ortada qalmışdı. Eynən "Sumqayıt"ın yetimcəsinə ortalıqda qalması kimi ...

Xanoğlan İmanov

Xəbər Lenti