"Qarabağ"ı gözləyən çətinliklər

19 Avqust 2020 13:54 Köşə 2 959
"Qarabağ"ı gözləyən çətinliklər

"Qarabağ" dünən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniya klubu "Slikes"i 4-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi.

Püşkün nəticəsi açıqlanan kimi əksəriyyət bəxtimizin gətirdiyini düşünürdü. Amma koronavirus pandemiyasına görə, "Qarabağ"ın 5 aydan artıq müddət rəsmi görüş keçirməməsi və təsnifat mərhələlərinin 1 görüşdən ibarət olması müəyyən narahatlıq yaradan səbəblər idi.

Ancaq "Qarabağ" təcrübəsi və heyətdəki səviyyəli futboçuların hesabına müsbət nəticə qazanmağı bacardı.

Qısaca onu deyək ki, rəqib yalnız ilk 10 dəqiqədə və 60-cı dəqiqədən sonrakı 5-6 dəqiqə ərzində ölkə çempionumuza qarşı nəsə etmək istədi. Oyunun qalan bölümlərində isə ağdamlılar çox rahatlıqla meydanda istədiklərini həyata keçirə bildi.

Oyun ərzində yaşananlara gəlidikdə, "Qarabağ" ilk ciddi hücumundaca istəyinə çatdı. Xayme Romero mərkəzdən özü başladığı hücumu elə özü də məntiqi sonluğa çatdıraraq hazırkı mövsüm avrokuboklarda ilk qolumuzu vurdu.

Qola kimi komandamız ciddi nə iləsə yadda qalmağı bacarmamışdısa, bunun fonunda "Sileks" Şahruddinin qoruduğu qapıya təhlükəli zərbə endirməyə imkan tapmışdı.

Məhz Xaymenin qolundan sonra sanki "Qarabağ" ayıldı. Bundan sonra meydanda daha rahat oynayan "Qarabağ" gördük və təhlükəli epziodlar da ard-arda gəlməyə başladı. Öncə Ozobiçin baş zərbəsi tirdən qayıtdı. Maksim Medvedevin təkar zərbəsi çox təhlükəli olsa da çərçivədən yan keçdi.

Bundan sonra meydanda uzun müddət sakitlik hökm sürdü. Bu sakitliyi bir də 39-cu dəqiqədə Donald Gerye pozdu. Haitili əcnəbi müdafiəçi rəqib qapıçının kobud səhvindən sonra fərqi 2 topa çatdırdı. Buna kimi isə Maksimin cərimə zərbəsindən vurduğu zərbə rəqib qapısında təhlükə yaratmışdı. İlk hissə bu hesabla başa çatdı.

İkinci hissəyə "Qarabağ" təhlükəli hücumlarla başladı. Öncə Zubir Ozobiçin ötürməsindən sonra fərqləndi. Amma epizodun əvvəlində Mahirin rəqibə qarşı kobud oynaması, qolun hesaba alınamamasına səbəb oldu. Cəmi 2 dəqiqə sonra Ozobiçin növbəti ideal ötürməsinə son anda rəqib müdafiəçi ayaq qoydu. Əks təqdirdə Mahir Emreli topu boş qapıya vuracaqdı.

"Qarabağ"ın təzyiqi çox çəkmədi ki, öz bəhrəsini verdi. Elə bu hücumun davamında künc zərbəsindən Matiçin cərimə meydançasına havalandırdığı topa öncə Xaymenin sonra Geryenin baş qoyması ilə top qapı toruna qovuşdu. Bu qol "Sileks"i tam olaraq çökdürdü.

Oyunun qalan bölümü ərzində yalnzı 60-cı dəqiqədən sonra rəqib bir qədər fəallaq göstərə bildi. "Sileks"in oyun ərzində ən təhlükəli epizodları da bu dəqiqələrə təsadüf etdi İlk öncə rəqibin 7 nömrəsi zərbə vurmağa imkan tapsa da, top qapı torunu yandan silkələdi. Növbəti hücumda rəqib futbolçunun zərbəsini Şahruddin son anda qapı xəttindən çıxarmağa nail oldu. Bu həm də Şahruddinin görüş ərzində oyuna ciddi müdaxiləsi kimi saya biləcəyimiz yeganə epizod oldu desək, yəqin ki, yanılmarıq.

75-ci dəqiqədə "Qarabağ" kapitanını itirdi. Belə ki, rəqib futbolçu ilə mübarizədə yerdə alan Maksim oyuna davam edə bilməyincə, xərəkdə meydançadan çıxarıldı. Medvedevi Abbas Hüseynov əvəzlədi.

Bu hadisədən cəmi 5 dəqiqə sonra - 80-cı dəqiqədə Mahir Emreli Filip Ozobiçin ideal ötürməsini qola çevirdi. Bu həm də oyunda son qol oldu.

Beləcə "Qarabağ" Çempionlar Liqasının ilk təsnifat mərhələsini darmadağınla geridə qoydu. Rəqibin gözləniləndən də zəif olması "Qarabağ"ın potensialını tam qiymətləndirməyə imkan vermədi. Ağdamlılar ölkə çempionatında "Səbail"ə, "Zirə"yə qarşı daha çox əziyyət çəkirdi, nəyin ki dünən "Sileks"ə qarşı.

Ancaq ümumilikdə götürsək çempionumuz oyunu ilə gələcəyə ümid verdi. Uzun müddətli fasiləyə və rəsmi görüşlərin baş tutmamasına rəğmən, komanda öz dəsti-xəttinə sadiq qalaraq, oyun nizam-intizamını qoruyub saxlamağı bacarıb. Sadəcə daha sürətli oynamaq olar ki, bunun da zamana ehtiyacı var.

Mövqelər üzrə futbolçulara diqqət yetirəsi olsaq, qapı mövqeyi ilə bağlı narahatlıq davam edir. Düzdü, Şahruddin dünən hansısa səhvi ilə yadda qalmadı və oyunu qol buraxmadan başa çatdırdı. Ancaq unutmayaq ki, rəqib də o qədər təhlükəli hücumlar yarada biləcək potensialda deyildi. Ciddi rəqiblərlə görüşdə Şahruddinə güvənmək, odla oynamaq kimi bir şeydir.

Müdafiə dörtlüsünə diqqət etsək, bir qədər axsayan bənd kimi Maksimi qeyd edə bilərik. Yeni transfer Medina ilk görüşdəcə xoş təsir baxışladı. Əcnəbi futbolçunun mövqe seçimi, bəzi epizodlarda məsuliyyəti üzərinə götürüb irəli çıxması soyuqqanlığından xəbər verir. Mənfi məqam kimi ləngliyini önə çəkə bilərik. Cüssəli futbolçunun sanki artıq çəkisi varmış kimi görünürdü. Sürətli rəqiblərə qarşı oyunlarda bu lənglik problem yarada bilər.

Donald Gerye isə deyəsən, ötən günlərini xatırlatmağa çalışır. Sol cinahda Zubir gözlənilən kimi oynamasa da, Geryenin fəallığı cinahdakı balansı qoruyurdu. Vurulan iki qol isə haitili futbolçu üçün qarşıdakı oyunlar öncəsi özünəinam baxımından çox faydalı olacaq.

Oyunun ən fəallarından biri isə sözsuz ki, Xayme Romero idi. Sol cinahın əksinə olaraq burada cinah müdafiəçisi Maksim ispaniyalıya yetəri qədər köməklik göstərə bilmirdi. Əks təqdirdə Xaymenin faydalıq əmsalı daha da yüksək ola bilərdi.

Orta xəttdə yeni transfer Matiç öz səviyyəsini ortaya qoymağı bacardı. İlk rəsmi görüşü olmağına baxmayaraq 8 nömrə meydanda çox sərbəst hərəkət edirdi. Stadart vəziyyətlərdə də komandaya fayda verməyi bacardı. Onun duran topdan göndərdiyi iki ötürmə qolla nəticələndi. İndidən demək olar ki, Miçelin yoxluğu komandada hiss olunmayacaq. Amma Matiçin bundan da yaxşı forma yığacağı, performans göstərəcəyi gözləniləndi.

Filip Ozobiç zədədən sonra öz formasını qismən bərpa etməyi bacarıb. Bir neçə rəsmi görüşdən sonra yəqin ki, öyrəşdiyimiz Ozobiçi görə biləcəyik. Amma istənilən halda dünən meydanda olan ən yaxşılardan biri də Filip Ozobiç idi. Xüsusi ilə zərgər dəqiqliyilə verdiyi ötürmələr komanda üçün böyük əhəmiyyət kəsb edirdi. Məhz belə ötürmələrdən biri Mahir Emrelinin zərbəsi ilə tora qovuşdu.

Qara Qarayevin yoxluğunda əsas heyətdə yer alan İsmayıl İbrahimli özünü heç də pis göstərmədi. Amma istedadlı futbolçu oyun ərzində bir neçə dəfə təhlükəli zonada top itkisinə də yol verdi. Növbəti görüşlərdə belə səhvlərə yer yoxdur. "Sileks" belə imkanları boş verdisə, azacıq təcrübəli komandalar bunu bağışlamayacaq.

Hücum xətti komandanın ən yaralı yeridir. "Qarabağ" bu zonada Mahir Emrelinin ümidinə qalıb. Keçmiş "Bakı"lı isə vurduğu qola rəğmən meydanda istəniləni verə bilmədi. Ehtiyatda layiqli əvəzləyici olsaydı, yəqin ki, Mahir ən geci 60-cı dəqiqədə əvəzlənəcəkdir.

Bütün çatışmazlıqlara rəğmən komanda növbəti mərhələyə yüksəlməyi bacardı. Hazırkı məqamda bu çox vacib məqamdır. Ancaq unutmayaq ki, getdikcə qarşımıza daha sanballı rəqiblər çıxacaq. Belə olan halda bu heyətlə ciddi uğur qazanmaq çətin görünür.

Hər halda bu futboldu, bunun zədələnmək, cəza almaq kimi ehtimalları var. Komandanın istənilən mövqeyində qərar tutan futbolçu bu hallardan biri ilə qarşılaşsa, Qurban Qurbanov çətin durumda qalacaq. Çünki ehtiyatda nə Mahiri, nə Xaymeni, nə də Geryeni heç 60-70% belə əvəzləyəcək gücə sahib futbolçu yoxdur. Qurban Qurbanov da mətbuat konfransında dolayısı ilə bu durumdan narahatlığını ifadə etdi. Ümid edək ki, pandemiyanın yaratdığı çətinliklərə rəğmən komanda ən azı 2 yeni futbolçu transfer edə biləcək. Qruplara gedən yolda bu çox əhəmiyyətli rol oynayacaq.

Xanoğlan İmanov

Xəbər Lenti