"Qarabağ"dan estafeti kim(lər) alacaq?

27 Avqust 2020 12:30 Köşə 1 344
"Qarabağ"dan estafeti kim(lər) alacaq?

“Qarabağ”ın "Şerif"i udacağına şübhə etmək üçün heç bir ciddi əsas yox idi.

Bu oyun komandamızın gələcəyi üçün də faydalı olacaq. Çünki ikinci qoldan sonra futbolçularımızın işin bitdiyini düşünüb sakitləşməsi azlıqda qalan rəqib qarşısında çətin anlar yaşatdı.

Növbəti rəqiblər, təbii ki, moldavanlardan qat-qat güclü olacaq və belə məsuliyyətsizliyi bağışlamayacaqlar. Qapımıza endirilən bəlkə də yeganə zərbənin qolla nəticələnməsi də sosial şəbəkələrdə və ürəklərdə kütləvi "niyə Emil yox, Şahruddin" sualını gündəmə gətirdi.

Yəqin Qurban Qurbanov da qarşıdakı avrokubok sınağında qapıçı seçimində yüz ölçüb, bir biçəcək. Diqqətimdən qaçmayan bir başqa məqam Miçelsiz "Qarabağ"ın həm hücumda, həm də müdafiədə "ikinci mərtəbə"də "başsız" qalması idi. Bu problemin həlli üçün yeni transferlərə ehtiyac var.

Ümumiyyətlə, yalnız dediyim məsələyə görə yox, qarşıda ciddi hədəf varsa, Ndlovu və ya Reynaldonun yaxşı vaxtlarındakı kimi hücumçuya, yarımmüdafiədə Almeydanın yaxşı vaxtlarındakı kimi "motor"a, Pedro kimi rəqibi daim səksəkədə saxlayan kreativ futbolçuya ehtiyac var.

Əlbəttə, müdafiə və qapı xətti də güclənsə, yaxşıdı. Amma ilk növbədə hücuma və yarımmüdafiəyə futbolçular alınmalıdı. Təbii ki, hədəf ÇL-in qrupudusa. Avropa Liqası isə artıq keçilmiş mərhələdi.

Məncə, artıq azarkeşlər də bu turnirdən doyub. Buna görə AL-in qrupu ilə nə kimsəni təəccübləndirmək olar, nə də bunu uğur kimi qələmə verməyə dəyər. "Qarabağ" adı AL-in yox, ÇL-in qrupunda daim səslənməlidi!

Avroliqa qitədə bəzən ciddi turnir kimi qəbul olunmasa da, hər halda, "Neftçi"nin növbəti dəfə qrup mərhələsinə yüksəlməsinə etiraz etmərik. Flaqmanın başqa komandalarımızla müqayisədə püşkdə bəxti gətirib. Bukmekerlər də "ağ-qaralar"ı aşkar favorit sayır. Mənə görə də "Şkupi" ilə oyunda böyükhesablı qələbəyə rahat ümid edə bilərik.

"Qocaman" "Neftçi"dən fərqli "Sumqayıt" ilk dəfə qitəmiqyaslı yarışda özünü sıyacaq. Əslində Suqayıt kimi futbolçu konveyeri olan şəhərin ilk dəfə avrokuboklarda oynaması çox qəribə faktdı.

Ömrü boyunca bu günü həsrətlə gözləyən yerli azarkeşlər, təəssüf ki, pandemiya səbəbindən sevimli komandalarına dəstək verə bilməyəcəklər. "Sumqayıt"ın bir başqa və mənə görə daha çox bəxti gətirmədiyi məqam püşkdü.

"Şkupi"dən fərqli "Şkendiya" çox güclü və ciddi rəqibdi. Amma sonuncu ölən ümidlərdi. Bəlkə də "Sumqayıt"ın hətta Azərbaycanda az qala heç kimin tanımadığı ortabab futbolçuları karyeralarında bir daha belə şans ələ düşməyəcəyini dərk edib, möcüzə törədə.

Hər şey cəmi bir oyunda, bu gün, burda - doğma meydanda həll olunur. Bu səbəbdən "Sumqayıt"ı hesabdan silmirəm və komandamızdan möcüzə gözləyirəm.

Nəhayət, ölkə səviyyəsində ən zəif büdcəsi olan klublardan biri "Keşlə"nin şansları haqda. Zaur Axundovu kim sevsə də, sevməsə də, adam az pulla çox iş görməyi bacarır.

Heç kimin gözləmədiyi halda Yuri Maksimovla kuboku başı üzərinə qaldıran komandanın "Sumqayıt"dan fərqli avrokubok təcrübəsi də var. Rəqib də "Şkendiya" kimi keçilməz görünmür. Amma "Keşlə"nin özündə bir təhlükəli məqam var - Tərlan Əhmədovun qoyub getdiyi heyət.

Məsələ burasındadı ki, "Laçi"ni keçəcəyi yetərincə şübhə doğuran bu mübahisəli heyətin təməlini Tərlan Əhmədov qoyub. Amma yenə də UEFA kubokunda ilk dəfə mərhələ keçən Azərbaycan klubuna rəhbərlik etmiş Yunis Hüseynovun məşqçi istedadı sayəsində albanları udacağımıza inanıram.

Psixoloq kimi ölkədə bəlkə də Əhməd Ələsgərovdan sonra ən yaxşı məşqçi olan Hüseynov "Karvan"la tarix yazmışdısa, bu dəfə də ondan nəsə gözləməyə dəyər.

Sonda bütün hissləri kənara qoysaq, "Neftçi"nin yüzdəyüz və rahatlıqla növbəti mərhələyə yüksələcəyini, "Keşlə" və xüsusən "Sumqayıt" üçün isə çox ağır oyunlar olacağını proqnozlaşdırıram. İstənilən halda hər üç klubumuza uğurlar! Top yumru, meydan düz olsa da, bu meydan bizimdi!

ANAR ŞABANOĞLU

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”