Ümidləri gül açanlar, Rövnəq Abdullayevə sual verin ki…

14 Avqust 2020 12:44 Köşə 2 203
Ümidləri gül açanlar, Rövnəq Abdullayevə sual verin ki…

Hələ də müəyyənləşdirə bilmirəm ki, biz nə təhər millətik.

Ya reallıq hissimiz yoxdur, ya dünyadan bixəbərik, ya arsızıq, ya özümüzü hamıdan ağıllı hesab edirik, ya avamgunayıq, ya da...

Hər nəyiksə, həm də bir az məzəliyik. Ya da heç məzəliyimiz yoxdur, sadəcə, məzəli görünürük. Özü də əcnəbilərin gözündə. Yadımdadır, özündənrazı alman Berti Foqts Azərbaycana gələndə hamımızın içində bir ümid işığı yanırdı:

Berti Foqts nüfuzundan istifadə edib hansısa azərbaycanlı futbolçunu Almaniya klublarından birinə calayacaq. Azərbaycan klublarında yalnız limit ucbatından meydana çıxmağı haqq edən azərbaycanlı futbolçunu ha.

Burdan-bura Gürcüstan, Rusiya, Türkiyə demirəm, heç Estoniya çempionatında da oynamağa layiq olmayan azərbaycanlı futbolçunu Almaniya klublarının heyətində təsəvvür edirdik.

Berti Foqtsun nüfuzunun futbolçu olmayanların yolunu açacağını düşünürdük. Elə bilirdik ki, Almaniya klubları qeyri-peşəkardırlar, məsələn, onların da rəhbərləri elə bizim Zaur Axundovdur.

Berti Foqts da bizim bu arzumuza gülümsəyirdi (bic-bic gülümsəməyi vardı axı). Nə isə.. Foqtsun nüfuzu bizim arzumuza məlhəm olmadı. Sonra inamımızı Robert Prosineçkiyə bağladıq. Dedik, heç olmasa hansısa futbolçumuzu Xorvatiya klublarına calaq edər.

Səhv etmirəmsə, bizə yazığı gəldi, bir nəfəri tanışları vasitəsilə göndərdi Xorvatiyaya. O da oralarda 5-6 ay pivə içdikdən sonra qayıtdı geri. İndi futbol oynayıb-oynamadığını da bilmirəm.

İndi də De Byazi gəlib. Pah, ümidimiz yenə də çiçək açıb. Güman edirik ki, De Byazi hansısa azərbaycanlı futbolçunu İtaliya klubuna pərçim edə biləcək.

Özünə də sual vermişik bu haqda. Yəqin ki, indi için-için gülür (onun bic-bic gülə bildiyini müşahidə etməmişəm, hələ ki).

De Byazinin gəlişi ilə ümidləri gül açanlar, icazə verin, mən də sizə bir sual verim? Bu yazıq De Byazi İtaliya klublarına hansı azərbaycanlı futbolçunu pərçim etsin?

Azərbaycanda futbolçu yetişdirilib ki, olsun da, hələ üstəlik, De Byazi onu İtaliya klublarına pərçim etsin də? Yaxşı olar ki, vəzifəsini bu-gün sabah itirəcək Rövnəq Abdullayevə sual verin.

Soruşun ki, SOCAR-ın AFFA-ya ayırdığı milyonlar hesabına bircə futbolçu da yetişdirmək niyə mümükn olmadı? Əgər Azərbaycanda futbolçu yetişdirilsəydi, nə Berti Foqtsa, nə Robert Prosineçkiyə, nə də De Byaziyə möhtac qalardız.

O futbolçunu Avropa klubları “dayı”sız da heyətə cəlb edərdilər. Siz Allah, De Byazi hansı azərbaycanlı futbolçuları İtaliyaya göndərəcək?

Natiq Muxtarlı

Xəbər Lenti