25 baş De Byazi

17 Avqust 2020 16:56 Köşə 2 472
25 baş De Byazi

Fikir verməyin, hələ ağzı isti yerdədir.

Hələ bizi yaxşı tanımır, mentalitetimizə bələd deyil.

Ona görə də belə arzuya, istəyə düşüb. Əmi canı, çox yox, cəmisi bir aydan sonra ağıllanacaq. Bir aydan sonra müsahibə versə, kababı tərifləyəcək. Hə, onda əmin olacaqsınız ki, artıq o da bizdən biridir.

Arzuya bax ey, 25 baş De Byazi. Azərbaycanlı futbolçular arasında. Vallah, billah, arzu, istək olanda nə olar, adam bu arzunun, istəyin yekəliyindən də heyrətə düşür.

A kişi, Berti Foqts sərasər 7 il çalışdı, bircə baş alman da yetişdirə bilmədi. Özü də kababımızı heç vaxt tərifləmədi. Elə hey sosika və pivəni mədh etdi. Yəni alman olaraq qaldı.

Alman nədir ey, Prosineçki heç bir baş xorvat da əmələ gətirə bilmədi burda. 25 baş italyan ey!!! Azərbaycanlılarda 5 baş bir yerdə olanda da hərə bir cür düşünür.

İndi bu italyan 25 başı eyni cür düşünməyə necə məcbur edəcək? Yox, mümkün deyil. İtalyandır də, bunu o da bilməsə, biz özümüz bilirik axı.

And olsun Allaha ki, Elxan Məmmədovun De Byazinin qarşısına qoyduğu hazır siyahıda adları olan futbolçular bir-birlərinə zəng edib şaqqanaq çəkərək gülüblər, ələ salıblar bu italyanı. İtalyanları bir növ bizə bənzədirlər.

Deyirlər ki, onlar da çılğındırlar, bir az da intizama meyilli deyillər. Amma bu zalım uşaqları futbol meydançasında olduqca intizamlıdırlar axı. Futbolu necə oynamağı yaxşı bilirlər.

Deməli, başları yaxşı işləyir, sadəcə, istiqanlı olduqları üçün bir balaca bizə bənzəyirlər. Bizim qanımız istiliyinə görə italyan qanına yaxındır. Başımız isə əsla. Onu əldən vermərik. O başın bənzəri yoxdur.

Maraqlıdır, görəsən De Byazi kababı ilk dəfə Bakının hansı restoranında dadacaq? Özü də qabırğa kababını. Əmi canı, darıxmayın, cəmisi bir aydan sonra bizlərdən biri olacaq.

Ya da italyan başını itirməmək üçün elə başını götürüb qaçacaq bu italyan. Amma əmin olun, arzusu, istəyi uzun müddət lətifə kimi danışılacaq Azərbaycanda.

Natiq Muxtarlı

Xəbər Lenti